“YAP-ın tək siyasi sistem kimi hakimiyyətdə olması dövlətçiliyimiz üçün təhlükəlidir” – SƏRDAR CƏLALOĞLU

25-01-2020, 18:24   



“YAP-ın tək siyasi sistem kimi hakimiyyətdə olması dövlətçiliyimiz üçün təhlükəlidir” – SƏRDAR CƏLALOĞLU

“Ermənilərin qabağında məğlub olmağımızın səbəbi də Azərbaycanda məhz təkpartiyalı siyasi sistemin mövcudluğudur”

“Milli dövlətlərdə çoxpartiyalı sistem dövləti möhkəmləndirir, imperiyalarda dağıdır”

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski SSRİ-nin dağılmasının səbəbləri ilə bağlı maraqlı açıqlama verib. O deyib ki, Sovet İttifaqının dağılmasının əsas səbəbi birpartiyalı siyasi sistemin mövcudluğu idi. Onun firkincə, çoxpartiyalı siyasi sistem olardısa, SSRİ-ni xilas etmək mümkün olardı.

Jirinovski hesab edir ki, Sovet İttifaqının dağılmasının qarşısını almaq üçün Kommunist Partiyasını iki yerə - mühafizakarlar və sosial-demokratlara bölmək lazım idi. Çünki ölkədə siyasi güclər arasında rəqabət olmayanda dövlətçilik dağılmağa məhkumdur.

Maraqlıdır ki, təkpartiyalı siyasi sistem həqiqətənmi dövlətin parçalanmasına gətirib çıxara bilər? Əgər belədirsə, Azərbyacanda bir növ rəqabətsizlik mühitinin formalaşdlğl indiki dönəmdə dövlətçiliyimiz üçün təhlükə yarana bilərmi?

Hurriyyet.org-un suallarını cavablandıran Azrərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dedi ki, SSRİ-dən qabaq olan bütün imperiyalar dağılmış, dünya milli dövlətlər erasına girmişdi:

“Jirinovskinin ümumiyyətlə, dünyada gedən proseslərdən xəbəri yoxdur, siyasi cəhətdən savadsız bir adamdır. Ona görə də, həmişəki kimi gic-gic şeylər danışır. SSRİ-nin dağılması qaçılmaz idi, uzun müddət belə qalmayacaqdı. Yəni bütün dünyada gedən ümumi bir prosesdir ki, imperiyalar dağılır, onların yerinə yeni milli dövlətlər əmələ gəlir. Əgər SSRİ-də çoxpartiyalı siyasi sistem olsaydı, daha tez dağılacaqdı. Sadəcə olaraq təkpartiyalı siyasi sistem onu müəyyən müddət qoruya bildi.

Rus imperiyasını dağıdan elə o vaxtkı çox partiyalı sistemə keçid idi, kadetlər, menşeviklər, bolşeviklər, eserlər əmələ gəlmişdi. Lenin başa düşdü ki, çoxpartiyalılıq qalsa, SSRİ dağılacaq. Ona görə, bütün digər partiyaları məhv etdilər, SSRİ-ni saxladılar.

Jirinovski başa düşmür ki, Rusiya imperiyadır, “Rusiya dövləti” deyilən bir dövlət yoxdur. Rusiya dövləti Moskva və onun ətrafında kiçik bir ərazidir. Çünki orada yüzlərlə millət var ki, müstəqil dövlət yaratmaq istəyir. Bu baxımdan, onun dediklərinin heç bir əsası yoxdur. SSRİ-də çoxpartiyalı sistem olsaydı, SSRİ bir gün də yaşamazdı”.

S. Cəlaloğlunun sözlərinə görə, Azərbaycanda çoxpartiyalı sistemə ona görə müqavimət göstərirlər ki, məhz rejimi saxlasınlar: “Əslində, müstəqil dövlətlərdə rəqabət mühitinin genişlənməsi inkişafın əsas mənbələrindən biridir: daha rasional, millətə lazım olan qüvvələr hakimiyyətə gələr, daha mütərrəqi ideyalar cəmiyyətə hakim olar, yəni ideyalar yarışar”. 

İmperiya ilə milli dövlətlərin fərqli olduğunu nəzərə çatdıran Cəlaloğlu hesab edir ki, milli dövlətlərdə çoxpartiyalı sistem dövləti möhkəmləndirir, imperiyalarda dağıdır: “Çünki imperiyalarda millətlərin öz partiyaları müstəqillik məsələsini qoyurlar. Amma milli dövlətdə müstəqillik məsələsini qoyan yoxdur, insanlar sosial-iqtisadi məsələlərlə, hüquqi rejimin təkmilləşməsi ilə ideyaları müdafiə edirlər”.

“YAP-ın tək siyasi sistem kimi hakimiyyətdə olması dövlətçiliyimiz və cəmiyyət üçün təhlükəlidir”

Rusiya Federasiyasının Konstitusiyasında Rusiya dövlətində çoxpartiyalı siyasi sistemin açıq şəkildə göstərildiyini diqqətə çatdıran S.Cəlaloğlu bildirdi ki, Azərbaycan Konstitusiyasında çoxpartiyalı sistem anlayışı yoxdur: “Azərbaycanda çoxlu partiya var, amma bu çoxpartiyalılıq demək deyil. Çoxpartiyalılıq Konstitusiyada təsbit edilmiş qaydada istər icra hakimiyyəti, istər parlament, istərsə də digər orqanlarda müxtəlif partiyaların birgə iştirakını ön görür. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyətdə heç kəs yoxdur. Bu da çoxpartiyalı sistemin yox, tək partiyalı sistemin olduğunu göstərir. Belə dövlətlərdə təkpartiyalı sistem dövləti dağıdır, imperiyalarda möhkəmləndirir, amma milli dövlətlərdə dağıdır. Yəni milli dövlətlə imperiya bir-birinə əks iki siyasi təşkilat olduğuna görə, prinsipləri də bir-birinə əksiklik təşkil edir. Orada çoxpartiyalı sistem imperiyanı dağıdır, burada milli dövləti möhkəmləndirir. Orada təkpartiyalı sistem imperiyanı möhkəmləndirir, milli dövlətlərdə milli dövləti dağıdır. Ona görə, YAP-ın tək siyasi sistem kimi hakimiyyətdə olması dövlətçiliyimiz və cəmiyyətimiz üçün təhlükəlidir. Bu təhlükəni də ölkədə tüğyan edən korrupsiya, rüşvət, insan hüquq və azadlıqlarının hər addımda pozulması, dövlətimizin dünyada nüfuzdan düşməsi və s. şeylərdə görürük. Azərbaycan dövləti təkpartiyalı siyasi sistemə görə məhz bu qədər uduzub. Ermənilərin qabağında məğlub olmağımızın səbəbi də Azərbaycanda məhz təkpartiyalı siyasi sistemin mövcudluğudur”. 

 Şamo EMİN, Hurriyyet.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.