Xəbər verdiyimiz kimi Masallıda iyirmi gün öncə toyu olan 16 yaşlı Fatimə Qəmbərova dünən öldürülüb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Masallı rayonu Təklə Bələdiyyəsinin keçmiş sədri Yusif İbrahimli Primetime.az-a açıqlamasında bildirib ki, kənd əhli hadisənin şokundadırlar:
“Axşam hadisə yerində idik. Bildiyiniz kimi hazırda araşdırmalar gedir, hələ heç kimin məlumatı yoxdur. Əhalinin yalnız şifahi məlumatları var. Lakin ailə çox normal ailə idi. Kənd camaatının gözləmədiyi bir şey oldu. Hamı kimi mən də onların toy mərasimində iştirak etdim, hər şey yolunda görünürdü. Şəxsən belə hadisənin olması mənim ağlımın ucundan da keçmirdi”.
Müsahibimiz qeyd edib ki, İman Məmmədov cinayət törədən birinə bənzəmir:
“Onun atası Nurəddin bələdiyyədə sədri olduğum dövrdə Təklə Bələdiyyə Şurasının üzvü olub. Nurəddin İmanov ali təhsilli biridir, Rusiyada, Qazaxıstanda işləyib, orda müəyyən vəzifələr icra edib. İmanın anası da tibb bacısıdır. İman özü də elə tibb qardaşı işləyirdi. Onun iki adı var – həm Bəxtiyar, həm İman. Rəsmi adı İmandır".
Y.İbrahimli həmçinin erkən nikah məsələsinə də toxunub:
"İmanın dəqiq yaşını bilmirəm, səhv etmirəmsə, 19-un içindədir. Amma qızın 16 yaşında olmasını sözün düzü, biz də bilmirdik. Deyirdilər ki, 17 yaşı var. Bilirsiniz, qanunvercilikdə 17 yaşla bağlı istisnalar var - ailə üzvlərindən kimsə xəstə ola bilər, ailə vəziyyəti pis ola bilər və s. - bunlar hamısı nəzərə alınır. Bu baxımdan erkən nikah olduğunu bilmirdik və məsələyə fikir bildirmədik. Bildiyimizə görə, Fatimənin atası rəhmətə getmişdi, anası başqası ilə ikinci dəfə ailə qurub. Və Fatiməni nənəsi saxlayıb. İman da evin bir oğlu idi. Onun özündən balaca iki bacısı da var.
Dediyim kimi çox normal ailə idilər. İman nəinki adam öldürə biləcək biri deyildi, hətta kiminsə evindən oğurluq etsin, həmyaşıdları arasında dava düşəndə dəliqanlı, qoluzorlu oğlan kimi iştirak etsin – belə bir şey olmayıb. İman çox sakit uşaq idi. Bu baxımdan kənddə hər kəs şoka düşüb. Bəlkə, kənddə Həsəndən, Hüseyndən, Əlidən gözləyərsən ki, belə bir hadisə törədə bilər. Bu ailəni yaxından tanıyıram. İmanda belə bir şey olması qeyri-mümkündür. Təxminlərimiz belədir ki, ailə-məişət zəminində nəsə ola bilər”.
Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.