HÖKUMƏT, ADMİNİSTRASİYA, PARLAMENT... – “Köhnə qvardiya”nın yola salınması davam edəcək

25-01-2020, 10:36   


Prezident İlham Əliyev Davos İqtisadi Forumunda çıxışı zamanı xatırladıb ki, ölkədə həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. Sitat: “Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir”.

Bununla yanaşı ölkə başçısı bildirib ki, artıq geriyə baxmaq və “köhnə baxışlara” köklənmək olmaz: “Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi...”

Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, ölkə başçısı islahatlatrın tərkib hissəsi sayılan son kadr və struktur dəyişiklikləri ilə bu işi bitmiş saymır. Və proses davam edəcək. Əslində, reallıq başqa seçim imkanı üçün də yer qoymur. Çünki dünyada və regionda baş verənlər Azərbaycanın müasir çağırışlardan və proseslərdən kənarda qalmasını mümkünsüz edir. Əks halda, ləngimə və bu proseslərdən geri qalma ölkənin siyasi, iqtisadi və ümumilikdə milli maraqları ilə ziddiyyət təşkil edəcək.

Məlum olduğu kimi, hökumətdə və xüsusilə də Prezident Administrasiyasında həyata keçirilən kadr və struktur dəyişiklikləri çoxları üçün gözlənilməz oldu. Bir növ “toxunulmaz” hesab edilən şəxslər və qüvvələr vəzifələrilə vidalaşdılar ki, bu da islahatlarla bağlı ortaya hansı səviyyədə siyasi iradə qoyulduğundan xəbər verdi. Bundan əvvəl isə gömrük və vergi orqanlarında aparılan kadr və struktur dəyişiklikləri, əmək haqları və pensiyaların artımı ilə bağlı atılan addımlar, problemli kreditlər məsələsinin əhəmiyyətli dərəcədə həllinə yönələn tədbirlər və s. islahatların sosial, iqtisadi və siyasi cinahlar üzrə təxminən eyni səviyyədə aparılması istəyindən xəbər verirdi.

Təbii ki, bu islahatlara skeptik yanaşanlar, xüsusilə icra orqanları və məhkəmələri əhatə etməyəcəyi fikrində olanlar da olub və var. Lakin Ağstafanın icra başçısının və icra strukturuna aid digər şəxslərin həbsi göstərdi ki, “toxunulmazların” sırası getdikcə daralır. Həmçinin, şəxsən ölkə başçısının bu həbslərlə bağlı mövqe bildirməsi isə atılan bu addımların təsadüfi olmadığını və prosesin kimin nəzarətində olduğunu bir daha göstərmiş oldu.

Ancaq bütün bunlarla yanaşı qeyd edək ki, bu işin bir mental, maariflənmə, dünyagörüşü və baxış bucağı sarıdan axsayan tərəfi var. Təəssüf ki, xüsusilə də uzun illər məlum prinsiplərlə işləyib hədsiz var-dövlət, imtiyaz sahibi olan bir çox Azərbaycan məmurunun başından “köhnə havaları” çıxarmaq o qədər də asan deyil. Və o da danılmaz faktdır ki, “köhnə qvardiyanı” təmsil edən belə məmurlar və yenidən namizəd olan bir çox köhnə deputatlar var və onların sayı heç də az deyil. Onların vəzifələri, maddi imkanları, nüfuz dairələri, çevrələri qalır. Onların bir çoxlarının nə zamansa müasir təfəkkürə, baxış bucağına malik olacaqları, köhnə “prinsiplərdən” imtina edəcəklərinə dair çox da ümidli olmağa dəyməz. Bu adamlar icra orqanlarından tutmuş məhkəmələrə, güc strukturlarına, lap elə hökumətin özünə qədər bir çox sahələrdə iş başındadırlar. Həmçinin, hələ də bir-birinin funksiyasını təkrarlayan, əlavə, gərəksiz məmur ordusu yaranmasına xidmət edən və birləşdirilərək, büdcənin “boynundan endirilməli olan” strukturlar var. Ona görə də struktur və kadr islahatlarının davam etdirilməsi, bir sıra sahələrdə dərin kök salmış yaşlı və təfəkküründə dönüş etməyi bacarmayan kadrların yenilənməsi vacibdir. Təbii ki, hər yeni, gənc kadr təyinatı da ideal, mükəmməl seçim sayıla bilməz və təəssüf ki, bunu təsdiqləyən faktlar da az deyil. Ancaq hər necə olsa, yenilənmə qaçılmazdır və bu işdəki xətalar onun faydaları ilə müqayisədə ölçüyə gəlməz dərəcədə azdır...

İslahatların aparılmalı olduğu konkret sahələrə gəldikdə isə, bunu bir, yaxud bir neçə istiqamətlə, misal üçün səhiyyə, ədliyyə sistemi, məhkəmələr, icra hakimiyyəti strukturları və sair sahələrlə məhdudlaşdırmaq doğru olmaz. Çünki hətta nisbətən uğur qazanılan və islahatların müsbət effekt verdiyi sahələrdə belə bu proses bir an da dayanmamalıdır. Ona görə ki, hazırkı dövr durğunluğu və ətaləti qəbul etmir, bağışlamır.

Nəhayət, bir daha hakimiyyətin elan etdiyi islahatların siyasi tərəfinin əsas tərkib hissələrindən olan növbədənkənar seçkilər mövzusuna qayıtmaqda fayda var. Məlum olduğu kimi, istər mətbuata sızdırılan məlumatlardan, istərsə də namizədlərin qeydiyyatından tutmuş bir çox dairələrdə müşahidə olunan açıq mübarizəyə qədər, bir çox məqamlar belə qənaətə gəlməyə əsas verir ki, bu seçki əvvəlkilərdən xeyli fərqlənəcək. Hər halda seçki kampaniyası başlayandan sonrakı mənzərəyə görə, hansısa namizədə inzibati resurslardan, icra hakimiyyəti orqanlarının təzyiqlərindən istifadə edilərək daha üstün şəraitin yaradılması hallarına demək olar ki, nadir halda rast gəlinir. Elə bunun özü də müəyyən irəliləyişdən xəbər verir. Bu islahatların siyasi tərəfinin ən təsirli effektlərini isə fevralın 9-da görə bilərik. Çünki parlamentə artıq insanların gözlərini və qulaqlarını “mozol” edənlərin yox, doğrudan da yeni simaların, müasir təfəkkür və dünyagörüşünə malik şəxslərin düşməsi bu islahatların uğurlu nəticələrindən biri sayıla bilər..

Murad MƏMMƏDOV 

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.