Məşhur professordan dünyanın gələcəyi haqqında sensasion proqnoz: “Təbiətin sirləri çözülməyə başladıqca Tanrının miqyası daralır”

27-01-2020, 18:55   
 
Ötən həftə Bakının qonağı olan türkiyəli təkamülçü bioloq, professor Ali Demirsoy "Yaradılış, yoxsa təkamül?" adlı seminarla çıxış edib.
107 elmi kitabın müəllifi olan görkəmli professor Publika.az-a müsahibəsində təkamül, yadplanetlilər, kainatın sirləri, dünyanın sonu, insan ömrünün uzanması, neft ehtiyatlarının Azərbaycanda nə zaman tükənməsi, bəşəriyyətin gələcək taleyi haqqında sensasion proqnozlar verib.
- Ali bəy, Bakıya xoş gəlmisiniz. İstərdim ki, söhbətə Türkiyədə qadağan edilən, Azərbaycanda isə tərcümə edilərək 7-ci siniflərin dərsliyinə daxil olan "Məktəblinin Təkamülü" adlı kitabınızla başlayaq. Bildiyim qədərilə bu kitabın Azərbaycanda nəşr edilməsi üçün sizdən icazə alınmayıb.
- İslam ölkələri zəngin olmasına baxmayaraq, 1600 ildir bu coğrafiyada heç bir elmi kəşf tapılmayıb. Əsas səbəbi evrimsəl düşüncə əskikliyindən qaynaqlanır. Təkamül nəzəriyyəsini çoxları insanın meymundan əmələ gəlməsi kimi başa düşür. Əslində bu da onun bir hissəsidir, amma təkamül - A olaraq daxil olduğunuz yerdən B olaraq çıxa bilməkdir. Təkamül cəmiyyətin dəyişməsini təmin edən ən önəmli təhsil sistemlərindən biridir. Təəssüf ki, İslam ölkələri təkamül nəzəriyyəsini tətbiq etmədikləri üçün dəyişmədən, hələ də 1600 il əvvəlki yaşam tərzini təqlid etməyə çalışır. Türkiyə də bu ölkələrdən biridir, İslam tərəfdarları hakimiyyətə gəldikdən sonra orta məktəblərdə təkamül nəzəriyyəsinin tədris edilməsi qadağan edildi. 55 illik akademik, 40 illik professor olaraq xalqın aydınlanması üçün məcburən qələmi əlimə alıb məktəblilər üçün təkamül barədə kitab yazmalı oldum. Dərsliyin azərbaycan dilinə tərcümə edilməsi üçün məndən icazə alınıb. Bəzi hərflərimiz fərqli olsa da, eyni dildə danışırıq, qardaş ölkəyik, odur ki, böyük məmnuniyyətlə razılıq verdim. Azərbaycanın bu addımını Türkiyəyə yaydım.
- Bakıda "Yaradılış, yoxsa təkamül?" mövzusuna həsr olunmuş seminarla çıxış etdiniz. Ora gələ bilməyənləri qısaca məlumatlandıra bilərsinizmi?
- Hər kəs təkamülün yaradılışına maraq göstərdiyi üçün istər-istəməz onun arxasına bir tanrı qoyur. "Kainat yaradılıbmı, yoxsa həmişə var olub" suallarına cavab verməyə çalışmışıq. İsveçrədə aparılan son araşdırmalardan əldə edilən məlumatlar göstərdi ki, kaianat heç bir zaman yaradılmayıb, o həmişə var olub. 13.7 milyard il əvvəl Nyuton qanunları - zaman, sürət, kütlə və enerji, əlavə olaraq foton (işıq zərrəciyinin elmi adıdır) meydana çıxır. Bunların meydana gəlməsi ilə deyirik ki, kainat yaradıldı. Ondan əvvəl də kainat var olub, amma neytron, pozitron və qraviton deyilən atom parçalarından ibarət idi. Kainatın yaradılışını tanrıya bağlayanlara haqq verirəm, çünki yetərincə məlumatı olmayan insanlar bir yerə sığınmaq və o cür düşünmək məcburiyyətində qalır.
Təbiəti anlaya bilmək üçün ona bir ad veririk, məsələn, qırmızı, yaşıl, mavi və s. deyirik. Amma kainatda mavi, yaşıl və qırmızı yoxdur. Çünki 700 nanometr dalğa boyunda olanı biz qırmızı, 600 sarı, 500-ü mavi, 300-ü isə bənövşəyi görürük. İstilik və səs də həmçinin.
Hadisələri nizama salmaq üçün hər şeyin əvvəli və sonunun olduğunu deyirik. Niyə? Bu, bizim eyni ilə rənglərdəki kimi, təbiətimizdən irəli gəlir. Bu səbəblə də yaradılış və qiyamət olduğuna inanırıq, duyğularımızın əsiri oluruq. Zamanın əvvəli və sonu olmasına gərək yoxdur. Maddənin olduğu yerdə zaman başlayır. Əgər maddə sonsuz sıxlıqdadırsa, orda zaman başlamaz. Maddə seyrəldiyi zaman gələcəyə doğru gedirik. 13.7 milyard il əvvəl hər hansı maddə olmadığı üçün maddəyə bağlı zaman da başlamır. Kainatdan əvvəl zaman olmadığı üçün "Ondan əvvəl nə var idi" sualının cavabı da yoxdur. Zaman 13.7 milyard il əvvəl başladığı üçün onu nizama sala bilirik.
Seminarda söhbətimizi burdan başlayıb dünyanın və atmosferin yaradılışı, dənizlərdə ilk canlının meydana gəlməsi, heyvanların zaman içində təkamülə uğraması, 7.2 milyard il əvvəl primatların ayağa qalxması, insana çevrilməsi, sosial təkamül və s. mövzulara toxunduq. Əlbəttə ki, ən önəmlisi gənclərin bütün suallarına cavab verməyə çalışdım.
- Ali bəy, təkamül nəzəriyyəsi Allahı inkar edir. Təkamülçülər sübut etməyə çalışır ki, təkamül varsa, demək, Allah yoxdur. Bəs çağdaş dövrümüzün Tanrıya ehtiyacı varmı? Və sizcə, dini inancların aradan qaldırılması dünyada xausa səbəb olarmı?
- Çox təhlükəli sualdır... Bir gün Napoleon tanınmış astronom, riyaziyyatçı və fizik Laplası yanına çağırıb soruşur ki, elmi araşdırmaları apararkən Tanrıya ehtiyac duydunmu? Laplas deyir ki, heç bir yerdə ehtiyac duymadım. Dünyanın bir çox alimləri Laplasla həmfikirdir. Onların ateist olmasının səbəbi də budur.
Əlinizdən heç nə gəlmirsə, haqsızlıqla mübarizə apara bilmirsinizsə, qarşınızdakı Allaha həvalə edirsiniz. "Allah cəzasını verəcək" deyib özünüzü bu yolla sakitləşdirirsiniz. Halbuki elmi tərəfdən doğru deyil. Bu cür yanaşma cəmiyyəti çıxmaza aparırır. Haqqını tələb edə bilməyən toplum mütiləşməyə doğru gedir və iflasına zəmin hazırlayır. Əgər haqqınızın bu dünyada alınıb-veriləcəyinə inansanız, həm başqalarının haqqını tapdalamayacaq, həm də öz haqqınızı tələb edəcəksiniz. Üstəlik, bu gün ala bilmədiyin haqqını o biri dünyada alsan, nə olacaq? Məntiqli deyil... Təbii ki, təhsil almayan, hadisələri riyaziyyat, fizika və kimyanın işığında çözə bilməyən toplumlar problemlərini tanrıya həvalə edərək öz maraq duyğularını basdırır. Haqqınızı tanrıya həvalə etməklə vəziyyətdən çıxış yolu tapdığınızı zənn edirsiniz. Odur ki, insanları təkamül məntiqi ilə yetişdirməyin tərəfdarıyam. Ateistlər arasında oğurluq edən, qatillər çox azdır. Norçev və İsveç əhalisinin 90 faizi ateistdir. Bir dəfə Norveçdə orqan musiqisini dinləmək üçün kilsəyə getmişdim, heç kim yox idi. Rahib sevinərək yaxınlaşıb dedi ki, təbrik edirəm, bura aylarla heç kəs gəlmir. Türkiyədən gəldiyimi və müsəlman olduğumu biləndə təəccübdən donub qaldı. Dedim ki, orqan musiqini sevdiyim üçün buradayam...
Norveç dünyanın ən təhlükəsiz ölkələri siyahısına daxildir. Qətl hadisələri, istismar, oğurluq, uşaq zorakılığı, dələduzluq, korrupsiya halları Norçev cəmiyyətinə demək olar ki, yaddır. Təəssüf ki, sadaladığım bütün bu hadisələr dini təhsillərin olduğu və katolik ölkələrində daha yüksək həddədir. Malayziya, Filippin və Əlcəzair müxtəlif mədəniyyətlərə və coğrafiyaya malik olsa da, hamısının ortaq bir nöqtəsi var - qatı dindarlıq. Artıq dünyada dindarlıqla bərabər, ateizm və deizm hərəkatı da böyüməyə başlayıb. Təbiətin sirləri çözülməyə başladıqca tanrının miqyası getdikcə daralır.
- Nəticəsi nə olacaq?
- Təkamülün öz mexanizmi anlaşılacaq, onun tanrı qurğusu olmadığı, hadisələrin bir-birinin üstünə gələrək belə bir dünya yarandığı üzə çıxacaq, həmçinin bizim dünyanı önəmli ölçüdə dəyişdirdiyimiz gerçəyi qəbul olunacaq. Gec-tez daha rahat yaşamaq yolları tapılacaq.
30-40 il ərzində xromosomlarımıza telomer daxil olacaq, insan ömrü 170 yaşa qədər artacaq. İnsan taleyi onun alnına deyil, telomerlərinə yazılır. Onlar xromosomlarımızın uclarıdır. Telomerlər bir çox başqa faktorlarla yanaşı bizim necə yediyimiz, hansı formada idman etdiyimiz barədə "qeydiyyat" aparırlar. Telomerlərin qısalması yaşlanma, ölüm və yaşlılıqla əlaqədar xəstəliklərə rəvac verir. Bəzi adamların telomeri 7000-8000, bəzilərinin 9000, digərlərinin isə 20000-dir. 20000 təkrarlanan telomeriniz varsa, potensial həyatınız 120 ildir. Əgər 7000 dəfə təkrarlanıbsa, 35-40 il yaşayacaqsınız.
Apoptoz deyilən ölüm genlərinə başqa funksiyalar yüklənməmişsə, onları kənara almaq şərti ilə 300 ilə yaxın yaşamaq mümkün olacaq. Lakin mitoxondri olduğu müddətcə asanlıqla ölümsüzləşə bilməyəcəyik. Təxminən 300-350 il sonra android deyilən, rəqəmsal düşünə bilən və artıq insan olmayan yeni bir fazaya keçəcəyik.

- Çox sensasion proqnozlar verirsiniz, içimdən kaş ki, o dövrü görə bilərdim arzusu keçir. Ağlıma gəlməzdi ki, nə vaxtsa o qədər çox yaşamaq istəyim... Maraqlıdır ki, insan ömrü uzandıqca yaşlılıq müddəti də artacaq?
- Danışdıqlarım xəyal kimi görünsə də, 1980-ci ildə yazdığım kitabda insan klonlaşmasını eyni ilə yazmışdım. Bu kitabdan sonra mənə dinsiz, ateist dedilər, bir çox təhdidlər aldım. Amma 1997-cı ildə ilk klonlaşdırılma baş tutdu. Əgər mənə də insan bədəninə müdaxilə etmək icazəsi versəydilər, klonlaşdırma aparardım. Çünki onun aparılma üsulunu bilirdim.
Gələcəkdə şəkər və təzyiq genləri çıxarılarsa və sağlam həyat tərzinə əməl edilərsə, təqaüd yaşı 150-ə çıxacaq. Bununla belə insanın yorulub əldən düşməsi istisna deyil. Üstəlik, bilirik ki, dünya bu qədər insana tab gətirməyəcək. 2030 və ya 2040-cı illərdə sərbəst "çoxalmaq" qadağan ediləcək. İstənilən şəxs istənilən vaxt uşaq dünyaya gətirə bilməyək. Genetik laboratoriyalarda testlərdən keçəcəksiniz. Sağlam uşaq dünyaya gətirmək iqtidarındasınızsa, sizə icazə veriləcək, amma məhdud sayda. Digərlərinə icazə verilməyəcək.
Genetik xəstəliklər varsa, yumurtanı alıb genlərin yeri dəyişdirilərək sağlamı əlavə olunacaq. Normal həyatınıza davam etsəniz, bir çox xəstəlikdən arınmış halda, daha sağlam yaşayacaqsınız. Zəka və digər genlərlə oynamaq sürəti ilə bu, təmin ediləcək.
- Ölüm genlərindən danışdıq. İnsanın yaşayarkən sahib olduğu enerjisi öldükdən sonra hara gedir? Enerjimiz də yoxa çıxır?
- Bəli. Bütün dünya deyir ki, ruhumuz Tanrı qatından, vücudumuz isə torpaqdan gəlir. Dolayısı ilə, öldüyümüz zaman ruhumuz Tanrı qatına qalxır, vücudumuz isə torpaqda dəfn edilir.
Avtomobil və sürücü düşünün. Sürücü burada ruh, avtomobil isə vücuddur. Ruhu daşıyan avtomobildir. Amma burada qəribə bir paradoks var. Avtomobilin bir parçası dəyişdirildiyi zaman sürücünün davranışları dəyişir. Məsələn, xromosomlarımıza depressiya geni əlavə edilərsə, sürücü depressiyaya düşəcək və ya aqressiya geni qoysanız, aqressiv olacaq. Necə olur ki, avtomobilin parçası dəyişəndə sürücünün parçası dəyişir? Sürücü avtomobilin bir hissəsidir. Onlar birlikdə yaradılıb. Odur ki, vücudumuzdan ayrı bir ruh və şəxsiyyət yoxdur. Bu, xromosom quruluşunun parametri olaraq ortaya çıxır, eyni zamanda ruh dünyamıza da təsir edir. Bu səbəbdən genetik quruluşuna baxdığımız zaman ruhi xəstəlikləri müəyyən edə bilir. Nəticə belədir - əgər ruh Tanrı tərəfindən vücudumuza yerləşdirlibsə, vücud dəyişdiyi zaman içindəki ruh niyə dəyişsin ki?
Baxın, işinizi o biri dünyaya saxlamayın. Adam kimi yaşayın, başqalarının haqqını yemədən arzularınızı həyata keçirməyə çalışın, sevdikərinizə sevginizi göstərin. Aşiq olun, eşqi doya-doya yaşayın, xoşbəxt ola bilmək üçün mümkün olan bütün imkanlarınızdan istifadə edin, haqqınızı tələb etməyə çalışın, başqasının haqqı varsa, ödəməyə çalışın! Çünki bu hesab-kitab bu dünyada tamamlanmağa məhkumdur. O biri dünyada veriləcək sorğu-suala inanmaq ancaq çarəsizlərin işidir.
- Əvvəllər Azərbaycan səmasında hərəkət edən naməlum obyekt (UNO) görünməsi barədə xəbərlər yayılırdı. Sizcə, yadplanetlilərlə insanların qarşılaşması mümkündürmü və bu nə zamansa baş verəcək?
- "Uçan boşqab" gördüyünü iddia edən bəzi insanlar çox böyük zövqlə bu barədə hekayələr danışır. Elm yadplanetlilərin olduğunu inkar etmir, amma onların var olma ehtimalı çox aşağıdır. Alfa Sentavr Günəş sisteminin ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 ışıq ili məsafəsindədir. Ən yaxın Alfa Sentavr ulduzuna insanoğlunun yaratdığı ən sürətli raketlə getməyə çalışsaq, əldə edilən məlumatlara əsasən oraya saatda 61 min km sürətlə çatarıq. Bu da o deməkdir ki, o planetə 121 min ilə gedib çatarıq. Və oraya gedib-gəlmək 240 min il çəkir. Üstəlik, Alfa Sentavrda həyat yoxdur. 1000 işıq ilindən kənarda yaşana bilən planet olmadığını bilirik. Bütün bunlara rəğmən, yadplanetli varlıqların dünyaya gəlməsi mümkündürmü? Bəli, mümkündür. Amma bir həqiqəti demək lazımdır, kosmosa həddən artıq yüksək sürətlə səyahət etsəniz, hər hansı bir yerdə dəydiyiniz zaman darmadağın olarsınız. Buradan belə qənaətə gəlirik ki, kosmosdan dünyaya gəlmək ehtimalı son dərəcə aşağıdır. Elə bir göy cismi yoxdur.
Kosmosdan hər hansı molekulun gəlməsi mümkün deyil. Bəli, orada hər hansı canlının olması ehtimalını rədd edə bilmərik, amma bizim kimi insan deyil. İnsan molekullarının və quruluşunun birləşməsi trilyonlarla şərtlərdən asılıdır. Kosmosda canlı varsa, onun təməlini karbon təşkil etməlidir. Niyə? Çünki karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Ümumiyyətlə kainatda 93 element var, kosmosda başqa bir element tapmaq şansımız yoxdur. Bu elementlərdən ən çevik olan, suda çözülən, havada qaz halında olan karbondur.
Kainatda ən çox oksidləşdirici iki maddədən biri oksigendir. Hər hansı maddə yediymiz zaman onu oksidləşdirib enerji əldə edirik. Digər oksidləşdirici maddə flordur. Əgər kainatda florla nəfəs alan canlıya rast gəlsək, onun bizdən daha çox inkişaf etmək ehtimalı yüksəkdir. Amma araşdırmalar göstərir ki, florun olduğu planet yoxdur. Bu da o deməkdir ki, biz kainatın ən ağıllı və inkişaf edən varlıqlarıyıq.
Kimsə deyə bilər ki, 300 min km sürətlə gedən cihaz olarsa, kainatın digər planetlərinə sürətlə gedə bilərik. Amma Eynşteynin Nobel mükafatı aldığı qanun və əlimizdə olan bütün məlumatlar göstərir ki, kainatda heç bir maddə 300 min km-dən artıq yol gedə bilməz. Yalnız fotonlar gedə bilir, o da kütləsi olmadığı üçün. Dolayısı ilə yadplanetlilərlə bağlı xəyallar qurmayaq, kainatda biz yalnızıq.
Ay olmadığından Venera və Marsda yaşamaq şansımız yoxdur. Ay olmayan yerdə həyatın qurulması son dərəcə çətindir, gecə və gündüz temperatur kəskin şəkildə fərqlənir. Belə termik şəraitdə mikroorqanizmlərin mövcud olması şübhə doğurur. Marsda sadəcə süni şar balonu yaradıb 1000-2000 elm adamını göndərmək olar. Sözsüz ki, həyat şərtlərinə tab gətirmək heç asan olmayacaq. Yalnız dünyadakı həyat şəraiti canlıların yaşamasına imkan verir. Odur ki, təbiəti qoruyun, onu keyfiniz üçün məhv etmək olmaz, kainatda bizim yaşaya biləcəyimiz başqa bir planet yoxdur.

- Supergüc dövlətlərin son 100 ildə insan genini dəyişdirməyə çalışdığı barədə iddialar səslənir.
- Bunu nərdivanın ilk pilləsi kimi düşünün, zamanla insan bədəninə genlər əlavə edilir. Həmin 100 gendən 99-nun heç bir təsiri olmur, 1-i daha faydalı olduğu üçün bir pillə üstə çıxır. Yüzlərlə, minlərlə mutasiyadan yalnız biri ətraf mühitə uyğunlaşdığı üçün işə yarayır. 2000-ci ilə qədər təbiətin seçdiyi genlərlə buraya gələ bilmişik, lakin dünyanı məhv etməsək, təxminən 2035-ci ildə genlərimiz dəyişdiriləcək.
9000-ə yaxın xəstəlik var, hər 3 nəfərdən biri diabet və ya təzyiq xəstəsidir, onlar mütəmadi olaraq dərmana pul verib müalicə almaq məcburiyyətindədir. Həm həyat keyfiyyəti aşağıdır, həm də maddi baxımdan zərər çəkirlər. Bəs bu xəstəliklərin genlərini dəyişdirmək mümkündürmü? Bəli, bu gün 3500-ə yaxın xəstəlik növünün geni artıq bizə məlumdur. Məsələn, depressiya ilə bağlı minlərlə araşdırma aparıldıqdan sonra məlum olub ki, insan bədənində depressiya geni var. Sizdə bu gen varsa, istəməsəniz də, depressiyaya düşəcəksiniz. Yumurta mərhələsində genin o hissəsi çıxarılaraq başqa bir yerdən daha sağlam gen parçası əlavə edilir. Texniki və bioloji baxımdan bunu həyata keçirmək olur, yetər ki, icazə verilsin. Hətta artıq Almaniyada bir neçə dəfə sınaqdan keçirilib. Güman ki, sizin yaşınız bunu görməyə imkan verəcək.
- Azərbaycanda və dünyada yanacaq ehtiyatlarının tükənməsi təhlükəsi hansı səviyyədədir? Elm bu ehtiyatların tükənməsini neçə il sonraya proqnozlaşdırır?
Ardı var...
Aytən Məftun
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.