Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Masallıda 2 həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıblar. Məlumatda deyilir ki, yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə Fatimə Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Cenubxeberleri.com yazır ki, qızın atası İbrət Qəmbərov Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar. Fatimənin anası ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib. Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub. Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər. Məsələ 2019-cu il noyabr ayının 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. 16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” şadlıq sarayında oğlan toyu olub. Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb. Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb.
Onun əmisi kənddə dini icmanın rəhbəridir. Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb. Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır. Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olayla bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir ki, ölkə qanunvericiliyində yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsi, uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün yaş həddi qanunvericiliklə 18 yaş müəyyən olunub.
Bəs qızların erkən nikaha cəlb edilməsinin səbəbləri nədir? Cəmiyyət və dövlət erkən nikahların aradan qaldırılması üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, çox ciddi sosioloji araşdırmalar aparılmalıdır: “Qızları erkən nikahda olan valideynlərin bir neçəsi ilə söhbətlər etmişəm. Valideynlər deyir ki, qızımı Bakıya buraxa bilmərəm, çünki oradakı mühit təhlükəlidir. Bakıya qız uşağını buraxanda onun başına nə gələcəyini bilmirəm. Ona görə də qızımı oxutmayacağam. Oxutmayacağamsa, özümə yük eləmirəm, tez ərə gedib başının ailəyə qarışmasını istəyirəm. Bu deyilənlərdə məntiq var. Buna görə də biz tədbirlər proqramı fikirləşəndə təhsil müəssisələrinə qız uşaqlarının göndərilməsinin valideynlər üçün çox rahat olmasını təmin etməliyik. Təhsil müəssisələrində həqiqi təhsil mühiti, yaxşı yataqxanalar olması vacibdir. Həmin yataqxanaların universitetin ümumi nəzarəti altında olması da şərtdir. Valideyn də arxayın olmalıdır ki, qızını elə yerə qoyub ki, burada elə təhlükə yoxdur. Bunların heç birini etmədən bu problemin aradan qaldırılması mümkün deyil. Xəstəliyi sağaltmaq üçün ciddi tədbirlər görmək lazımdır. ”Xəstəlik niyə sağalmır" deməklə müalicə olunmur".
Psixoloq Azad İsazadə isə erkən nikahların psixoloji baxımdan hansı fəsadlar törədəcəyindən söhbət açıb. Deyib ki, bu cür problemlər ciddi psixi pozğunluğa gətirib çıxara bilər. Onun sözlərinə görə, sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır. Həmin yaşda insan tam formalaşır:
“Mümkündür ki, insanın yaşı azdır, amma fizioloji, bioloji baxımdan daha tez inkişaf edib. İnsanın psixikası, psixologiyası isə hələ formalaşmayıb. Bu həm oğlanlara, həm də qızlara aiddir. Bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan çox fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Mümkündür ki, bu sevgi həyat yoldaşına qarşı yox, başqasına qarşı olsun. Bu da sabah real böyük problemlərə gətirib çıxarır”.
Erkən nikahlar Qafqaz coğrafiyası üçün aktual problemlərdəndir. Bəs qonşu dövlətlərdə bu problemlə necə mübarizə aparılır?
Gürcüstanda belə halların qarşısının alınmasına cavabdeh qurum Sosial Agentlikdir. Məktəblərdə təhlükəsizliyə cavabdeh şəxslər təhsildən yayınan şagirdlərlə, qızlarla bağlı tədbir görür və bununla bağlı Sosial Agentliyə məlumat verir.
Qeyd edək ki, 18 yaşınadək ailə quranların sayı az deyil. Belə ki, 1980-ci ildə ölkədə 60134 nikah qurulub ki, həmin il nikaha girən qızların 167-si 18 yaşı tamam olmayanlar olub. 1995-ci ildə 43130 nikahdan erkən nikaha girən qızların sayı 4030 olub. 2000-ci ildə bağlanan 39611 nikahdan 2473-ü, 2010-cu ildə 79172 nikahdan 4742-si, 2015-ci ildə bağlanan 68773 nikahdan 388-si, nəhayət 2017-ci ildə bağlanan 62923 nikahdan 317-si 18 yaşınadək olan qızlar olub. Qızlarla yanaşı, oğlanlar arasında da erkən nikaha daxil olanlar olur. 1980-ci ildə bağlanan nikahlarda 6 oğlan, 1990-cı ildə 21, 1995-ci ildə 44, 2000-ci ildə 11, 2006-da 50, 2015-ci ildə 3, 2015-də isə 1 oğlan 18 yaşını tamamlamadan nikaha daxil olub. Hazırda Azərbaycanda nikaha daxil olma yaşı qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunub.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”