Koronavirus qəsdən yayılıb: Çin çökdürülür? - Açıqlama

27-01-2020, 13:46   

 


   
Yanvar ayının əvvəllərindən etibarən Çində sürətlə yayılan ölümcül koronavirusun Çinlə Qərb arasındakı iqtisadi savaşın bir parçası olması ilə bağlı fərziyyələr irəli sürülür. Ekspertlərin fikrincə, Çindən gələn təyyarə reyslərinin ləğv edilməsi, eləcə də Çin məhsullarına məhdudiyyətlər tətbiq olunması bu virusun təxribat məqsədilə yayılması ehtimalını artırır.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən politoloq Natiq Cəfərli koronavirusun hansısa qüvvələrin əli ilə yayılması barədə səsləndirilən versiyaları istisna etməyib:
“Belə sui-qəsd nəzəriyyələri çox yayılır, çünki Çinlə ABŞ arasında ticarət müharibəsi gedir. Müəyyən dərəcədə bir-birlərinə qarşı iqtisadi və ticari alətlərdən istifadə etməyə cəhdlər olur. Ona görə belə variantlar irəli sürülür ki, bu virus düşünülmüş şəkildə aparılan bioloji hücumdur və bunun nəticəsində Çin iqtisadiyyatına çox böyük ziyan dəyəcək. Bunun müzakirə edilməsi və arqumentlər irəli sürülməsi normal haldır. Amma bunun qlobal bioloji hücum olduğunu söyləmək üçün kifayət qədər faktlar yoxdur”.
Ekspert bildirib ki, koronavirusun digər ölkələrə də yayılması təxribat cəhdləri ilə bağlı deyilənlərin doğruluğunu şübhə altına alır:
“Bu virusun Avopa ölkələrində, hətta ABŞ-da da yayılması səsləndirilən arqumentlərin əsaslı olmadığını göstərir. Koronavirus o qədər təhlükəlidir ki, bütün dünyaya yayıla bilər. Yəni kifayət qədər ciddi məsələ olduğu üçün təxribat olması bu baxımdan ağlabatan deyil. Çünki son 30 ildə Çində belə ciddi virusların yayıldığını görürük. Bu da çinlilərin qidalanma qaydaları ilə bağlıdır. Son virusun vəhşi heyvan mənşəli olması artıq sübuta yetirilib. Koronanın yarasalardan hazırlanmış yeməklərdən insanlara yoluxduğu bildirilir”.
N.Cəfərli koronavirusun Çin iqtisadiyyatına vurduğu zərərlərdən də danışıb:
“Bu virusun Çin iqtisadiyyatına təsirini istisna etmək olmaz. Məsələn, yanvarın sonu, fevralın ilk ongünlüyündə Çində Yeni il qeyd olunacaq. Bu zaman adətən Çin iqtisadiyyatında çox böyük canlanma olur, daxili və xarici turist səfərlərinin sayı, istehlak artır. İndi isə insanlar küçələrə çıxmır. Bu, təbii ki, Çin iqtisadiyyatına böyük zərbə vuracaq. Amma nəzərə almaq lazımdır ki, il ərzində Çindən Avropaya gələn turistlərin sayı 70 milyona yaxın olur. Bu da Avropa ölkələri, əsasən də Fransa, İtaliya və Böyük Britaniya iqtisadiyyatına milyonlarla dollar gəlir gətirirdi. Belə olan halda isə həmin turistlər gələ bilməyəcəklər. Hər il Çindən ABŞ-a səfər edən turistlərin sayı 20-22 milyon təşkil edir. Bu səfərlərin ləğvi həmin ölkələrin iqtisadiyyatına da ciddi məbləğdə zərər vuracaq”.
N.Cəfərli koronavirusun dünyada neftin qiymətinə də ciddi təsir göstərdiyini söyləyib:
“Artıq neftin qiyməti 58-59 dollara qədər düşür. Bu, Azərbaycana da ciddi təsir göstərə bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.