Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hadisənin necə və hansı səbəbdən baş verdiyi məlum olub.
Hadisə ötən ilin avqust ayında baş verib. Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevi bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan baş həkim xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Törətdiyi əmələ görə Pərviz İbrahimova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Pərviz İbrahimov aralarında yaranmış mübahisə zamanı Şahin Baxşəliyevi öldürməyə cəhd edib. İttihamda göstərilir ki, Pərviz İbrahimov bu məqsədlə baş həkimə 9 bıçaq zərbəsi vurub.
Elan olunmuş ittihamla Pərviz İbrahimov özünü qismən təqsirli bilib. O deyib ki, əməlindən peşmandır, amma baş həkimə 9 bıçaq zərbəsi vurmayıb.
Müttəhim söyləyib ki, Şahin Baxşəliyevə cəmi 3 bıçaq zərbəsi vurub: "Birini ayağından, birini böyründən, birini də çiynindən vurdum. Axırıncıda da bıçaq onun çiynində qaldı. Mən artıq özümü itirmişdim. Buna görə də oradan qaçdım. 9 zərbə necə dəyibsə, bilmirəm".
Sərbəst ifadə verən Pərviz İbrahimov hadisənin hansı səbəbdən baş verməsi haqda ətraflı danışıb.
P.İbrahimov deyib ki, hər şey klinikanın qeydiyyat şöbəsində işləyən İranə adlı xanımla aralarındakı mübahisədən başlayıb.
"İranə klinikaya yeni işə düzəlmişdi. Mən onu ilk dəfə idi orada görürdüm. Həmin gün bildim ki, işə yeni başlayıb. Müştəriyə kobud cavab verdiyi üçün xanımla mübahisəmiz oldu. Ona dedim ki, belə danışmaq olmaz. Mənə dedi ki, sən kimsən? Dedim ki, danışığına fikir ver, həkimlə danışırsan. Bu mübahisə baş həkimə də çatdı.
Baş həkimin yanına getdim. Səbəbini izah elədim. Amma mənə inanmadı, dedi ki, İranənin qardaşını, yoldaşını çağıracaq. Dedim ki, söhbəti böyütməyin mənası yoxdur. Qarşılığında məni təhqir eləməyə başladı. Mübahisə elədik. Mən də cəzalandırmaq üçün onu vurdum. Onu öldürmək niyyətim yox idi. Məqsədim onu cəzalandırmaq idi".
Pərviz İbrahimov həkimi vurmasına səbəb kimi söyüşü göstərib, deyib ki, baş həkim həmin vaxt onun ailə üzvlərini, həyat yoldaşını təhqir edib.
Suallara cavab verən Pərviz İbrahimov baş həkimlə arasında daha əvvəl də mübahisə olduğunu deyib:
"Bir dəfə də klinikada baxıl geyinmədiyim üçün mübahisəmiz oldu. Baş həkim mənə dedi ki, niyə baxıl geyinməmisən? Dedim ki, belim ağrıyır deyə əyilə bilmirəm. Dedi ki, yoldaşın gəlib geyindirsin. Mübahisə elədik, söhbət böyüdü. Atam gəlib bizi sakitləşdirdi. Sonra həkim mənim nənəmin yasına da gəldi. Yəni, münasibətimiz yaxşı idi".
Prokuror Pərviz İbrahimovdan soruşub ki, həkimin otağına gedəndə cibində bıçaq olubmu?
Pərviz İbrahimov deyib ki, həkim onu təhqir etdikdən sonra maşından bıçaq götürərək geri qayıdıb: "Özümü itirmişdim. Klinikadan çıxıb maşına mindim. Dəniz kənarına gedib bir saat orda ağladım, qışqırdım. Sakitləşə bilmirdim. Maşından bıçağı götürüb klinikaya qayıtdım. Otağa girən kimi onu vurdum".
Məhkəmədə məlum olub ki, zərərçəkmiş baş həkim Pərviz İbrahimovu bağışlayıb.
Baş həkim məhkəməyə gəlməyib. Amma barışıq ərizəsini məhkəməyə göndərib.
Məhkəmə araşdırması davam etdirilir.
İlkin Muradov
Musavat.com