Kristian Hoffmann
“Der Spiegel”, 24.01.2020
Tehranda verdiyi müsahibədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə mübahisəsində eskalasiya təhlükəsi barədə xəbərdarlıq edir. O deyir ki, ABŞ kursunu dəyişdirsə və sanksiyaları ləğv etsə, hətta general Qasim Süleymaninin öldürülməsindən sonra da Tehran Vaşinqtonla danışıqları istisna etmir. Nazir hökümətə qarşı etirazları da başa düşür.
– Cənab Zərif, İran və ABŞ son 40 ildə düşməndir və bu dövrün yarısı qədər İran xarici siyasətində yüksək vəzifələr tutmuşsunuz. Hazırda qarşılaşdığımız kimi, keçmişdə də oxşar təhlükəli vəziyyət olubmu?
– Əvvəlcə söylədiyinizə düzəliş verməliyəm. 30 ildir mühüm vəzifələri tuturam. Həmişə çətin olub. Son 40 ildə bir neçə dəfə müharibənin astanasına gəlib çıxmışıq. Bu dəfə ABŞ hökuməti İran hökumətinin bir məmuruna qarşı terror əməliyyatı keçirdiyi üçün vəziyyət xüsusilə ağırdır. Əvvəllər belə şey olmamışdı.
– Gərginlik daha da artacaq?
– Hücum səhv bir anlayışa söykənirdi. ABŞ general Qasim Süleymaniyə sui-qəsd etməklə, bölgədəki mövqeyini yaxşılaşdıracağına inanırdı. Dövlət katibi Mayk Pompeo “Tvitter”də İraqın küçələrində insanların rəqs etdiyini yazdı. Ancaq böyük dəfn mərasimi oldu. Bu, bölgədə çox çətin bir an yaratdı. ABŞ, əlbəttə, bundan faydalana bilməyəcək.
– İran rəhbərliyi Süleymaninin öldürülməsinə görə qisas alacağına and içib. Artıq ABŞ hərbçilərinin istifadə etdiyi İraqdakı bazaya raket zərbəsi endirilib. Daha sərt intiqamdan qorxmağa əsas varmı?
– ABŞ-ın əməliyyat keçirdiyi İraqdakı hərbi bazaya endirilən zərbə İranın rəsmi hərbi cavabı idi. Raket hücumu ilə heç bir itki verdirmək niyyəti yox idi, mütənasib şəkildə özünümüdafiə hüququmuzu həyata keçirirdik. Ancaq əsl cavab ABŞ-ın davranışından tamamilə iyrənən bölgə xalqlarından gələcək. Amerikalılar şəhid Süleymaninin general Süleymanidən daha təsirli olacağını görəcəklər.
– ABŞ-da sərt davranış sahiblərinin İrandan gələn yumşaq təpkini zəiflik əlaməti kimi qiymətləndirə bilməsi mümkündürmü?
– ABŞ-a vurduğumuz zərər çoxdur, çünki bütün hərbi gücü ilə mərmilərin bazaya dəyməsinin qarşısını ala bilmədi. Bu, ABŞ-ın nə qədər həssas olduğunu göstərir. Lakin bölgə xalqlarında ABŞ-a yaranmış nifrət sayəsində əsl zərəri amerikalılar özləri-özlərinə vurublar. Süleymaninin öldürülməsi ABŞ-ın varlığının sonunun başlanğıcıdır. Əlbəttə, təkcə İraqda yox, həm də bölgənin başqa yerlərində. Bu, sabah olmaya bilər, amma bizim minillikləri adlayan tariximiz var, buna görə də, tələsmirik.
– Gərginliyin artdığı bir vaxtda ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə vasitəsi ilə Vaşinqtonla ünsiyyət qurdunuz. Bu nəyə işarə idi?
– Ünsiyyət ABŞ tərəfindən çox düzgün olmayan bir şəkildə başlandı.
– İzah edə bilərsiniz?
– Dövlət katibi Pompeo yaxşı diplomat deyil. Onun mesajı təhrikedici, təhqiramiz idi və bizi təhdid edirdi. Mən ümumiyyətlə, bunu deeskalasiya kimi yozmazdım. Əks-hücumdan sonra İsveçrə vasitəsi ilə çox düzgün cavab göndərdik, heç bir şüar səsləndirmədən və təhdid etmədən. Biz onlara aksiyanın başa çatdığını, başqa heç bir tədbir görməyəcəyimizi və başqalarının hərəkətlərinə görə cavabdeh olmadığımızı söylədik.
– Süleymaninin ölümü İran və bölgədəki siyasət üçün nə deməkdir?
– General Süleymani son dərəcə vacib fiqur idi. Onun ölümü İran üçün və şəxsən mənim üçün yeri doldurulmaz bir itkidir. Yaxın dostumu itirdim. Lakin bu, İranın bölgədəki siyasətinə təsir göstərməyəcək.
– Süleymani, müttəfiqlərinə hərbi dəstək verməklə, İranın bölgədəki təsir gücü strategiyasının memarı idi. ABŞ İraqda yüzlərlə əsgərin ölümündə məhz Süleymanini günahlandırır.
– ABŞ, Avropa və bütün beynəlxalq ictimaiyyət İŞİD üzərində qələbəyə görə general Süleymaniyə borcludur. Bölgədəki reallıqlar ABŞ üçün anlaşılmazdır. Həmişə vəkillər haqqında danışırlar, amma İranın heç bir vəkili yoxdur. Vəkillər bir generalın ölümünə üçün yas tutmaq üçün milyonlarla adamı küçələrə çıxarmırlar.
– Lakin İran öz nüfuzuna görə populyar deyil. Təkcə Vaşinqton deyil, eyni zamanda, İran bölgədə getdikcə artan çətinlik yaşayır. İraqdakı etirazlarda İran əleyhinə şüarlar səslənib, Livanda isə Tehranın yaxın müttəfiqi olan “Hizbullah”a qarşı etirazlar olub.
– İraqda və Livanda hökumətə, korrupsiya və çatışmazlıqlara qarşı etirazlar var, İran əleyhinə şüarlar da səsləndirilib. Lakin Süleymani sui-qəsdindən sonrakı duyğular həqiqi əlaqəni göstərib. Hər siyasətin tərəfdarları və əleyhdarları var.
– Bu, İrana da aiddir. Süleymaninin ölümündən sonra milli birlik anı qısa olub. İnqilab keşikçiləri Ukrayna sərnişin təyyarəsini təsadüfən vurduqdan sonra insanlar yenidən etiraz edirlər.
– Əvvəla, xalqın çox qanuni bir şikayəti var idi. Təyyarə qəzasında bu qədər parlaq gəncin ölümü insanları sarsıdıb. Bir çox tələbə tanıdıqları adamları itirib. Emosional bir vəziyyət idi.
– Hökumətinizin öz silahlı qüvvələrinin təyyarəni vurduğunu etiraf etməsi niyə 3 gün çəkib?
– Mürəkkəb bir dövrdə bu, mürəkkəb bir vəziyyət idi. Digərlərinə daha çox vaxt lazımdır. Təxminən 32 il əvvəl ABŞ bir İran sərnişin təyyarəsini vurub. Bu günə qədər rəsmi üzr istəməyiblər. Onu vurduğuna cavabdeh olan Amerika zabiti hətta medal da alıb. Ukrayna təyyarəsini vuran iranlı isə indi həbsdədir.
– Bu hələ də İran hökumətinin səhvini etiraf etməsi üçün 3 gün lazım olduğunu izah etmir.
– İnsanlar məlumatların onlardan gizlədilməsindən şikayətlənməyə haqlı idilər. Lakin hökumət buna görə cavabdeh deyildi.
– Səhv barədə şəxsən nə vaxt xəbər tutdunuz?
– Cümə günü günortadan sonra, 2 gündən çox keçmişdi. Bu, baş verən hadisələrin kiminsə səhvən edildiyi barədə ordunun son nəticəyə gəldiyi məqam idi. İnqilab liderinə xəbər verildikdən sonra o, ictimaiyyətə məlumat verilməsini tələb edib. Şənbə günü səhər məlumat verilib. Çox əziyyətli həftənin sonunda.
– Təyyarənin vurulmasını “ABŞ-ın sərgüzəşti” ilə əlaqələndirmişsiniz. Ancaq İran hakimiyyətinin hücum gecəsində ölkənin hava məkanını bağlamaması daha məsuliyyətsiz hərəkət deyildimi?
– Bu həm texniki, həm də siyasi bir qərar idi. Tehran hərbi əməliyyat bölgəsində deyildi. Biz 8 il hava məkanımızı bağlamadan İraqa qarşı müharibə etmişik.
– Beynəlxalq araşdırma olacaqmı?
– Təyyarənin sahibi olan ukraynalıları və “Boeing”-i iştirak etməyə dəvət etdik. Başqalarının da iştirakına açığıq. Beynəlxalq tələblərə əsaslanaraq müvafiq araşdırma aparırıq.
– Noyabr ayında İranda kütləvi etirazlar olub və indi tələbələr nümayiş etdirirlər. Onların hökumətinizə qarşı müqaviməti nə qədər güclüdür?
– Mən insanların qəzəb və məyusluqlarını, qurbanlar üçün yaslarını qəbul edirəm. Ölən tələbələr böyük diqqətə layiqdirlər və mən yas verənlərin qanuni narahatlıqlarını azaltmağa çalışmıram. Ancaq bunu hökumətə qarşı barometr olaraq nəzərdən keçirmək istəyirsənsə, Süleymani üçün dəfn mərasimləri ilə düzgün tarazlaşdırmalısınız. Narazılıq səslərinə, müxalifətin səslərinə, həyatları ABŞ-ın iqtisadi terroru ilə xarab olanların səslərinə barmaqarası baxa bilmərik. Ancaq terrorizmlə mübarizə edən və ölkəsini müdafiə edən bir insana hörmət və heyranlıq göstərmək üçün küçələrə çıxan digər insanlar da var. Biz monolit ölkə deyilik. Fərqli səslərimiz var. Xalqın nümayiş etməyə və etirazını bildirməyə haqqı var.
– Noyabr ayında iranlılar benzinin qiymətinin artmasına qarşı bu hərəkəti həyata keçirəndə, çoxları güllələndi. Mindən çox insanın öldüyü bildirildi.
– Bu hadisələr həyatımızın ən pis dövrlərindən biri idi. Ancaq bu rəqəmlər səhvdir – ölənlərin sayı deyilən rəqəmin üçdə birindən az idi. Araşdırma var. Sərbəst danışma hüququndan istifadə edənlərlə dükanları talan edən və yanacaqdoldurma məntəqələrini yandıranlar arasında fərq qoymalısınız. Təhlükəsizlik qüvvələri ictimai asayişi qorumaq üçün məsuliyyət daşıyır.
– Sizcə, basqın lazım idi?
– Xeyr, mən bunu heç vaxt demirəm. İfrat tədbirlərə haqq qazandırmaq istəmirəm. Həddindən artıq güc tətbiq edən hər kəs məsuliyyətə cəlb edilməlidir.
– Etirazçılar inqilab lideri Əli Xamnəinin “diktatora ölüm” şüarları ilə vəzifəsindən getməsini tələb edirlər.
– İranda narazılıqlar var, amma xarici işlər naziri kimi narahatlığım beynəlxalq ictimaiyyətin bu barədə yanlış fikirdə olmasıdır. Mən Qərbə yalnış siyasət yürüdən düşüncələrdən xəbərdarlıq edirəm. Prezident Tramp İrana sanksiyalar tətbiq etməklə hökumətin bir neçə ay içində çökəcəyinə inanırdı. Artıq 2 ildir ki, “maksimum təzyiq” siyasətini davam etdirir, amma yenə də məqsədinə çatmayıb.
– 2018-ci ilin may ayında Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edib və sərt sanksiyalarla ölkəyə yumruq atıb. İran indi razılaşmaya getdikcə az əməl etdiyinə görə Avropa İttifaqı bu yaxınlarda BMT sanksiyalarının yenidən tətbiq olunmasına səbəb ola biləcək bir prosesə başlayıb.
– Təəssüf ki, avropalılar İrana tərəfdaş kimi baxmırlar. Mübahisələrin həllinə 2018-ci ildə yenidən başladıq. Bu prosesin nəticəsi olaraq 2018-ci ilin iyununda avropalılar, Rusiya, Çin və İran bir bəyanat verdi. Digər şeylər arasında İranın nüvə razılaşmasından iqtisadi cəhətdən faydalanmasının vacib olduğu bildirildi. Ancaq avropalılar heç nə etmədilər. Öhdəliklərini yerinə yetirməyiblər. Avropalılar yekəxanalıq atlarından enməlidirlər.
– Avropalılar sadəcə İranın razılaşmanı pozmağa başlaması faktına təpki verirlər.
– Razılaşmanı pozmuruq; biz JCPOA-ya uyğun hərəkət edirik. İcazə verin, avropalılara çox açıq deyim: öhdəliklərini yerinə yetirmək istəsələr, dərhal tam uyğunluğa qayıtmağa hazır olacağıq. Lakin öhdəliklərini yerinə yetirmək yalnız JCPOA-ya bağlı olduqlarını elan etməklə bitmir. Eyni açıqlamanı mən də verə bilərdim: razılaşmaya sadiqik, razılaşmanı bəyənirik, əbədi olaraq qalmasını istəyirik. Ucuz sözlərdir. Avropa bizə hərəkət göstərməlidir. Bəs onlar nə etdilər?
– ABŞ-ın sanksiyalarına baxmayaraq, şirkətlərə İranla ticarət etmək üçün xüsusi bir vasitə olan Ticarət Birjalarına Dəstək (INSTEX) qurublar.
– INSTEX əsasən mühasibat şirkətidir. ABŞ-ın JCPOA-dan çıxmasından il yarımdan çox müddət ötüb, avropalılar isə bircə əməliyyat belə həyata keçirə bilməyiblər.
Tərcümə: Strateq.az