Dünyasını dəyişmiş keçmiş icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov mənim qızıma evlilikləri müddətində həmişə işgəncə verib, incidib, döyüb. Dəfələrlə boşanmağa cəhd edib, ancaq hər dəfə ona bizi öldürməklə hədə-qorxu gəlib, fikrindən yayındırıb. Mən bilmirəm, qızım xəstəxanadan sağ çıxacaq, ya yox, ancaq biz artıq bu qorxu ilə yaşaya bilmirik. Qızım sağalsa belə, o, bizi rahat buraxmayacaq.
Bu sözləri Axar.az-a dünən Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun keçmiş qayınanası Elmira Zeynalova deyib.
O bildirib ki, keçmiş kürəkəni Ceyhun onun qızına hədə-qorxu gələrək ailə qurub:
“Mənim qızıma hədə-qorxu gələrək evlənib. Qızımı bizimlə, ailəsini öldürməklə hədələyirdi. Qızım buna görə onunla evlənib. Bu illər ərzində qızım həmişə ondan şiddət görüb, onu həmişə döyüb, təzyiq göstərib, evdən bayıra buraxmayıb, məcbur başını başlatdırıb. 19 il bundan əvvəl də qızımı bıçaqlamışdı. Buna görə onu həbs də etdilər. Ancaq rəhmətlik atası, keçmiş icra başçısı Nizami Bəhmənov oğlunu türmədən çıxartdırdı.
Bu illər ərzində qızımın ondan boşana bilməməsinin səbəbi hədə-qorxudur. Qızım onunla evlənəndə belə bizə bildirmədi ki, Ceyhun onu hədələyir. 3 uşaqları var – 19, 15 və 6 yaşlarında. Artıq uşaqlar da o ataya dözmürlər.
Qızını məktəbə qoymur, oğlunu döyür. Ceyhun özü dindardır, uzun saqqal saxlayır. Evə də tez-tez özü kimi dindar, saqqallı kişilər gətirir. Qızının başı 3 yaşından bağlıdır. Məktəbə getməyə belə qoymur. Oğlu onun kimi dindar deyil deyə, onu dəfələrlə döyüb. Sonuncu dəfə onu evdən qovdu ki, mənim sənin kimi oğlum yoxdur. Oğlu bizim yanımızda qalır o vaxtdan. Uşaq evdən qovulandan sonra çox sevindi ki, canım qurtardı o adamdan”.
Hadisənin necə baş verməsindən danışan E.Zeynalova bildirib ki, hər şey 15 yaşlı qızının gözü önündə baş verib:
“Qızım Naxçıvandan gəlmişdi, 15 yaşlı qızını həkimə aparmalı idi. Qızım bilməyib ki, bu adam onu güdür. Ceyhun yolda onun üstünə tullanıb və hər iki əlindəki bıçaqlarla 16 zərbə vurub. 15 yaşlı qızının gözü qabağında vurub anasını. Uşaq qışqırıb, ağlayıb “ata, eləmə” deyirmiş. Qızım indi ağır vəziyyətdə xəstəxanadadır. Hələ də özünə gəlməyib. Başından dəfələrlə bıçaqla vurub. Başından, sinəsindən, qarnından əməliyyat olunub. Bu adam yenə gələcək. Pul verib çıxacaq oradan. O, heç kəsdən qorxmur. Qardaşı da kömək edir ona, pul verir. Hamı bilir ki, o adam manyakdır. Biz ondan canımızı qurtara bilmirik. Çox yerə müraciət etmişik, ancaq bizə deyirdilər ki, hələ ki o adam heç nə etməyib deyə, tuta bilmərik.
Qızıma dəfələrlə şantaj mesajları yazıb ki, səni öldürəcəm. Biz artıq bilmirik nə edək. Bu adamın necə biri olduğunu hamı bilməlidir. Bəlkə, bizə kömək edən olar. Özümüzün, qızımın, nəvələrimin həyatı təhlükədədir”.
Xatırladaq ki, dünən Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov Bakıda keçmiş arvadı Dilarə Bəhmənovaya 16 bıçaq zərbəsi vuraraq onu ölümcül yaralayıb.