İranın mədəniyyət fəallarından təpki:TARİX DƏRSLİKLƏRİNDƏN RUSİYA ƏLEYHİNƏ OLAN İFADƏLƏR SİLİNİR

3-02-2020, 17:14   

“Aftab-e Yəzd” qəzeti, 03.02.2020

 

Dərsliklərdəki dəyişiklik və “təmizləmələr” həmişə ifratçılıqla yadda qalıb. Ötən dərs illərində də bəzi şairlərin şer mətnlərinin dərsliklərdən çıxarılması ilə əlaqədar çoxlu dedi-qodular olmuş və mənfi təpkilər doğurmuşdu. İndi də eyni hal müşahidə edilir.

Bunun ardınca Təhsil Nazirliyinin Tədqiqat və Kurikulum Təşkilatının rəhbəri hüccətül-islam Əli Zoaləm bildirmişdi: “Belə bir şey yoxdur və bütün şairlər dərslikdə qalmaqdadır”.

Onun sözlərinə görə, müəyyən mərhələdə tədris proqramlarının yenilənməsi həyata keçirilib. Bununla əlaqədar orta məktəblərə aid dərsliklər bütünlüklə yenilənib. Yeni kitablar dəyişikliklərlə yazılıb və nəşr edilib.

Əli Zoaləm bildirib ki, “bu, son 1-2 ildə baş verməyib və mütəxəssislərimiz bu mövzuda kifayət qədər məlumat veriblər, çünki kitablarda mətnlərin seçimi tədris planında yer alan göstəricilərə əsaslanır və bunun nəzəri təsiri yoxdur”.

Ancaq dərsliklərdə “təmizləmə” və dəyişiklik mövzusu bununla bitməyib və bu günlərdə bir onlayn təhsil mütəxəssisi Rusiyanın İran torpaqlarına təcavüzünün bəzi dərsliklərdən silinməsi və ya mətnlərin dəyişdirilməsi iddiasını ortaya qoyub.

Bu, ölkə uşaqlarının beyninin “təmizlənməsi”dir!

 

Anti-Rusiya məzmununun silinməsi

Bir sıra tvitlərində o, riyaziyyat, fizika, empirik, ədəbiyyat və humanitar, habelə İslam elmləri fənləri dərsliklərinin məzmununda silinmiş və dəyişdirilmiş nümunələrin şəkillərini paylaşıb. Onların əksəriyyətində ədəbi-obrazlı (frazeoloji) ifadələr dəyişdirilib.

Söhbət Rusiyanın İrana qarşı apardığı müharibələrlə bağlı “qan tökmək”, “tamah salmaq” və s. ifadələrdən gedir. Bu mədəniyyət fəalı ədəbiyyat müəllimi Hüseyn Təriqətin dərc etdiyi “Tarixin qəribə senzurası” məqaləsi əsasında 1396-1398-ci (2016/17-2018/2019-cu) tədris ilindən sonra nəşr olunan kitablar barədə məlumat verib.

Bu dəyişikliklərin 2 nümunəsində, dərsliklərin ilk nəşrində iki ölkənin hərbi qüvvələri arasındakı qarşıdurma və ya İranda çox sayda rus əsgərinin olmasına dair hissədə “Rusiya ordusu” ifadəsi “ruslar” ifadəsi ilə əvəz edilib.

Bundan əlavə, dərsliyin ilk nəşrində olan “Tezliklə günahsız insanların qanına boyanmış torpaqda Rusiya bayrağı qaldırıldı” cümləsi yeni nəşrdən çıxarılıb və onun yerinə “Tezliklə bölgə Rusiya ordusu tərəfindən ələ keçirildi” cümləsi yazılıb.

Dəyişikliklə yanaşı, mədəniyyət fəalının sözlərinə görə, mətnlərdən bəzi mətləblər də çıxarılıb. Bir nümunə: əvvəlki nəşrdə “Təbriz, bu qədim şəhər İranın şimal qonşusunun, yəni Rusiyanın əl uzunluğuna qarşı cəbhə xəttində müdafiə mərkəzi idi” ifadəsi silinib. Digər nümunə: yeni nəşrdə “Rusların Azərbaycana tamah salması” və ya “rusların ifrat tamahkar və dəhşətverici nəzərləri” ifadələri çıxarılıb.

Qeyd etmək lazımdır ki, dərsliklərdə Rusiyanın xeyrinə təftişlər və dəyişikliklər keçən il təhsil naziri Məhəmməd Bəthayinin nazirliyin bəzi orta məktəblərdə rus dilinin ikinci dil olaraq tədrisinə hazırlıq üçün Moskvaya səfəri ilə eyni zamana təsadüf edib. Nazir o zaman bu addımını “ingilis dilinin inhisarını pozmaq cəhdi” adlandırmışdı.

 

Rəsmilərin susqunluğu

Mövzunu araşdırmaq üçün təhsil orqanları ilə əlaqə saxladıq, lakin məmurların hər biri heç bir şəkildə sualları cavablandırmadı, ya da mövzu ilə bağlı cavabı təxirə saldı və heç biri dəqiq bir izahat vermədi.

İlk dəfə deyil ki, təhsil rəsmiləri oxşar mövzularda məsuliyyətdən yayınırlar. Əvvəllər də dəfələrlə təhsil problemləri ilə bağlı cavabdehliyə laqeyd yanaşıblar və təpkinin yoxluğu artıq adiləşib.

İrəli sürülən iddianın, yəni dərsliklərdə bu cür dəyişiklik və “təmizləmə”lərin baş verdiyi sübut olunarsa, ilk addım – bəzilərinin ölkəmizin tarixini açıq şəkildə təhrif etdiyini boynumuza almaqdır.

Tarixin təhrifi hər cəhətdən qınanılır və bu, unudulmamalıdır.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.