“Ruhani istefa versin!” – deyən mühafizəkarlar niyə fikrini dəyişib? –"DƏRİN DÖVLƏT" PREZİDENTİ DƏSTƏKLƏMƏ MÖVQEYİ TUTUB

31-01-2020, 11:30   

Ruhullah Fəqihi

“Əl-Monitor”, 30.01.2020

 

İran islahatçıları prezident Həsən Ruhanini istefa verməyə, sərt tənzimçilər isə, təəccüblü olsa da, onu vəzifəsində qalmağa çağırıblar.

Hər gün yeni etiraz böhranları yaşandığı üçün Ruhani son aylarda görünməmiş təzyiqlərlə üzləşib. Bəlkə də Ruhaninin bəxti gətirmir, çünki vəzifədə olduğu müddətdə bir sıra gözlənilməz hadisələr, məsələn, 2017-ci ildə Donald Trampın seçilməsi – İranın mötədil prezidentinin təsəvvür etdiyi ən pis şey baş verib və Trampın seçilməsi ilə 2015-ci ilin nüvə sazişi ölüb, ABŞ sanksiyaları bərpa olunub. Ancaq İran və ABŞ-ın düşmən münasibətləri, görünür, taledir. İran özünə mötədil prezident seçəndə, ABŞ-ın dövlət başçısı mühafizəkarı olur və əksinə.

Ruhaninin istefası ideyasını ilk ortaya atan görkəmli islahatçı nəzəriyyəçi Səid Həccarian idi. 2019-cu ilin may ayında ABŞ-ın sanksiyalarına görə İranın iqtisadi böhranı zirvəyə çatdıqda, parlament gücünü təsirli bir şəkildə itirdiyindən, Həccarian İranın iqtisadi problemlərinin Ruhaninin istefası, növbəti parlament və prezident seçkilərinin keçirilməsi ilə həll edilə biləcəyini söyləyib.

Sözarası, mühafizəkarlar hər iki seçkini uda bilərlər.

“Maşregh News”-un yazdığına görə, Həccarianın bu təklifi “dərin dövlət”ə, yəni İslam İnqilabı Keşikçiləri Korpusu və Ali Rəhbər Ayətullah Əli Xamnəiyə zərbə vurmaq niyyəti daşıyıb.

Həccarian iddia edib ki, “dərin dövlət” islahatçıların dəstəklədiyi Ruhaninin, Qərblə danışıqlar prosesi daxil olmaqla, öz siyasətini həyata keçirməsinə imkan vermir. Beləliklə, ölkədə ahəngdarlığı açıq görmək üçün iqtidarı “dərin dövləti” təmsil edən qrupların ixtiyarına vermək daha yaxşıdır.

Cəmiyyətin yoxsul təbəqələrinin qəzəbindən qaynaqlanan 2019-cu ilin noyabr etiraz aksiyalarından bir neçə gün sonra İranın tanınmış islahatçı analitiki Abbas Əbdi də Ruhaninin istefasını təklif edib.

Sərt tənzimçilərin Ruhaniyə davamlı hücumlarını və iqtisadiyyatın ağır vəziyyətinin mənbəyinin məhz prezidentin  olduğu iddiasını xatırladan Əbdi hələ ötən il, dekabrın 8-də bildirib: “Son etirazlardan sonra Ruhani administrasiyasının qərar qəbul etmə ehtimalı azdır. Xüsusən, mühüm qərarları”.

Əbdi növbədənkənar prezident seçkisini keçirməyə çağırıb.

O deyib: “Seçki keçirilməlidir. Qəti olan budur ki, mövcud vəziyyətin davamı ən pis yanaşmadır”.

Analitik Həccarianın dəlillərini təkrarlayıb: “İqtisadiyyatda, xarici siyasətdə və daxili siyasətdəki mövcud problemləri həll etmək üçün idarəetmədə və siyasətdə birliyə ehtiyacımız var”.

Əbdi də qeyd edib ki, sərt tənzimçilər və “dərin dövlət” Ruhani qarşısında maneələr qoyub, yeni bir prezidentin və parlamentin sərt tənzimçiləri təmsil etməsi daha yaxşıdır.

Sözügedən şəxslərin normal qarşılanacaq fikirləri, təəccüblü şəkildə, tənzimçiləri qıcıqlandırıb. Onların dayağı olan “Keyhan” qəzeti bunu “düşmənlərin planı” adlandırıb.

“Bir tərəfdən, Ruhaninin istefasını təklif edir, digər tərəfdən, iddia edirlər ki, Ruhani administrasiyasının əleyhdarları onun uğursuz olmasını istəyirlər”, – deyə “Keyhan” 15 dekabr 2019-cu il tarixli sayında yazıb.

Qəzet əlavə edib ki, islahatçılar “Ruhaninin günahlarını mühafizəkarların ayağına yazmağa çalışır və bəlkə də ictimaiyyəti gələcək danışıqlara hazırlayırlar”.

Daha sonra: “İslahatçılar Ruhaninin populyarlığının batdığını yaxşı bilirlər və özlərini 2020-ci il parlament seçkilərinin məğlubları hesab edirlər. Güman ki, bunu İslam Respublikasının quruluşu ilə izah etmək istəyirlər”.

Ruhaninin hakimiyyətdən getməsi tərəfdarı olan sərt tənzimçilər son bir neçə ildə dəfələrlə onun istefasını tələb ediblər. Hətta 2019-cu ilin dekabr ayında din xadimi Əlirza Pənahian, Ruhanini impiç etmək üçün “güclü” və “müstəqil” parlamentin yaradılmasına çağırıb.

“Bundan sonra xalqın əziyyətlərini və Səudiyyə-Amerika böhranlarını iki il ərzində görməyə məcbur olmayacağıq”, – deyə Pənahian “tweet” atıb.

Ruhaninin istefa verməsi ideyasına sərt tənzimçilərin gözlənilməz müxalifətinə Abbas Əbdi belə təpki verib: “Hökümətin ciddi əleyhdarları bu həlli qəbul etmirsə, onda onların Ruhani üçün problem yaratmaması daha yaxşıdır. Bu administrasiya xarici işləri həll etməklə, iqtisadiyyatı canlandırmağa çalışır… Əgər bəyənmirsinizsə və yenə də buna ziddsinizsə, onda niyə istefa fikrinə qarşısınız?”

Daha sonra o vurğulayıb: “İstefanı yersiz hesab edirsinizsə, xahiş edirəm Ruhaninin öz işini görməsinə imkan verin”.

Görünür, Əbdi Ruhaninin daha çox danışıqlar aparmaq və ABŞ-la əlaqələri, o cümlədən prezident Barak Obamanın dövründəki əlaqələri bərpa etmək cəhdlərinə istinad edir.

Son bir ayda baş verən müxtəlif böhranların nəticəsi olaraq, sosial şəbəkələrdə bəzi sıradan bir insanlar da Ruhaninin istefasını tələb edirlər. Buna baxmayaraq, hətta Ruhani vəzifəsindən getməyə qərar verərsə, Ali Rəhbər Xamnəi mütləq şəkildə buna qarşı çıxacaq, çünki bu, ölkədə daha çox xaosa səbəb ola bilər.

Bu əsnada, nüfuzlu mühafizəkar analitik Abbasi Səlimi Nəmin hələ 2018-ci ildə deyib: “Ali Rəhbər istefanın reallaşmasına icazə verməz. O heç vaxt administrasiyaları yarıyolda qoymayıb”.

2019-ci ilin dekabr ayında verilən başqa bir açıqlamada Səlimi Nəmin Ruhaninin istefasının xaos yaradacağını iddia edib. “Buna görə də, benzinin qiymətində artımın gərginlik yaratdıqda Lider Ruhaniyə qarşı təzyiqlərin qarşısını alıb”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.