“Problem onda oldu ki...”
Ermənistan prezidenti Serj Sərkisyanın Latın Amerikası ölkələrinə konfuzlarla müşayiət olunan səfəri davam edir.
Sərkisyan Uruqvaya səfərini başa vuraraq Çiliyə yola düşüb. Uruqvayda o, yerli erməni icmasının nümayəndələri ilə görüşüb və onların suallarına cavab verib.
Sərkisyan Uruqvay ermənilərindən xahiş edib ki, Ermənistanın paytaxt Montevideoda səfirliyinin açılmasına kömək etsinlər. Belə ki, Ermənistan büdcəsi Uruqvayda səfirliyin açılmasına imkan vermədiyindən Sərkisyan erməni diasporunun ianələrinə ümid edir.
Uruqvay erməniləri isə Sərkisyana Ermənistanın boşalması və kütləvi mühacirət problemi barədə suallar veriblər. Cavabında Ermənistan prezidenti deyib ki, bu məsələ spekulyasiya predmetinə çevrilib.
Sərkisyan bildirib ki, Ermənistan müxalifəti bu məsələyə görə onu tənqid edir. Hansı ki, vaxtilə onlar hakimiyyətdə olanda da Ermənistandan mühacirət var idi.
Ermənistan prezidenti daha sonra əlavə edib ki, mühacirət məsələsi onun məsuliyyətindədir və bu məsələyə ağrılı yanaşır. Bununla belə sərhədləri bağlamaq və heç kimin ölkəni tərk etməsinə icazə verməmək də mümkün deyil. Sərkisyanın sözlərinə görə, keçmiş sovet respublikalarının əksəriyyəti bu probemlə üzləşib.
Görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı suallar da verilib. Sərkisyan deyib ki, Ermənistan Qarabağı “bütün mümkün vasitələrlə” dəstəkləyir. Lakin Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə gəldikdə Sərkisyan bildirib ki, Qarabağın danışıqlar prosesindən çıxması barədə qərarı o verməmişdi.
“Lakin mən həmişə bildirirəm ki, Qarabağ danışıqlar barədə məlumatlanmalıdır” - deyə Ermənistan prezidenti bildirib.
Sərkisyanın dediyinə görə, 2011-ci ilin iyun ayında Kazanda Ermənistan, Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlarda problem də məhz Qarabağın bu prosesdə iştirakı, razılaşmanı imzalayıb ratifikasiya etməsi məsələsi ilə bağlı olmuşdu.
Xatırladaq ki, Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə 3 ilə yaxın davam etmiş danışıqlar məhz Kazan görüşündə iflasa uğradı.
Əliyev-Medvedyev-Sərkisyan formatında keçirilən çoxsaylı görüşlərdən sonra tərəflərin münaqişənin nizamlanmasının baza prinsiplərini, yaxud Madrid prinsiplərini imzalamağa yaxın olduğu bildirilirdi və həlledici görüş Kazana təyin olundu. Lakin gözlənilən razılaşma baş tutmadı və o vaxtdan etibarən danışıqlar prosesi faktiki olaraq dayandırılmış vəziyyətdədir.
Belə məlum olur ki, Ermənistan prezidenti razılaşmadan qaçmaq üçün Qarabağın da həmin baza prinsiplərinin imzalanmasında tərəf kimi iştirakı məsələsini qoyub. Azərbaycan isə təbii ki, bu şərti qəbul edə bilməzdi.
Virtualaz.org