SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun üstü indiyə qədər açılmayan sirli əməllərinin daha biri faş olub. Məlum olub ki, Qorbaçov bu nəhəng imperiyanın rəhbərliyinə daxil olandan sonra öz yaxın qohumları barədəki “arzuolunmaz məlumatları” ciddi-cəhdlə gizlədirmiş.
Virtualaz.org saytı Rusiyanın NTV telekanalına istinadən bildirir ki, Mixail Qorbaçovun bu məsələdə yaşadığı ən böyük problem qaynı Yevgeni Maksimoviç Sidorenko ilə bağlı olub.
Belə ki, M.Qorbaçov həyat yoldaşı Raisa Maksimovna Qorbaçovanın (qızlıq soyadı Sidorenko olub-red.) yeganə doğma qardaşı Yevgeni Maksimoviç Sidorenkonun 60-cı illərdən etibarən – 30 ildən artıq müddətdə dəlixanada saxlanması faktını SSRİ rəhbərliyinə daxil olan məhdud şəxslər xaric hamıdan gizlətməyə müvəffəq olub.
Y.M.Sideronkonun belə ağır və qeyri-insani cəzaya məruz qalmasının səbəbi onun rüşvətxorluğa qarşı çıxması olub. Məlumata görə, M.Qorbaçov 1966-cı ildə Sov.İKP Stavropol Şəhər Komitəsinin birinci katibi seçiləndən sonra Y.Sidorenkonun ağır günləri başlayıb. Bacısının rüşvətxor əri ilə yola getməyən və onu daim tənqid edən Y.Sidorenko gözlənilmədən “yuxarıdan” gələn əmrlə Voronej vilayətindəki ucqar kəndlərin birindəki qapalı ruhi-əsəb xəstəxanasına yerləşdirilib. Xəbərdə deyilir ki, meşənin dərinliyində yerləşən və hətta yolu da olmayan bu xəstəxanada yalnız “SSRİ-ni sevməyən xüsusi dəlilər” saxlanıb. Ora nəzarət isə KQB-nin polkovnik rütbəli zabitinə həvalə olunub. Polkovnik bu “siyasi dəlilər”ə yalnız meşədə keçi otarmaq icazəsi verirmiş. Zavallı Sidorenkoya isə bu da yasaq imiş. O, sadəccə hətta pəncərələri də qıfıllanan bağlı otaqda saxlanırmış.
M.Qorbaçov 1985-ci ildə SSRİ-nin rəhbərliyinə keçəndən sonra Y.Sidorenko üzərindəki nəzarət daha da gücləndirilib. Buna baxmayaraq kuryozlar da yaşanıb. Taleyin hökmü ilə 30 il ərzində məhz 13 saylı palatada saxlanan Y.Sidorenkonun nəzarətçilərə SSRİ-nin birinci ledisi Raisa Maksimovanın onun dost-doğma bacısı olduğunu deməsi, KQB polkovnikinin isə bunu “şənbə-bazar məclislıərinin birində ağzından qaçırması” hər iki tərəfə baha başa gəlib. Polkovnik “işdə yol verdiyi nöqsanlara görə” xidmətdən kənarlaşdırılıb, Qorbaçovun zavallı “dəli” qaynı isə gündə bir saat davam edən həyət gəzintilərindən də məhrum olub.
Məlumatda o da deyilir ki, R.Maksimovna 30 il ərzində yeganə qardaşına baş çəkməyə bircə dəfə də təşəbbüs etməyib. Y.Sidorenko isə ömrünü 90-cı illərin ortalarında elə həmin dəlixanada da səfalət içində tamamlayıb. SSRİ-yə hökm edən şöhrətli bacısının üzünü də görmədən…
Ən maraqlısı da budur ki, bu tarixçə SSRİ-nin dağlmasından sonrakı 20 ildən də çox müddət ərzində də gizlədilib.