PUTİN VİDALAŞIR, AMMA HEÇ YERƏ GETMƏYƏCƏK! – Rusiya prezidentinin planı: “Konstitusiya mənəm!”

18-01-2020, 17:51   


Vladimir Putinin Rusiya Federal Məclisinə müraciətindən xeyli əvvəl də Kreml rəhbərinin 2024-cü illə bağlı hansısa planlar işləyib hazırladığı heç kimdə şübhə doğurmurdu. Ortada əsasən iki variant müzakirə olunurdu: 

Birincisi – Rusiya Konstitusiyasına görə, Putinin bir daha seçilmək hüququ olmadığı üçün, onun yerini kimin tutması məsələsiydi. Daha doğrusu, siyasi varisin kim olacağı sualına cavab axtarılırdı. 

İkinci varianta əsasən isə Konstitusiyada dəyişiklik edilməli və Putinin yenidən prezident seçilməsinin önü açılmalıydı.

Göründüyü kimi, Putin ikinci varianta yaxın, amma taktiki cəhətdən daha dolayı və çaşdırıcı yolu tutur. Başlıca məqsəd Konstitusiyanın dəyişdirilməsi və 2024-cü ildə yenidən hakimiyyətə yiyələnməkdir. Əsas məsələ hakimiyyət ierarxiyasındakı ən ali vəzifənin yeni adını və funksiyasını müəyyənləşdirməkdir. Bəllidir ki, bunun hansısa bir mexanizmi olmalıdır. Həmin mexanizm isə yalnız Konstitusiyaya yenidən “əl gəzdirməkdən” keçir.

Qeyd edək ki, Vladimir Putinin Federal Məclisdə söylədiyi nitq, gerçək məqsəd və niyyətin hələlik tam ortalığa çıxmamasına xidmət edirdi. Hər şey tədricən elə həyata keçirilməlidir ki, baş verənlər tam təbii axarıyla gedirmiş kimi görünsün. Kreml rəhbərliyi fikirləşir ki, qarşıda xeyli zaman var və 2024-cü ilə qədər inzibati resursları lazımi istiqamətdə səfərbər etmək və ictimai rəyi formalaşdırmaq üçün tam münbit zəmin yaratmaq mümkündür. Deməli, belə bir nəticə çıxarmaq olar: Putin demək istəyir ki, mən vidalaşıram, ancaq heç yerə getmirəm...

“Taxt-taca yapışmış Putin...”

2024-cü ilədək Rusiya prezidentinin nə edəcəyi və ondan sonrakı planları həmişə dünya mətbuatının diqqət mərkəzində olub. Lakin indiyədək bu məsələ ilə bağlı birmənalı fikir söylənilməyib. Çünki Rusiya elə ölkədir ki, orada hüquq dövlət başıçısının iradəsinə tabedir. Əslində bu, bütün Rusiya tarixi boyu belə olub. Dəyişən yalnız postun adıdır. Əvvəl çar, sonra baş katib, sonra da prezident... Ona görə də hamı Konstitusiyanın tələblərini bir kənara qoyaraq, maraqla Kreml rəhbərinin hansı addım atacağını gözləyirdi.



Hazırda sözügedən məsələylə əlaqədar xarici mətbuatda getmiş yazılar Rusiyadakı vəziyyətin kənardan necə izləndiyini və göründüyünü qiymətləndirməyə imkan verir. Böyük Britaniyanın “The Economist” jurnalının “Taxt-taca yapışmış Vladimir Putin hakimiyyətdə əbədi qalmağa hazırlaşır” başlıqlı məqaləsində deyiir: “Putin prezident, baş nazir, Dövlət Şurasının rəhbərimi və ya “bric” (kart oyunu) oynayanların milli assosiasiyasının sədrimi olacaq? Bu, heç də vacib deyil. İndi heç kim bilmir ki, yeni Konstitusiya yekun formada hansı şəkil alacaq. Özündən əvvəl gəlmiş despotlar kimi Putin də qərara ala bilər ki, yeni Konstitusiya vasitəsilə müddət məhdudiyyətini götürmək lazımdır. Və ya o, Si Çzinpinin 2018-ci ildə Çində etdiyini təkrarlayar, yəni seçilmək limitini ləğv edər (amma Putin deyir ki, bunu etmək istəmir). Si Çzinpin heç referendum keçirmək barəsində düşünmədi. Çinin xalq nümayndələr yığıncağında iştirak edənlər demək olar yekdilliklə onun qəbul etdiyi qərara uyğun səs verdilər (2964 nəfərin 2959 nəfəri qərarın lehinə səs vermişdi). Daha bir modeli Qazaxstan təklif edir. Belə ki, Nursultan Nazarbayev getməyinə gedib, amma aparıcı partiyanın lideri olaraq qalıb və həm də “millətin lideri” titulunu daşıyır...”

Almaniyanın “Der Spiegel” jurnalı isə “Vladimir Putinin planı - “Konstitusiya mənəm”” başlıqlı məqaləsində Rusiya məmur korpusunu maraqlı üslubda xarakterizə edib. ”Der Spiegel”yazır: ”Rusiya məmur korpusunu dəmir qırıntılarına bənzətmək olar. Necə ki, qırıntılar maqnitin güclü cəlbedici xətti üzrə sıralanırlar, bax elə Rusiyanın dövlət aparatı nümayəndələri də heç bir göstəriş almadan “hakimiyyət” adlanan həmin maqnit xəttin üzərində sıraya düzülüblər. Bəli, bu aparat xidmətçiləri onlardan nə tələb olunduğunu yaxşı analayırlar. Nəticədə yekdilliyi əks etdirən illüziya yaranır. İndi hələ ki, maqnit yalnız bir dənədir. Bəs əgər maqnitlər çoxalsa, onda nə etməli? Bu, həmişə bir məna daşıyıb - bütün hakimiyyəti Kremldə cəmləmək və rəqabət apara biləcək bütün hakimiyyət mərkəzlərini zərərsizləşdirmək lazımdır. Dəmir qırıntılarının yığıla biləcəyi yalnız bir maqnit sahəsi olmalıdır”. 

Kanadanın “The Globe and Mail” qəzeti də bu mövzuya toxunaraq, yazır: ”Heç şübhə yoxdur ki, cənab Putinin Konstitusiya ilə bağlı təklifləri qəbul ediləcək və baş nazir postu daha da güclənəcək. Konstitusiyaya görə, çənab Putinin prezidentlik müddəti məhduddur və 2024-cü ildə başa çatır. Beləliklə də o, daha nüfuzlu baş nazir postuna keçmək imkanı qazanır. Buna uyğun gələn modeli daha bir qeyri-liberal lider olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tətbiq edib. O, Türkiyə parlament idarəetmə sistemini prezidentlik sistemiylə dəyişərək, bu postu tutdu...”

”Putin ya yeni Romanovdur, ya da...”

İsveçin “Exspressen” qəzeti isə “İsveç Müdafiə Araşdırmaları İnstitutu”nun siyasi təhlükəsizlik məsələləri və Rusiya üzrə eksperti Karolina Vendel Pallindən götürdüyü müsahibəni dərc edib. Ekspert müsahibəsində deyib: ”Putinin Konstitusiyaya əlavələr etmək niyyəti və hökumətin istefaya göndərilməsi, əksəriyyət üçün gözlənilməz oldu. Putin tərəfindən irəli sürülən dəyişiklikəri nəzərə alsaq, bunlar həyata keçəcəyi təqdirdə, sistemin bütövlükdə necə görünəcəyini söyləmək çətindir. Biz hələ rusiyalıların səs verəəcəkləri bu əlavələrin nədən ibarət olacağını bilmirik. Əsas məsələ 2024-cü ildən sonrasıdır, yəni Putinin artıq indiki Konstitusiyaya uyğun olaraq, yenidən seçilmə hüququ ortadan qalxır. Onun çıxışının ikinci hissəsi xarici siyasət mövzusuna toxunurdu və buradakı başlıca vurğu Rusiyanın qüdrətli və suveren dövlət olmasından ibarət idi. Hətta o, söylədi ki, vətəndaşların rifahı Rusiya dövlətinin nə dərəcədə güclü olmasından asılıdır. Amma KİV-lərin daha az diqqət etdikləri məsələ, onun Rusiya Konstitusiyasının Rusiyanın daxil olduğu beynəlxalq müqavilələrin üzərində durduğunu söyləməsidir. Rusiyanın suverenliyi daha mühüm hesab edilir və bu, bir sıra suallar doğurur...”



ABŞ-ın “Forbes”jurnalı Rusiyadakı hadisələrin birjalara təsiri barədə yazır: “Putin ya yeni Romanovdur, ya da ki, Si Çzinpindir. İstənilən halda, əgər “Wall Street” Si Çzinpinlə əlaqədar narahat deyilsə, onda xarici investorlar Rusiyadan nigaran qalmayacaqlar. Axı Rusiya hələ ki, biznes üçün açıqdır və həm ABŞ, həm də Avropayla dinc işgüzar münasibətləri dəstəkləyir. Sözsüz ki, Putinin hakimiyyəti zəbt etməsini Vaşinqton bəyənməyəcək. Amma iqtisadi və xarici siyasətin ardığcıllığı təminat altına alınmış kimi görünür, çünki Putin hələ ki, hakimiyyət başındadır.”

İtaliyanın “La Stampa” qəzeti isə yeni oyun qaydalarını məhz Vladimir Putinin yazacağını qeyd edir. Qəzet mövzu ilə əlaqdar bildirir: “Putin hər hansı cərəyanların və düşərgələrin formalaşmasını gözləmədən qabaqlayıcı oyun oynamaq qərarına gəlib. O, nümayiş etdirir ki, yeni oyun qaydalarını məhz özü yazacaq. Bu sürətli əməliyyat tam məxfi və Putin üslubunda həyata keçirilib”.

Əlbəttə bütün bunlar öz yerində, amma gəlin Rusiya prezidentinin Federal Məclisə ünvanladığı müraciətinə diqqət yetirək. Vladimir Putinin budəfəki müraciəti öz xarakterinə görə öncəkilərdən büsbütün fərqlənib. Səksən dəqiqəlik çıxışı zamanı Putin iri miqyaslı siyaasi islahatlardan və ölkə Konstitusiyasına radikal dəyişikliklər edilməsinin vacibliyindən danışıb.

Əvvəlki nitqlərində ABŞ və onun müttəfiqlərini yeni silahlarla hədələyən Rusiya prezidenti, bu dəfə xarici siyasətə çox az diqqət ayırıb. Demək olar ki, Putin elə çıxışının başlanğıcında Rusiyanın “çox mürəkkəb demoqrafik dövrə” girdiyini qeyd etməklə yanaşı, əhali artımını stumullaşdırmaqdan ötrü, analar üçün kapitalın genişləndirilməsinə çağırış edib. Yəni, xalqın könlünü almağa çalışıb.

Putin parlamentin səlahiyyətlərinin artırılmasını, eyni zamanda baş nazirin namizədliyinin təsdiqlənməsi hüququnun Dövlət Dumasına verilməsini və həmçinin də Dövlət Şurasının roluna yenidən baxılamasını təklif edib. Bununla yanaşı yeni təklifə görə, prezidentin təyin etdiyi güc naziriləri və regional prokurorlar Federasiya Şurası ilə məsləhətləşmədən sonra vəzifə tutmalıdırlar. İrəli sürülən təklifə əsasən Federal Şura həmçinin Konstitusiya və Ali Məhkəmə üzvlərini tutduqları vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malik olacaq. Ancaq Rusiya Federasiyasında hakimiyyət Dövlət Dumasına və Federasiya Şurasına keçsə də, nəzarət tamamilə icra hakimiyyətinin ixtiyarında qalacaq...

Prezident müraciəti zamanı deyib ki, son illər hökumət səhvlər buraxıb. Amma bu səhvlərin nədən ibarət olduğuna aydınlıq gətirməyib. Putinin sözlərinə görə, ölkə vətəndaşları Konstitutsiyaya ediləcək bütün dəyişikliklər zərfinə referendumda səs verməlidir. Kreml rəhbəri ictimai fikrə hörmət bəsləyən güclü və çiçəklənən Rusiya inşa edəcəklərini deyib.

Sonda qeyd edək ki, Vladimir Putinin müraciəti nəinki televiziya kanalları vasitəsilə, eyni zamanda Moskvanın bir neçə böyük binalarına quraşdırılmış ekranlardan yayımlanıb. Və bununla da demək istənilib ki, hamının diqqəti Putində olsun...

Vaqif NƏSİBOV 

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.