Məktəbli forması dəyişir: BTE yeni geyim hazırlayıb - Qiymətlər də dəyişəcək? - AÇIQLAMA

23-01-2020, 15:03   


Məktəbli forması dəyişir: BTE yeni geyim hazırlayıb - Qiymətlər də dəyişəcək? - AÇIQLAMA

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. 

Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək təqdim olunacaq. Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. 

Təhsil Nazirliyi geyim formaları elementlərinin ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl; - Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı; - Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi rənglərdə hazırlanmasını nəzərdə tutur. 

İndiki məktəbli formalarının tikildiyi "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Cebhe.info-ya açıqlamasında yeni məktəbli formasının nümunələri üzərində çalışdıqlarını bildirib:

“Bu ayın sonuna qədər yeni məktəbli geyimi ilə bağlı nümunələri hazırlayıb Təhsil Nazirliyinə təqdim edəcəyik. Tək biz deyil, kim bu işdə iştirak etmək istəyirsə, o geyimləri hazırlayacaq. Bizə də deyən olmayıb ki, hazırlayın. Sadəcə, "Bakı Tikiş Evi" olaraq təkliflərimizi verə bilərik. Hələlik nümunələr hazır deyil. Çünki geyimlə bağlı rənglər bu gün müəyyənləşib. Uyğun parça və rənglərdən şalvar, ətək, köynək və zəncirbəndlə bağlanan jilet tikiləcək. Seçimi isə Təhsil Nazirliyi edəcək”. 

Yeni məktəbli geyiminin qiymətində dəyişiklik olub-olmayacağına gəlincə, Etibar Əzimov bu barədə məlumatsız olduğunu bildirib: 

“Ortada hələ forma yoxdur. Nəyin qiymətindən söhbət gedə bilər? Bu, tamam başqa forma olacaq. Əvvəlki məktəbli formasında pencək var idi, indi pencəyi jaket əvəzləyəcək. Olmayan bir geyimin qiymətini necə müəyyən etmək olar? Nümunələr hazırlanandan sonra işlənən parçalar və ölçü kalkulyatora vurulacaq. Geyimin yayı və qışı da nəzərə alınmalıdır. Qiymət barədə hələ heç nə demək mümkün deyil”. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.