Əziz Rzazadə
Strateq.az
Saray siyasətində qonşu dövlətlərin hakim sülalələri ilə nikahlarda “könül sevən göyçək olar” məsəli həmişə kənara atılıb. Başqa ölkələrin hakim ailələri ilə qohumluq əlaqələri ittifaqlar qurma, müttəfiq tapma niyyəti güdüb. Doğrudur, bəzən ən yaxın qohumlar belə sonradan amansız, barışmaz düşmənlərə çevriliblər. Çünki dövlətin yırtıcı təbiəti budur, tutalım, mənimlə eyni atanın belindən gələn, eyni ananın qarnından çıxmış əkiz qardaşım var, hər birimiz bir dövlətin padşahı olsaq, dövlət maraqları bəlkə də bizi bir-birimizin qanını içməyə məcbur edəcək.
Sizə kimdən və nədən deyim, Nadir şah Əfşarın rus sarayına elçi göndərməyindən.
Səfəvi səltənətinin süqutundan sonra onun coğrafiyasını bərpa etmiş və daha da genişləndirmiş Əfşar səltənətinin hökmdarı da nikahlarla ittifaqlar qurmaq fürsətindən yararlanmağa çalışıb.
Sərt güc qədər incə diplomatiyada da məharət və fərasət sahibi olan şahın Rusiya ilə müttəfiqlik qurma cəhdləri xüsusilə maraqlıdır. 280 il əvvəl Romanovlar sülaləsinin təmsilçisi ilə izdivac bu ittifaq üçün vəsilə olmalı idi.
Əbdülhadi Haeri “İran mütəfəkkirlərinin Qərb burjua sivilizasiyasının iki təcrübəsi ilə ilk qarşılaşması” (“Noxostin ruyaruyihai əndişegeran İran ba du ruye təməddon burjuazi-ye Ğərb”) kitabında (s.198) Nadir şahın Böyük Pyotrun qardaşı oğlu V İvanın qızı, alman şahzadələrindən birinin gənc dul arvadı çariça Anna İvanovnanın, yaxud Anna İoannovnanın (1730-40) sarayına səfarət heyəti yollamasını nəql edir.
Sarayda, Nadir şahın hüzurunda bir qrup rus tacirinin “incə mallar və əmtəələrlə” tanış olması səhnəsini qələmə alan müəllif tarixi əsərlərə istinadla yazır: “…Nəvvab-Sahebqeran tacirlərdən kef-əhvallarını soruşdu və padşah Ağa Banu (çariça Anna – Ə.R.) barədə suallar verdi.
Soruşdu ki, axı bir qadın necə hökmranlıq edə bilər? Onun dövlət ərkanı padşaha necə xidmət göstərir?
Tacirlər dedilər ki, padşahlığımız ona miras qalıb, İsanın (ə.) zamanından əba-əcdadlarımız və ta bu günə qədər, qadın və ya kişi olmağımızdan asılı olmayaraq, hamımız padşahın qulluğundayıq, padşahın kişi və ya qadın olması fərq etmir, əsas odur ki, həmtayfamız olsun.
Nəvvab-Sahebqeran buyurdu, olmaz ki, dövlətlərimizi birləşdirmək üçün biz ona evlilik təklifi irəli sürək?
Tacirlər dedilər ki, bundan yaxşı müjdə ola bilməz”.
Nadir şahın elçiləri Ağa Banuya məktublar və peşkəşlər göndərdikdə, “Venera (Zöhrə) ilə Yupiter (Müştəri) arasındakı ittifaq, birlik və qüdrət” təklifindən agah olub və Nadir şaha cavab məktubunda imperatriçə Anna İvanovna yazıb: “Biz məmləkətimizə və özümüzə heç bir vəchlə heyfslənmirik. Ancaq kürəkənimiz olacaq şəxs hz. İsanın (ə.) müqəddəs məbədinə daxil olmağa naz etməməlidir. Əgər ittifaq və birlik iradəsinə sahibsinizsə, bir neçə günlüyə görüşlər üçün bu diyara gəlməli, bizimlə duz-çörək kəsməlisiniz, yalnız sonrakı günlərdə məlum xahişiniz nəzərdən keçiriləcək”.
Əbdülhadi Haeri bəzi mətləbləri qarışdırıb, bu, onun qeydlərindən də aşkar görünür.
Seyyid Məhəmməd Taheri (şair təxəllüsü Taheri Şəhab) Nadir şahın Rusiyaya göndərilmiş səfirliyinin, diplomatik münasibətlər qurma ilə bərabər, izdivac təklifini də özündə ehtiva etməsini təsdiqləyir, lakin elçiliyin Anna İvanovna deyil, bir çox tarixçilər kimi, Böyük Pyotrun qızı Yelizaveta üçün edildiyi iddiasını irəli sürür. Onun nəql etdiyi hekayət də məhz belə adlanır – “Xasteqari Nader şah Əfşar əz Elizabet doxtər-e Petr Kəbir” – “Nadir şah Əfşarın Böyük Pyotrun qızı Yelizavetaya elçi düşməsi”.
“…o zaman Böyük Pyotrun qızı şahzadə Yelizaveta hələ o mərhələyə yetişməmişdi ki, səltənətin bütün işlərini müstəqim şəkildə icra eləsin. Böyük hersoqinya Anna Maklemburqu – Pyotorun qardaşı oğlunun qızını səltənətə gətirib, Rus dövlətinin nüfuz sahiblərinin köməkliyi ilə ölkənin idarəçiliyini tapşırmışdılar. Elə ki (Kaluşkin vasitəsilə) Nadir şahı Yelizaveta Petrovnanın taxta çıxacağından agah etdilər, padşah əhvalı o dəm dəyişdi, bundan xeyli xoşhal oldu, çünki Rusiyanın taxt-tacı qanunən Böyük Pyotrun qızının hüququ idi. O, Kaluşkinə bir dəst fəxri libasla Rus dövlətinin nümayəndəsi titulu əta elədi.
Nadir Hindistan və Türküstanın fəthi müjdəsi və şahzadə Yelizavetaya elçigöndərmə üçün Moskvaya səfirlik heyəti ezam elədi. Tapşırdı ki, dostluq və mehribanlıq ismarışını dava-təhdid qiyafəsi ilə birgə aparsınlar.
İran elçiləri miladi 1741-ci ildə (hicri-qəməri 1154-cü il) dəbdəbə və coşqu ilə Qafqazdan Rusiyaya yollandılar. Bu səfərdə şahzadəni min əsgər, 20 top və 14 zəncirlənmiş fillə birlikdə bütün cah-cəlalla rövnəqləndirilmişdi.
General Manşteyn Rusiyanın 1725-ci ildən ta 1744-cü ilə qədər olan rəsmi siyasi tarixi ilə bağlı xatirələrində bu heyətlə bağlı belə yazıb: “Xəbər rus sarayına çatan kimi dərhal Hacı Tərxandan o zaman Terek çayının sol sahili ilə keçən İran sərhədinə bir neçə əsgər alayı göndərildi ki, İran səfirliyini orada qarşılasınlar. Elçilər Terek çayının sağ sahilinə yetişəndə, rus sərhəd qüvvələrinin rəhbəri briqada generalı (Apraksin) 5 piyada və 6 süvari alayı ilə qarşılarına çıxdı…”
Azərbaycan tarixçisi Nigar Gözəlova, o dövrün tanınmış tədqiqatçılarından biri kimi, Nadir şahın Rusiyaya səfirlik göndərməsindən əvvəl İsfahanda iqamət edən rus rezidenti İvan Kaluşkinə məktub yolladığını qeyd edir. Məktuba çariça Anna İvanovna, bacısı və bacısı qızına göndəriləcək hədiyyələrin siyahısı əlavə olunub.
Şimala üz tutan elçilik əvvəlcə Sərdar bəy Qırxlıya həvalə edilib, lakin sonradan onu Məhəmməd Hüseyn xan əvəzləyib. 2 il yol ölçən 128 nəfər əyan-əşrəfdən ibarət səfirliyin “Şimali Palmira”ya – Sankt-Peterburqa gəlişi 2 oktyabr 1741-ci ildə baş tutub. O zaman artıq Anna İvanovna vəfat etmiş, taxt-tac sahibi azyaşlı İvan (İoann) Antonoviç, naibi (regent) isə sələfin bacısı qızı Anna Leopoldovna elan olunmuşdu.
Rus sarayında işlər qarışıq idi, amma Nadir şahın ismarışı diqqətə çatdırılıb və tarixçi Pyotr Butkov yazır ki, “Ancaq əsl niyyəti, deyəsən, şahzadə Yelisaveta Petrovna ilə evlənməsi tələbi, qarşılığında da dövlətində xristian qanunu tətbiq edəcəyi vədi idi. O zaman [Nadirin] 60 yaşı vardı. Hökmdar bu tələblə hərəkət edə bilərdi, əgər çox iddialı görünməsəydi, buna görə də, rədd edildi”.
Az sonra saray çevrilişi ilə Romanovlar sülaləsinin yeni təmsilçisi – Yelizaveta taxta çırarılıb. Şimala göndərilən missiya məyusluqla geri dönüb. “Qız evi” və “oğlan evi” hərbi qarşıdurmanın astanasına yetişib.
Beləliklə, “nağıl”ın xoşbəxt sonluğu yoxdur.
Amma bir anlıq təsəvvür edin və düşünün, o zamanlar Əfşar xanədanı Romanovlarla ittifaq qura bilsəydi, dünyanın siyasi xəritəsi necə rənglənərdi?
Tarixin həmin kəsimi müasir paralellər aparsaq, bu nəticə ortaya çıxır: siyasi mahiyyətli nikah təklifi irəli sürən Nadir şah əslində, Avrasiya İttifaqının bənzərini yaratmaq istəyib. Putindən təxminən 280 il əvvəl.