Koronavirus xofu: əməkdaşlarımız Bakı küçələrində çinlilərin axtarışına çıxdı

2-02-2020, 11:00   


Ötən ilin dekabrından qeydə alınan və bu günədək 25 ölkəyə yayılan koronavirus  səbəbindən əksər ölkələr Çinə aviareysləri ləğv edib. Rusiya Çinlə sərhədi bağlayıb, çinli turistlərə viza verilməsini müvəqqəti dayandırıb.

Virusla bağlı həyəcanlı xəbərlər çinli turistlərlə münasibətlərə təsir göstərib. Türkiyə mətbuatı xəbər verir ki, Romada iki çinli turistin koronovirusa yoluxması səbəbəindən İtaliya hökuməti ölkədə 6 aylıq fövqəladə vəziyyət elan edib və xəstəliklə mübarizə üçün ilkin olaraq 5 milyon avro vəsait ayırıb. Virusun yaratdığı qorxu və təşviş səbəbindən insanlar çinli turistlərin olduğu qapalı məkanlardan, o cümlədən, kafe və restoranlardan uzaq qaçırlar. Ötən həftə bir qrup yerli sakin çinli turistlərin olduğu kafelərə hücum edərək çinliləri təhqir ediblər. Küçələrdə çinli turistlərlə qarşılaşanlar yerə tüpürməklə etirazlarını bildirirlər.

Çinlilərin Azərbaycana axını

Türkiyədə çinli turistlərə hücumlar olmasa da, mərkəzi əyalətlərdə yerli əhali çinlilərin getdiyi kafelərdən yan qaçır, onlarla eyni məkanda oturmaq istəmirlər. Sosial şəbəkələrdə Almaniya, Rusiya kimi ölkələrdə də əhalinin təşvişə düşməsi ilə bağlı məlumatlar yayılıb.  Çünki Amaniyada virusa yoluxanların sayı 8-ə çatıb, Rusiyada çindən gələn 2 nəfərdə koronavirus aşkarlanıb.   

Rəsmi məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxma qeydə alınmayıb, amma təhlükəsizlik baxımından Çinə uçuşlar dayandırılıb. Bununla belə ölkəmizə çinli turistlər sərbəst gəlirlər, yaxud Azərbaycandan keçməklə digər ölkələrə gedirlər. Bu günlərdə isə Azərbaycandan keçib Gürcüstana keçən bir qrup çinli turist virus şübhəsi ilə karantinə yerləşdirilib. Analoji hal Azərbaycandan keçib İranaa gedən çinlilərlə bağlı baş verib.

Virtualaz.org-un əməkdaşları da qoruyucu maskalar taxıb şəhərdə turistlərin sıx olduğu Dənizkənarı bulvar ərazisində və mərkəzi küçələrdə  çinli turist axtarışına çıxıblar. Məlum olub ki, Bakıda çinli turistlər çoxdur, onlar özlərini İtaliyada olduğu kimi təhlükədə hiss etmirlər. Axşam saat 6-dan sonra şəhərin mərkəzi küçələrində, bulvarda gəzintiyə çıxırlar.

Satıcı: “Onsuz da çinli turistlərin varlıqları ilə yoxluqları bilinmir, pul xərcləyən deyillər...”

Dənizkənarı Milli Parkdakı köşklərdə satıcılar belə deyirlər. Onların sözlərinə görə, yayda çinli turistlərin sayı indikindən qat-qat çox idi. İndi də axşamlar gəzintiyə çıxanlar olur. Amma kafelərdə oturub yemək sifariş verənlər azdır, çoxu ayaqüstü yeməklərə üstünlük verir.

 “Çinlilər pul xərcləyən deyillər. Yayda gün ərzində iki-üç çinli nəysə alırdı. İndi axşamlar gəlib gəzirlər. Tək-tək hallarda kafelərdən nəysə sifariş verərlər”,-satıcılardan biri deyir. Əlavə edir ki, qoruyucu maska taxan çinli turistə rast gəlməyib. Onlar elə maskasız dolaşırlar.

Dənizkənarı Milli Parkda dondurma satanlar da çinli turistləri sevmirlər, amma virus yaydıqları üçün deyil, dondurmaya pul xərcləmədiklərindən. Onlardan biri deyir ki, ərəblər kimi çinlilər də təmizliyi qorumurlar. “Çinlilərin varlıqları ilə yoxluqları bilinmir,  hələ indiyədək bir çinli turist məndən dondurma almayıb. Heç yaxınlaşıb qiymət soruşan da yoxdur”,-satıcı deyir.

Təxminən yarım saatlıq “axtarış” ərzində Dənizkənarı Milli Parkda çinli turistlərə hər halda rast gəldik, onlar 2-3 nəfərlik qruplarla gəzirdilər, qoruyucu maskada deyildilər və belə görünür ki, virusla bağlı hər hansı məhdudiyyətlərlə üzləşmirdilər. O cümlədən Bakının Fəvvarələr meydanında da çinli turistlərin sərbəst dolaşdıqları görünürdü.

 “Axşamlar “Torqovı”da çinlilərin əlindən tərpənmək olmur...”

Söhbətləşdiyimiz taksi sürücüsü isə deyir ki, onun müştəriləri arasında xaarici turistlər çox olur, amma çinlilərdən uzaq durmağa çalışır. Bildirir ki,  son günlər taksi sürücüləri arasında ən çox müzakirə olunan məsələ koronavirusdur. Çünki müxtəlif adamlarla ümsiyyətdə olurlar, hər xəbərdən narahatlıq keçirirlər.  Son vaxtlar virusla bağlı o qədər xəbər eşidirlər ki, hansının doğru, hansının yalan olduğunu aydınlaşdırmaq mümkün deyil. Buna görə də çinli tuistlərdən yan qaçmağa çalışır.

“Axşamlar “Torqovı”da çinlilərin əlindən tərpənmək olmur. Dəstə ilə gəzirlər. Üstəlik Çindən təzə gələnlərdir”,-sürücü bildirir.

Çinli turistlərin ən çox üz tutduqları məkan ticarət mərkəzləridir. Mağaza satıcılarından biri deyir ki, hələlik onlara maska taxmaq məsləhət görülməyib. Əlavə edir ki, rəhbərliyin rəsmi icazəsi olmadan satıcılar, eləcə də kassirlər özbaşına maskalardan istifadə edə bilməzlər. “Çinllər də gəlirlər, alver edib gedirlər. Amma  hələlik real təhlükə yoxdur”, -satıcılardan biri belə deyib.

Ticarət mərkəzindəki kafelərdən birinin ofsiantı isə istifadə edilən qabların hər gün adi qaydada təmizləndiyini, turistlər arasında fərq qoyulmadığını bildirir.

Qeyd edək ki, bu günə kimi koronavirusa yoluxanlardan 259-u ölüb. Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi koronavirusu qlobal təhlükə élan edib. Və ən əsası fevralda vəziyyətin daha da  dramatik xarakter alacağı, yoluxanların sayının birə beş artacağı gözlənilir.

Ü.Xudiyeva

G.Əliyeva

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.