Şuşa üçün neçə milyard dollar təklif edərlər?

29-01-2020, 15:17   


Vaxtilə rusiyalı həmsədr beləcə də demişdi: “Şuşa Yerusəlim kimi şəhərdir!”

Donald Tramp Yaxın Şərqin qanayan yarasına-İsrail-Fələstin münaqişəsinə dair planın təqdim etdi.  Azsaylı Tramppərəst  medianın «Əsrin razılaşması» kimi iddialı ad verdiyi 80 səhifəlik  planla bağlı keçirilən tədbiri  Türkiyənin NTV kanalı sayəsində canlı izləyə bildik.

İsrail baş naziri Benyamin Netanyahunun və digər israilli nümayəndə heyətinin iştirak etdiyi tədbirə Fələstin muxtariyyətindən kimsə yox idi. Bu, artıq planın tərəfsizliyinin pozulması anlamına gəlirdi. Trampın müraciət etdiyi «İslam dünyasından»  isə cəmi üç müsəlman ölkənin-Bəhreyni, Oman və Birləşmiş Ərəb Əmirlikləri Krallığının səfirləri iştirak edirdilər ki, bu da sonradan radikal  islamçı qruplaşmalar tərəfindən “tarixi xəyanət” kimi qiymətləndirilib.

Tramp öncə xeyli planın hazırlanmasında əməyi keçən komandasını  təriflədi, zarafatlaşdı.  

İrəli sürülən Yaxın Şərq sülh planına əsasən, Tramp Fələstinə müstəqil bir dövlət ola bilməsində lazım olan şərtləri yerinə yetirə bilməsi məqsədilə  4 illik bir müddəti nəzərdə tutur ki, bu müddətdə yəhudilərin Fələstin  torpaqlarında məskunlaşması dayandırılır.

Plana görə, Fələstin indiki ərazisini hətta iki dəfə böyüdərək müstəqil dövlət olur ki, ora ilk səfirliyi də ABŞ qurur. Fələstin iqtisadiyyatını dirçəltmək üçüm Tramp buraya 50 milyard dollar investisiya vəd edib, üstəlik, digər dövlətlərin də Fələstinə pul ayıracağını deyib. Hətta Fələstin Ölü dəniz sahilində iki kurort liman şəhərlərinə çıxış əldə edir ki, bu da yeni dövlətə əlavə maddi dəstək olmalıdır.  İsrail də plana uyğun olaraq Fələstinin müstəqilliyini tanıyır.

Gələk, əsas məsələyə. Tramp israr edir ki, vahid Qüds şəhəri İsrailin paytaxtı kimi tanınacaq. Əl-Aqsaya gəlincə, burada fələstinlilərin namaz qılması üçün maneələr aradan qalxır. Colan təpələrə də İsrail ərazisi hesab olunur.

 1580237198191_jBdJky5R.jpeg (20 KB)

Tramp bu plana daha vacib bir əlavə də edir. İsrailin müstəqilliyi tanınır ki, bu isə fələstinlilərin son şansıdır. Tramp onu da deyib ki, Fələstin lideri Mahmud Abbasa da bu barədə məktub göndərib. ABŞ bu planın işləməsində İordaniya krallığına da böyük ümidlər bəslədiyini bildirib.

Netanyahu ABŞ prezidentinə  çıxışında “Donald” deyə müraciət edib, tədbirdə iştirak edən Trampın yəhudi kökənli köməkçisi və yeznəsi Kuşneri-hansı ki, heç bir diplomatik təhsil olmayan bu adam məhz bu planın əsas müəlliflərindəndir -alqışladı.

Sonra isə təklif olunan planı məqbul saydığını, Fələstin lideri ilə danışıqlara hazır olduğunu bildirib. "Mən bu sülh planı əsasında Fələstin tərəfi ilə danışıqlar aparmağa razıyam. Əgər fələstinlilər İsrailin yəhudi dövləti kimi tanınmasına hazırdırsa, İsrail dərhal sülh haqqında danışıqlara başlamağa hazırdır" deyə,  o əlavə edib.

Trampın Vaşinqtonda təşkil etdiyi tədbir bitər-bitməz Mahmud Abbas media önünə çıxıb və planı sərt tənqid edib. Mahmud Abbas deyib ki, bu, fələstinlilərə pul müqabilində illərlə apardıqları Qüds mübarizəsindən vaz keçməsi planıdır. Türkiyə də Qüds məsələsində həssaslığını bir daha göstərib, planı tənqid edib. Eləcə də Fələstinlə sülhün şərtlərindən biri kimi silahı yerə qoyması istənilən “Həmas” və digər radikal qruplaşmalar  bu planı rədd ediblər.  

...Qüds müsəlman dünyasının qibləğahıdır  və bu müqəddəs şəhər on illərdir hər iki tərəfdən qan tökülməsinə səbəbdir. Müsəlman  Azərbaycanın Qüds məsələsində həssaslığının daha bir səbəbi isə təbii ki, işğaldakı torpaqlarımızdır.

ABŞ Qarabağ münaqişəsinin həllində  illərdir vasitəçi missiyası ilə iştirak edir. Heç bir nəticə olmasa da, ABŞ-ın da zamanında münaqişənin həlli ilə bağlı plan və təklifləri olub. Bu planların tam təfərrüatını indi heç kim xatırlamır da. Eləcə də Qarabağ vasitəçiləri sırasında indi Yaxın Şərq münaqişələrində aktiv rol alan Rusiya da, ermənilərlə hər mənada cur(dost)  olan Fransa da var.

Mən Qüds deyəndə, hər zaman Şuşanın taleyini yada salıram. Həm də o səbəbdən ki, vaxtilə Minsk Qrupunda Rusiyanı təmsil edən Vladimir  Kazimirov beləcə də demişdi: «Şuşa Yerusəlim kimi şəhərdir!»

Kazimirovun dedikləri əlbəttə heç bir tarixi fakta əsaslanmırdı. Əsası 1754-cü ildə qoyulmuş qalanın-Pənahabadın yaxından-uzaqdan ermənilərlə heç bir əlaqəsi olmamış, Şuşa ermənilərin Qarabağa köçünə qədər monoetnik şəhər olmuşdu. Amma Kazimirovun  Şuşa probleminin Qüdsə bənzətməsinin səbəbi təkcə tarixlə bağlı deyildi. Kazimirov təcrübəli diplomat kimi tarixi həqiqəti ola bilməz ki, unutsun.  O, məncə, Şuşanın Azərbaycan və bu millət üçün hansı mənəvi bağlılığı və strateji  əhəmiyyəti olduğuna işarə etmişdi. Eləcə də rusiyalı diplomat ermənilərin “Şuşa kimdədirsə, Qarabağ da onundur” ideyası ilə bu müharibəni başladıqlarının fərqində idi.

Mübəgiləsiz belədir: Şuşasız Azərbaycan, Qüdssüz islam dünyası yarımçıqdır. Təəssüf ki, nə Qüds, nə Şuşa məsələsində ümumi müsəlman birliyindən danışmaq olmur.

Uşaq söhbətləridir, amma arada ən ciddi adamlar belə soruşur: görəsən, torpaqları pulla almaq olar? Baxın, bu uşaq söhbətləri  Ağ Ev və dünyanın gündəmi də olur artıq. Qüds üçün ilkin olaraq 50 milyard, iki qat ərazi  təklif edən Tramp(və ya bir başqa supergüc lideri) Şuşa üçün neçə milyard təklif edər(lər)di?

Nazim SABİROĞLU,         
Musavat.com  

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.