Trampın özünə hesabladığı 50 milyardlıq sülh sazişi: Dünyanın marağı burada toqquşur

29-01-2020, 15:45   


Trampın özünə hesabladığı 50 milyardlıq sülh sazişi: Dünyanın marağı burada toqquşur

ABŞ Prezidenti Donald Trampın İsrail və Fələstin arasında tarixi sülh sazişinə nail olmaq üçün irəli sürdüyü təklif bölgədə gərginliyin artmasına səbəb olub.

Fələstin lideri Mahmud və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə telefon danışığı zamanı Trampın “Əsrin müqaviləsi” adlandırdığı sənədə qarşı çıxıb. HƏMAS-ın rəbəri İsmayıl Haniyə bu planın Fələstin milli layihəsinin ləğv edilməsini hədəf seçdiyini bildirib. Haniyə bütün fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin milli layihəsini ləğv etmək planına qarşı çıxmağa səsləyib.

Qeyd edək ki, Donald Trampın təqdim etdiyi əsrin sazişi İordan çayının qərb sahilindəki böyük ərazinin İsrailə verilməsini nəzərədə tutur. Bununla da Fələstin və dünya ictimaiyyəti həmin bölgələrin işğalını legitim qəbul etməlidir. Ərazilərin güzəşti mqüqabilində Fələstinə 50 milyard dollar yardım təklif olunur.

Lakin Fələstin tərəfi “Əsrin sazişi”ni qəbul etməyib. Hətta ABŞ-ın təklif etdiyi 50 milyard dollar yardım da Fələstini fikrindən daşındırmayıb.

“The New York Times” yazır ki, Trampın planı onu impiçment prosedurundan qalib çıxa bilər. Burada yəhudi dəstəyi əsasdır. Sənəd açıqlanmazdan öncə İsrail tərəfi ilə də razılaşdırılıb.

Təşəbbüsünün müqavimətlə qarşılandığını görən ABŞ prezidenti Qüdsün siyasi statusu ilə bağlı mövqeyinə korrektə etməli olub. 2018-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edən Donald Tramp bu dəfə yalnız “Şərqi Qüds” ifadəsini işlədib. ABŞ Prezidenti “Twitter” hesabında irəli sürdüyü Yaxın Şərq Sülh planında əks olunan gələcək Fələstin dövlətinin xəritəsini paylaşıb.

ABŞ Prezidenti qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq: “Onların təhlükəsizliyini və tarixi torpaqları daxilində yaşamaq hüquqlarını qəti şəkildə dəstəkləyirəm. Artıq sülhün vaxtıdır!”-deyə Tramp qeyd edib.

Trampın fikrincə, "Əsrin sazişi" İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq. ABŞ Prezidenti həmçinin əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".

Buna cavab olaraq Fələstin rəhbəri Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb. O, Fələstin televiziyasının birbaşa yayımında çıxış edərkən belə deyib:

“Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik”.

Politoloq Nəzakət Məmmədova Cebhe.info-ya bildirib ki,Prezident Trampın təklifi bir neçə səbəblə bağlı ola bilər. Fələsinə qarşı qərəzli mövqeyi ilə seçilən D.Tramp həm də Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk prezidentdir. İndi onun tərəflərə sülh təklif etməsi səbəbsiz deyil:

“Tramp ilk prezidentlik müddətinin sonunda tarixə sülhsevər prezident kimi düşmək, əgər yenidən seçilərsə növbəti dönəmə də bu imiclə daxil olmaq istəyir. Yəqin ki, Donald Tramp sülhə cəhd edən bir ABŞ Prezidenti kimi tarixdə qalmaq niyyətindədir. Bu, onun ikinci dəfə seçilməsində mühüm rol oynaya bilər. Digər tərəfdən, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması, İranla nüvə sazişindən çıxması, Çinlə ticarət müharibəsi aparması, onu dünyada savaş tərəfdarı kimi tanıdıb. Yəqin ki, o, bu imici aradan qaldırmaq istəyir. Üçüncü səbəb İran amili ilə bağlı ola bilər. Çünki İran “Hizbullah” və “HƏMAS” və digər vasitələrlə Fələstin üzərində böyük təsirə malikdir. İran Yaxın Şərqdə və dünyada özünün məzlum Fələstin xalqına yardım edən döbvlət imicini formalaşdırıb. “Hizbullah”a yardımı da bu ad altında həyata keçirir. “Hizbullah”ın da Yaxın Şərqdə, Fələstindəki proseslərə böyük təsir etmək imkanı var. Qasim Süleymaninin öldürülməsi göstərdi ki, ABŞ İranı Yaxın Şərqdən ən radikal şəkildə sıxışdırmağa, təsirini azaltmağa çalışır. Əgər Fələstin və İsrail sülh razlaşması əldə edərsə, Fələstin xalqı ABŞ-ın vasitəçiliyi altında İsraillə sülh danışıqlarına gedərsə, o zaman İran oyundan kənar vəziyyətdə qala bilər. İranın Yaxın Şərqdəki proseslərə müdaxiləsi üçün bəhanə qalmayacaq. Tramp administrasiyasının Fələstini sülh sazişinə cəlb etmək planı da da çox güman ki, “Hizbullah”ın və İranın rolunun azaldılmasına hesablanıb”.

Nəzakət Məmmədova hesab edir ki, Fələstin problemi ətrafında baş verən prosesləri yalnız İranla bağlamaq olmaz. Çünki İran bütün bölgədəki hadisələri idarə etmək gücünə malik deyil. Yaxın Şərqdə digər fövqəlgüclərin maraqlarının toqquşması sülh prosesinə mane olan başlıca səbəbdir.

“Bu regionda, ABŞ-ın, Türkiyənin, Rusiyanın, İranın, Avropa Birliyinin, Fransanın, Almaniyanın, Çinin maraqları var. Avropa Birliyinin katolik klubuna daxil olan ölkələrin İsrailə münasibəti mənfidir. Onlar Fransa, Almaniya Fələsini dəstəkləyir. Bu da Qüdsün həm də xristianlığın tarixi paytaxtı olması ilə bağlıdır. Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi Vatikanı və Roma Papasını qane etmir. İndi üç müqəddəs dinin paytaxtı adlandırılan Qüdsün İsrailə verilməsi Avropanın katolik ölkələrini narahat edir. Fələstinə böyük humanitar yardımların göstərilməsində Avropa Birliyinin iştirakı hiss olunur. Türkiyə də Fələstinə dəstək verir. Hətta İsmayıl Haniyə AKP-nin tədbirində iştirak etmişdi və Davos forumundan sonra Ərdoğanı Fələstinin qəhrəmanı elan etmişdilər. Burada Rusiyanın, Çinin da güclü təsiri var. Ona görə də Mahmud Abbas təkbaşına sülh sazişinə imza ata bilməz. Fələstin problemi böyük güclərin Yaxın Şərqə müdaxiləsi və manipulyasiyası üçün bir bəhanədir. Amerika da bütün bunların da qarşısını almaq üçün öz sülh təklifini irəli sürür. Burada yalnız ABŞ-ın İranla deyil, digər böyük güclərlə də maraqları toqquşur. Yəhudilər həmin əraziləri öz torpağı hesab edir və bildirir ki, biz beş min ildir burada yaşayırıq, indi də öz tarixi yurdumuza qayıdırıq. Ərəblər iddia edir ki, Məhəmməd Peyğəmbər burada merac edib, onun namaz qıldığı müqəddəs “Əl-Əqsa” məscidi oradadır. Xristianların da İsa peyğəmbərə görə ora iddiaları var. Ona görə də yaxın illərdə Fələstinə sülh gəlməyəcək”.

Ekspert onu da vurğuladı ki, “Əsrin sazişi”nin Trampa qarşı ABŞ Konqresində elan edilmiş impiçment proseduruna təsiri inandırıcı görünmür. Bu da impiçmentin Senat tərəfindən qəbul edilməmək ehtimalının yüksək olunmasıdır. Digər tərəfdən, artıq ABŞ-da seçki ili başlanıb və bu prosesi həyata keçirmək mümkün olmayacaq. Demokratların Trampı prezident səlahiyyətlərindən məhrum etmək cəhdləri sadcə olaraq, ona seçkiqabağı təzyiq məqsədi daşıyır.

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.