İnsan hər dərdə mübtəla ola bilir. Dünyanın minlərlə çeşidli xəstəlikləri var. Bunlardan biri də altsheymer adlı bir xəstəlikdir. Bu bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə müşahidə olunur. Bu xəstəliyə tutulanlar çaşa bilər və tez-tez insanlarınadlarını, yerləri, yaşayış yerlərini və ən yaxın zamanda baş vermiş hadisələri, özlərinin etdiklərini belə unuda bilərlər. Ağır dərddi, allah heç kəsə göstərməsin.
Məqsədimiz xəstəliklər və onun əlamətləri ilə oxucunu yormaq deyil. Əslində bu yaddaşsızlıq xəstəliyini yadımıza musavat.com saytında yayımlanan “Təhqir-söyüşlə mübarizənin faydasızlığı... – 20 gün sonranı düşünmək gərək” başlıqlı yazı oldu. Qələminə və şəxsinə sayğı duyduğmuz yazı müəllifi 35 saylı xətai üçüncü seçki daurəsindəki mübarizədən bəhs edir və İqbal Ağazadə düşərgəsinin tərəfdarlarına söyüş söyməməyi, mübarizəni etik müstəvidə aparmağı məsləhət görür. Düzü, hansı cəbhədən kimə hansı təhqirin edildiyini deyə bilmərik, amma siyasi mübarizədə təhqir və söyüşün yolverilməzliyi qətidir. Yeri gəlmişkən, xəyanət edənə xəyanətkar, satılmışa satqın, dünya malını əqidəyə dəyişənə şərəfsiz yazmaq kimi hallar təhqir sayılmaya da bilər. Çünki bu halda söhbət gerçəyin ifadəsindən gedir ki, həqiqəti dilə gətirmək haqqına qadağa qoymaq düz olmaz.
O ki qaldı, siyasi mübarizədə təhqir və şəxsiyyəti alçaltma üsullarından istifadə etməyə, doğurdanda 35-ci Xətai üçüncü seçki dairəsində bunu məqbul sayan namizəd var. Bəli var! Abbasov Rauf Arif oğlu! Bax elə buradaca altsheymer xəstəliyindən azad olub ən yaxın tariximizi yada salmaq vacibdir. Yada salmaq əl tutmaq qədər savabdır. Ona görə unudanlara bəzi xırda xatırlatmalar edək:
“Yeni Müsavat” qəzetinin 268(2195) nömrəli 04 oktyabr 2003-cü il tarixli sayı, baş redaktor Rauf Arifoğlunun 9-cu səhifədə “Harada ölməli?” başlıqlı yazısı: “On il! Düz on il aldı Azərbaycandan. Bizim hamımızdan ömür oğurladı! Dünyanın və Tanrının işinə bax! Heydər Əliyev hansı gündə prezident kimi rəsmiləşmişdisə, həmin gündə də prezidentliyə namizəd kimi ləğv edildi. Dünən MSK Heydər Əliyevin prezidemtliyə namizədliyini ləğv etdi... Heydər Əliyevi siyasi səhnədən öncə Allah, sonra millət, ən nəhayətdə isə MSK sildi. Getdi bu adam. Bitdi bu fəlakət!” Heydər Əliyevin fiziki durumu ilə bağlı sevinc üzərində qurulan yazı təhqir və böhtanlarla davam edir. Yuxarıda musavat.com-un bəhs etdiyimiz yazısında bu gün “Ona görə də söyüşü, təhqiri yığışdırmaq, yek kəlmə ilə “güclü olan qazansın” demək lazımdır”-deyə verilən məsləhət bu yazı üçün tam yerindədir. Çünki Rauf Arifoğlu Heydər Əliyevin prezidentliyə namizədliyinin ləğv edilməsi sevinci ilə yanaşı bu siyasi kursun davamçısı qorxusunu da hiss etdirir və yazının sonunda təhqir dilini bu məqama da uzadır: “O, getdi. Yerində xarabalıq və gerizəkalı birisi qaldı. Fəqət öz fərzəndi onu bitirdi. Urvatsız elədi, lağlağı obyektinə çevirdi. Əliyev mifini dağıtdı.
Bax belə. Bu sətirlərin müəllifi bu gün siyasi mübarizədə təhqirdən, alçaldıcı ifadələrdən şikayət edən Rauf Arifoğludur. Bir daha qələminə və şəxsiyyətinə sayğı ifadə etdiyimiz “Təhqir-söyüşlə mübarizənin faydasızlığı... – 20 gün sonranı düşünmək gərək” yazısının müəllifinin bir fikri də maraqlıdır. Əslində həm də Rauf Arifoğlunun düşüncəsini ifadə edərək yazır: “Çox yox, cəmi 20 gündən sonra ehtiraslar soyuyacaq, hər şey öz sabit məcrasına qayıdacaq. O zaman özlərini soyuqqanlı və təmkinli aparan rəqiblər xeyir-şər məclislərində rastlaşanda (bu, qaçılmazdır, çünki əksəriyytin dost-tanışlar dairəsi birdir) bir-birinin üzünə baxa biləcəklər, söyüşənlər isə bir-birindən gen qaçacaqlar (“o olan yerə məni dəvət etməyin”, “o ordadırsa, mən ora gəlmirəm”, “qoy o getsin, sonra gələrəm” və s.), onda yaxşımı olacaq?”. Eh, nə qoyub, nə axtarırsan, qardaş? Rauf Arifoğlu bu qədər təhqir yazdığı ( biz çox kiçik bir parçanı təqdim etdik) ölkə rəhbəri ilə nəinki üz-üzə gəldi, hətta ondan medal almaq cəsarətində də bulundu. İndi isə bu cəsarət seçicidən səs almağa qədər yüksəlib. Elə Rauf Arifoğlunun öz stili ilə ilə yazsaq “bu gün onun səs qazanıb, deputat seçilməsi nə deməkdir? Demək, 35 saylı Xətai üçüncü seçki dairəsində seçicilər Heydər Əliyev və İlham Əliyev haqqında ən nalayiq ifadələri qələmə alan, Azərbaycan siyasi sistemində söyüş və qarğış pioneri olan birini seçirlər?” Bax buna isə gerçəkdən bu dəfə Azərbaycan seçicisi imkan verməyəcək!