Çində peyda olan yeni korona virusundan ölənlərin sayı 17 nəfərə çatıb. Reuters agentliyi bundan başqa 400-dən çox adamın bu virusa yoluxduğunu xəbər verir.
Ötən ilin sonlarında Çinin Vuhan şəhərində peyda olan virus ,paytaxt Pekin, Şanxay və ölknin digər şəhərləri ilə yanaşı xarici ölkələrə-ABŞ, Avstraliya, Tayland,Cənubi Koreya,Yaponiya və Tayvana da keçib. Rusiyada da iki nəfərin bu virusa yoluxma şübhəsinin olduğu bildirilir.
Çinin səhiyyə ekspertləri "2019-nCoV" adlanan yeni virus növü haqqında məlumatlarının az olduğunu bildirib. Onlar virusun Vuhanda toyuq əti, yarasa və digər quşların, eləcə də heyvan ətinin satıldığı dəniz məhsulları bazarında baş qaldırdığından şübhələnir.
Çinin Milli Səhiyyə Komissiyası bazar ertəsi pnevmoniyaya səbəb olan virusun təkcə heyvanlardan insanlara deyil, insanlardan insanlara da keçə biləcəyini bəyan edib.
Dünya aeroportları virusun qarşısının alınması üçün Vuhandan gələn bütün səyahətçiləri araşdırmağa başlayıb. Səhiyyə ekspertləri şənbə günündən başlayacaq Çin təqvimi ilə Yeni İl bayramını qeyd etmək üçün ölkə daxilində və xaricə səyahət etməyi planlaşdıran milyonlarla Çin vətəndaşının xəstəliyə yoluxma ehtimalından narahatdırlar.
Çinin səhiyyə rəsmiləri bəyan edib ki, qripəbənzər bu virus insandan-insana keçə bilir və pnevmaniya xəstəliyi törədir.
Ümumdünya səhiyyə təşkilatı yanvarın 22-də yaranmış vəziyyətlə pağlı təcili iclas çağırıb.
Yeni virusa görə region ölkələrinin hava limanlarında nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlər görülür.
Azərbaycanın səhiyyə nazirliyi də bugünlərdə məlumat yayaraq, Çinə səfər edən azərbaycanlı turistlər və iş adamlarına ehtiyatlı olmağı tövsiyə edib.
Həmçinin Gömrük xidməti gücləndirilmiş iş rejiminə keçib. Amma Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, bu virusun Azərbaycanda yayılma riski çox aşağıdır.
O bildirib ki, yeni virus hava-damcı, qida, ərzaq məhsulları və təmasla insanlara yoluxa bilər.Cəlal İsayev qeyd edib ki, yeni virus qidayla keçəndə bağırsaq pozuntusuna, hava və damcı ilə keçəndə isə tənəffüs yolları və ağ ciyərdə fəsadlar törədir.
Virtualaz.org