Ərgün Dilər
“Takvim”, Türkiyə, 30 yanvar 2020-ci il
ABŞ-İran gərginliyi və pərdə arxasında baş verənlərlə bağlı müşahidələrimizə qaldığı yerdən davam edək. “Fəlakət” dərəcəsində olan, lakin qəzetlərdə yazılmayan hadisələr yaşanmaqdadır. Bilmirik. Qısa bir xəbəri oxuyub keçirik. Halbuki işin arxa planında böyük bir münaqişə və savaş vardır.
Amma öncə bir qeydimi paylaşmaq istəyirəm. Xəzinə və maliyyə naziri Bərat Albayraq yenə hədəfdədir. Türk dövlətinin dünyada seçdiyi mövqeyə görə, ABŞ maliyyə hücumu təşkil etdi. Və müəyyən dərəcədə nəticə də aldı. Yaranmış durumdan çıxmaq üçün ən çətin dövrdə Bərat Albayraq Xəzinə və Maliyyə Nazirliyinin sükanı arxasına keçdi. Yəni, ən fırtınalı dövrdə kapitanlıq etdi. Albayraq inflyasiya ilə mübarizə etdi. Tənqid edildi. Faizin öhdəsindən gələ biləcəyini göstərdi. Tənqid edildi. Davosa getdi. Yenə tənqid edildi. Yəni, nə etdisə, tənqid edildi.
Ancaq burada çox adamın bilmədiyi bir görüş keçirdi. Davosda Trampın kürəkəni Kuşnerlə bir araya gələrək, hücumu dəf etmək üçün kanal açdığı kimi, investisiya cəlb etmək üçün də addımlar atdı. Kuşner də bu görüşə etirazı olanların olduğunu bildiyi üçün böyük mühafizə qrupu ilə gəldi. Görüşə gəldiyi xüsusi istehsal olan “Mersedes” CİP-də 5 adam vardı. Cared Kuşner arxada, iki mühafizəçinin arasında oturmuşdu. Artıq arxasını özünüz düşünün…
Burada çox adam bilmədən Albayrağı tənqid edirdi. Türkiyədə iş görmək, həqiqətən, çox çətindir. Son dərəcə önəmli toplantılarda önəmli nəticələr əldə etsəniz də, hədəf olursunuz. Qəribə deyilmi?
Təqribən 2 il öncə burada bir məsələ və şəxs haqqında yazmışdım. Çox önəmli idi. Əslində, daha öncə səhnəyə çıxmasını gözləyirdim. Ancaq son dövrdə ortaya çıxdı və gedişatı alt-üst etdi.
Daha öncə yazdıqlarımı xatırlamaq istəmirəm. Bəzən məcbur qalıram. Yenə elə bir dövrdən keçirik.
2018-ci ilin oktyabr ayında, mahiyyətcə, belə yazmışdım: “Maykl D`Andrea (MKİ-nin əməkdaşıdır, 2017-ci ildə İran Agentliyinə rəhbər təyin edilib – tərc.) MKİ-nin qara qutusudur. D`Andreanın İran masasının başına keçməsi yeni bir dövrün başlandığından xəbər verir. D`Andreanın bu vəzifəyə təyin olunması işlərin qarışacağın göstərir. Xaotik dövr başlayır… D`Andrea farsca, ərəbcə və türkcə bilir. İndi Orta Şərqdə yeni bir nizam qurulacaq. Maykl D`Andrea da bu nizamın memarı olacaq. Bu məsələ üzrə mütəxəssis olan D`Andrea 3 ildir Pentaqonun əmri ilə plan hazırlayır. Həyat yoldaşının müsəlman olması, sonra özünün də, heç kim inanmasa da, müsəlmanlığı qəbul etməsi onun bölgədə çox güclənməsini təmin etdi. D`Andrea İranda baş verən hadisələrin gizli oyunçusudur. Yəqin ki, qarşıdakı dövrdə adını daha çox eşidəcəyik…”
Bəli, təqribən 2 il öncə bunları yazdım. Və bunu da əlavə etdim: “D`Andrea, ilk iş olaraq, MKİ-nin Tehrandakı 2 gizli hücrəsini hərəkətə keçirdi”.
Və zaman keçdi, İranın 1 nömrəli hərbçisi olan Qasım Süleymani öldürüldü!
Bu mövzu ilə əlaqədar yazılmalı olan çox şey haqında yazdım. Bu hadisənin yeganə oxuma biçimi vardı: savaş böyüyür!
ABŞ-ın Qasım Süleymaniyə sui-qəsd təşkil etməsi çox böyük bir addım idi. İranın bu sui-qəsdə cavab verə bilməməsi və bunun dünya tərəfindən görülməsi də əməliyyatın detallarından biri kimi planlaşdırılmışdı. Məncə, altını bir daha cızmalıyam ki, ABŞ-la Britaniya arasındakı gərginlik hazırda tarixdəki ən yüksək nöqtəsindədir. Bunu “dərin Amerika” ilə Rotşild ailəsi arasındakı anlaşılmazlıq kimi də şərh edə bilərik. Ağ Evin Rotşild ailəsilə bir problemi yoxdur. Eyni qaydada, Kraliça II Yelizavetanın da “dərin Amerika” ilə bir problemi yoxdur. Mənzərə təqribən belədir.
Ancaq bu, ABŞ-la Britaniyanın savaş halında olması reallığını da dəyişdirmir. ABŞ-ın Qasım Süleymaniyə sui-qəsd təşkil etməsindən sonra İngiltərə Liviyadan pay istədi. İstəyini təkrar etdi. Vaşinqton isə bunu rədd etdi. Əlbəttə, İngiltərə bunu qəbul edə bilməzdi. Etmədi də… Və haqqında 2 il öncə yazdığım şəxsi hədəfə qoydu.
ABŞ-ın həqiqi “Qaranlıqlar şahzadəsi” olan Maykl D`Andrea artıq İngiltərənin mənzilinə girmişdi. Ancaq Maykl D`Andrea sanki yoxa çıxmışdı. Onu çox görən də yox idi. Onunla tanış olanlar Maykl D`Andrea ilə tanış olduqlarını bilməzdilər.
Orta Şərqə yön verən, MKİ-nin bütün imkanlarından istifadə edən Maykl D`Andreanın ölüm əmri Əfqanıstandakı ingilis desant birliyi kimi tanınan, lakin bütün gizli əməliyyatların mərkəzində yer alan “Qırmızı beretlilər”ə getdi. Bütün planlarını Mİ6 ilə İngiltərə Baş Qərargahındakı xüsusi bir heyətin hazırladığı bu əməliyyata start verildi. Tarix də 27 yanvar olaraq müəyyən edildi.
“Dərin Amerika”nın ən önəmli silah şirkətlərindən biri olan “Northrop Grumman”ın E-11 A təyyarəsinin Qaznə şəhərinin Deh Yak bölgəsindəki Sadukhel yaxınlarında olacağı haqqında gələn məlumat təsdiq olundu. İçində də Qasım Süleymaniyə qarşı təşkil olunmuş sui-qəsdin planlayıcısı olan Maykl D`Andrea vardı. Bu informasiya Mİ6-nın xüsusi qurumu, MKİ-dəki London heyəti tərəfindən təsdiqləndi. Və E-11 A təyyarəsi ingilis zabitləri tərəfindən amerikan raketi ilə vuruldu. Maykl D`Andrea Qasım Süleymani kimi, bir sui-qəsdlə öldürüldü.
Öncə hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürdü. Maykl D`Andreanın öldüyünü bilsəydi, Tehran da “hücumu biz etdik” açıqlaması verərdi.
İngiltərə Liviyada böyük boss olmaq istəyir. Bunu dəfələrlə ABŞ-a söylədi. Lakin onu razı sala bilmədi. İngiltərə öz qərarı ilə Liviyada olmaq istədiyi üçün ABŞ Prezidenti Trampdan daha dəyərli olan bir şəxsi, yəni Maykl D`Andreanı yox etdi.
Qasım Süleymani getdi, arxasınca da Maykl D`Andrea…
ABŞ bunun qarşılığında bir həmlə edəcək. Bunun yaxın zamanda olub-olmayacağı məlum deyil, ancaq mütləq bir və ya bir neçə önəmli ingilis öldürüləcək. Çünki Maykl D`Andrea çox özəl bir şəxs idi.
Onun öldürüldüyünə inanmayanlar da var. Çünki Maykl D`Andrea, şübhəsiz, ABŞ tarixinin ən dərin şəxsidir. Onun bir raketlə öldürüldüyünü qəbul etmək, əlbəttə, çox asan deyil. Ancaq Pentaqon və MKİ-də böyük məyusluq vardır. Adi biri üçün nə Pentaqon, nə də MKİ ağlayar. Amma ağlayırlar…
Cina Haspelin çox dəyər verdiyi bir şəxs kimi tanınan Maykl D`Andreanın ölümü qüvvələr balansını təkrar dəyişdirəcək.
Bunu Taliban etsəydi, Pentaqon bilərdi. Talibanın bu sui-qəsdi təşkil edəcək nə yetərli gücü, nə də ağlı vardır. Ona görə də Vaşinqtonun ən böyük hədəfi artıq London olacaqdır. Təbii, bu, dünyanın bir çox ölkəsində gərginliyə səbəb olacaq. İngiltərəyə sadəcə London üzərindən baxa bilmərik. 5 qitədə olan bir ölkədən bəhs edirik.
Maykl D`Andreanın adı, etdikləri və öldürülməsi gərginliyin çox artacağına işarət etməkdədir. Doğrusu, çox sürpriz hadisələrin baş verəcəyi haqqında tez-tez yazıram. Bu şəxslər çox yüksək səviyyəli şəxslərdir. Savaşın gəlib çıxdığı yer artıq dövlət başçıları səviyyəsidir. Məncə, Maykl D`Andrea bundan bir pillə alt səviyyədir. O, sadəcə bir MKİ agenti deyildi. Bunu hər kəs bilirdi. Əlbəttə, İngiltərə də bilirdi.
2020-ci il çox sürprizə hamilədir. Savaş əməlli-başlı qızışdı. Orta Şərq və Afrika masa üzərindədir. Savaşın səbəbi budur. Və heç bir ölkə bu iki güc arasında başlayan savaşdan kənarda qala bilməz. Bu da dünyanın reallığıdır.
Çox şey olacaq. Çox! Hamımız birlikdə təəccüblənəcəyik.
Tərcümə Strateq.az-ındır