“Slim Diet Baku”nun fırıldaqları üzə çıxdı - Məşhurların reklam etdiyi şirkət insanları necə aldadır?

6-02-2020, 10:17   
 

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovadan, aparıcı Vüsalə Əlizadə, müğənnilər Abbas Bağırov, Xatirə İslama qədər bir çox səhnə ulduzları və influserlər müəyyən məbləğ müqabilində müxtəlif şirkətlərin məhsullarını minlərlə izləyicisi olan instaqram hesablarında bəh-bəhlə reklam edib onlara müştəri cəlb edirlər. Bəli, bu gün şirkətlərlə fərdi reklam əsasında əməkdaşlıq blogerlər üçün pul qazanmağın ən uğurlu və populyar üsullarından biridir.
Məhsulun keyfiyyətinə birbaşa şirkətin özü məsuliyyət daşısa da, blogerlərin borcudur ki, izləyicilərinə reklam yolu ilə sırıdığı məhsulların keyfiyyətindən xəbərdar olsun. Əgər işlədiyiniz markanın faydalı olduğundan əminsinizsə, həm qazancın məbləği artır, həm də uzunmüddətli müqavilə bağlamaq şansı yüksəlir. Bu, uğurlu biznesin birinci qaydasıdır. Yalnız pul qazanmaq ideyası ilə maraqlanırsınızsa, yaxşı əməkdaşlıq edə bilməyəcəksiniz. Əlbəttə ki, özünə və tamaşaçılarına hörmət edən məşhurlar yararlı olmayan işləri reklam etmir. Beləliklə, hər şey çox sadədir: şirkətin verə biləcəyi faydalara nə qədər çox diqqət etsəniz, həm izləyiciləriniz sizi daha dəyərli hesab edəcək, həm də belə əməkdaşlıqdan qazancınız artacaq.
Şirkətlərlə reklam müqaviləsi əsasında çalışmaq əlbəttə ki, faydalıdır, amma bu təklifə gözüyumulu razılaşan tanınmışlar izləyicisinin sağlamlığı ilə oynadığının fərqində deyil. Və bu məhsulun faydalı olub-olmadığı haqqında heç bir araşdırma aparmırlar.
“Slim Diet Baku” son aylarda Azərbaycan sənətçilərinin instaqram hesabında tez-tez qarşımıza çıxan pəhriz yemək şirkətlərindən biridir. Sirr deyil ki, şirkət ulduzların hesabına kifayət qədər məşhurluq qazanıb. Müxtəlif paketli pəhriz məhsulları təklif edən “Slim Diet Baku” parlaq qablaşdırması ilə potensial alıcı sayını çoxaldır. Lakin şirkətin ilk baxışda faydalı görünən paketləri arxasında görünməyən tərəflər var. Məsələ ondadır ki, bu paketlər arıqlamaq istəyən alıcının orqanizminin fərdi xüsusiyyətlərinə hesablanmır. Daha dəqiq desək, müştərinin yaşı, çəkisi, xəstəlikləri və digər vacib amillər nəzərə alınmır. Yəni paketlər alıcının zövqü çərçivəsində gətirilir və hansı məhsulların orqanizmə uyğun olub-olmaması ekspertlər tərəfindən təyin olunmur.
Publika.az xəbər verir ki, sözügedən şirkətin məhsullarından narazı qalan Gülnar Əliyeva “Slim Diet Baku” barədə saytımıza şikayət ünvanlayıb. Xanım bildirib ki, göndərilən məhsulların keyfiyyəti onların reklamı ilə uzlaşmır.
“İnstaqramda şirkətin reklamını görüb onlarla əlaqə saxladım. Zəng edib bir həftə xidmətlərindən istifadə etmək istədiyimi bildirdim. 3 forma təklif olundu, “Premium” və digər paketlər. Mən də “Premium”u seçdim. Söylədilər ki, həmin paket digərlərindən menyuda balıq və dietik şirniyyatlar olması ilə seçilir. Maraqlıdır ki, xidmətdən istifadə etdiyim müddətdə balıq ümumiyyətlə olmadı. Pəhriz adıyla satılan menyunun sağlam qidalanma ilə heç bir əlaqəsi yox idi. Səhər yeməyinə qutab və çörək qoymuşdular. Günorta menyusunda isə yağda bişmiş yeməklər, makaron məhsulları gətirmişdilər. Bir həftə ərzində çəkimdə heç bir dəyişiklik baş vermədi. Sağlamlığım haqqında maraqlanmadılar, analiz istəmədilər. Yeməklərin dadından təzə bişmədiyi də hiss olunurdu. İnstaqram səhifələrində tanınmış adamların cəlbedici fotoları qoyulsa da, orada təqdim olunan paketlərin heç birini göndərilən yeməklərin arasında görmədim”, - deyə şikayətçi qeyd edib.
Pəhriz yeməkləri satan şirkətlərin arıqlamaq istəyən alıcılara hansı prinsiplər əsasında xidmət etdiyini öyrənmək üçün ekspertlərin rəylərini öyrəndik.
Bu şirkətlərin iş prinsiplərinin düzgün qurulmadığını deyən “Leman Med Klinikası”nın baş həkimi, doktor dietoloq, terapevt Ləman Süleymanova iddialı sözlər səsləndirib. O bildirib ki, belə məhsulların tərkibinə zərərli maddələr əlavə olunur ki, pasient arıqlaya bilsin:
“Statistikalar göstərir ki, dünya əhalisinin 80 faizi piylənmədən əziyyət çəkir. Piylənmə dünyada getdikcə tüğyan edir, daha çox uşaq və yeniyetmələr arasında artım müşahidə olunur. Bunun müəyyən səbəbləri var: genetik modifikasiya olunmuş qidalar, iqlim xüsusiyyətləri, dərman və s. Təbii ki, arıqlamaq istəyənlər müxtəlif üsullardan istifadə edə bilər. Bəzən pasientlər peşəkara müraciət etmək əvəzinə daha asan yol seçirlər. Əslində hər bir orqanizm individualdır. Artıq çəki xəstəlikdir, müəyyən xəstəliklərin inkişafı üçün birbaşa zəmin hazırlayır. Odur ki, çəki problemi olan hər kəs ilk növbədə həkimə müraciət etməlidir. Son illərdə dietologiya elmindən sui-istifadə edən dırnaqarası mütəxəssislər və işbazlar çıxıb. İnanıram ki, çox yaxında məsələ Səhiyyə Nazirliyi və lazımi orqanlar tərəfindən araşdırılaraq aradan götürüləcək.

Sosial şəbəkələrdə arıqlamaq üçün müxtəlif kokteyllər, dərmanlar reklam olunur, müəyyən şirkətlər arıqlamaq istəyən insanlara hazır yeməklər təklif edir. Problem ondadır ki, bu şirkətlərin fəaliyyətinə icazə verilsə də, satdığı məhsulların tərkibi araşdırılmır. Əminliklə deyə bilərəm ki, həmin qidaların tərkibinə toz şəklində zəhərli kimyəvi maddələr əlavə edilir ki, arıqlamaq effekti versin. Yeməklərə qatılan bu maddələr xərçəng kimi qorxulu xəstəliklərə yol aça bilər.
Biz pasienti qəbul edərkən, onun psixoloji durumunu öyrənirik, sonra müəyyən individual analizlər və müayinələr təyin edirik. Arıqladıqdan sonra xəstəyə ac qalmadan xüsusi proqram tətbiq olunur. Xəstə sağlam qida ilə arıqlamalıdır. İşbazlarsa “sağlam qida” terminini öz şüarlarına çevirərək tərkibinə kimyəvi tozlar əlavə edilmiş məhsullarını bazara çıxarırlar. Onların tərkibi araşdırılsa görərik ki, hazırlanma qaydası standartlara və gigiyenik qaydalara uyğun gəlmir. Gigiyenik qaydalar müəyyənləşdirilməyib, o ki qaldı onun tərkibinə əlavə olunan məhsullar”.
Mütəxəssis qeyd edib ki, pəhriz yeməkləri təklif edən şirkət əməkdaşlarının böyük əksəriyyətinin tibbi savadı yoxdur:
“Pəhriz yeməkləri təklif edən şirkətlər sosial şəbəkələrdə insanları yoldan çıxarır. Biz universiteti bitirdikdən sonra həkim sayılmırıq, həkimin ən azı 5-10 il təcrübəsi olmalıdır. İnsan orqanizmini bizə etibar ediblərsə, ustad olmalıyıq. Çox təəssüf ki, heç bir tibbi savadı və diplomu olmayan insanlar pəhriz qidaları adı altında şirkət açıb yalandan xəstələri qəbul edir. Təbii ki, dəqiq yoxlamalar aparılmadan insanlara zəhərli yeməklərini təklif edirlər”.
Dietoloq hesab edir ki, belə pəhriz şirkətlərindən yemək sifariş verən müştəri günahı özündə axtarsın:
“Müştəri özü günahkardır ki, həkimə və mütəxəssisə müraciət etmədən hansısa şirkətə etibar edir. Onların təcrübəsizliyindən irəli gəlir ki, arıqlamaq istəyən insanın menyusuna pəhriz yeməkləri yerinə kalorili məhsul göndərirlər. Xəstənin səhhəti onların vecinə deyil. İkincisi, standartlara uyğun olmayaraq hazırlanmış bütün məhsulların tərkibinə müəyyən qatqılar əlavə edilir. İnanıram ki, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar yaxın zamanlarda bu barədə ölçü götürəcək”.
Dietoloq-endokrinoloq Səlim Əhədov isə portalımıza bildirib ki, istər artıq çəkisi olan, istərsə də piylənmədən əziyyət çəkən insan sağlam hesab olunmur. Odur ki, xəstəliyi həkim müayinəsi olmadan müalicə etməyə çalışmaq və hər hansı şirkətin pəhriz məhsullarından yararlanmaq fayda verməyəcək:

“Piylənmə özü bir xəstəlikdir. Onun səbəblərinin araşdırılması üçün xəstə endokrinoloqa müraciət etməlidir. Bəlkə hansısa hormonal və ya metabolik problem, yaxud hardasa hormon ifraz edən şiş var. O şiş ifraz etdiyi hormonlarla çəkini sürətlə artırır. Əgər şiş aradan götürülməzsə, xəstə nə qədər ac qalsa və müxtəlif pəhrizləri həyata keçirsə də, arıqlamaq mümkün olmayacaq. Bu problemlər müalicə edilməlidir ki, xəstə arzuladığı çəkiyə qovuşsun. Onun həqiqətən də heç bir problemi yoxdursa, artıq çəkinin altında yatan səbəblər araşdırılır, bunlardan biri hərəkətsizlik ola bilər. Bu halda həkim idmanla məşğul olmağı tövsiyə edir.
Əgər piylənmə qidalanma ilə bağlıdırsa, sözsüz ki, həddən artıq kalorili qidalanan adam kökələcək. Hər gün yeyilən artıq kalori ehtiyata gedir. Odur ki, ilk növbədə endokrinoloqun dəyərləndirməsi lazımdır. Dünya təcrübəsində piylənmənin müalicəsi belə aparılır. Növbəti mərhələdə endokrinoloq xəstəni dietoloqa yönəldir və xəstəyə uyğun kalorili qidalanma proqramı tərtib edilir. Dietoloq pasientin vəziyyətini, hətta işini dəyərləndirərək lazım olan pəhrizi yazır”.
Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov qeyd edib ki, pəhriz köklükdən əziyyət çəkən şəxsin xəstəliyinə əsasən hazırlanmalıdır:
“Yeməklər uzun məsafəyə daşınırsa, onlar artıq pəhriz olmaqdan çıxır. Pəhriz yeməkləri təzə və yerində təqdim olunmalıdır. Soyuq qəlyanaltılardan başqa onların da yemək saatları var. Pəhriz yeməkləri xəstəliyə əsasən təyin olunmalı və hazırlanma qaydaları göstərilməlidir. İnanmıram ki, Azərbaycanda hansısa şirkət pəhriz yeməklərini düzgün qaydada hazırlasın. Sanatoriyalarda olanda görürəm ki, keyfiyyətli pəhriz yeməkləri verilmir. Dadsız, suda və ya buxarda bişmiş yeməkləri pəhriz qidası kimi təqdim edirlər. Ölkədə pəhriz anlayışı yalnız arıqlamaq kimi qavranılır. Bu, düzgün yanaşma deyil”.

Baş aşpaz Arzu Məmmədqızının sözlərinə görə, pəhriz yeməklərindən söhbət gedirsə, ərzaqlar yağda bişirilməli deyil:
“Əgər ət və ya toyuğun döş əti, müxtəlif tərəvəzlər qaynadılırsa, hazır olan kimi yeyilməlidir. Duzlanmış halda soyuducuda saxlayıb yemək heç də düzgün deyil. Belə yeməklərin həmişə əleyhinə olmuşam. Evlərə pəhriz yeməkləri aparan bəzi şirkətlərin pəhriz menyusunu düzgün tərtib etməməsi müştərilərin narazılığına səbəb olub. Bu səbəbdən də belə şirkətlər öz fəaliyyətini sonlandırmalı olub. Məsələn, klub-sendviç və ya qulyaj pəhriz yeməkləri siyahısına daxil olmasa da, alıcılara o adla təqdim olunur”.

Aşpazın sözlərinə görə, yeməklərin istifadə müddətini artırmaq üçün şirkətlər onlara qatqı maddələri əlavə edir ki, bu da insana zərər verir. Belə tozlar insanı bir müddət arıqlada bilər, amma istisna deyil ki, hər hansı orqanına zərər verəcək:
“Qaynadılmış qarabaşaq, gül kələmi, kök, lobya, qarğıdalı, ümumiyyətlə qaynadılmış və yağsız bişirilən hər hansı məhsul pəhriz yeməyi sayılır. Dediyim kimi, bunlar yerində bişirilib yeyilməlidir və heç bir ədviyyat qatılmalı deyil, hər tərəvəzin öz dadı-tamı olmalıdır”.
Hüquq eksperti Səməd Vəkilov isə bildirib ki, pəhriz qidaları adı altında satılan məhsulların keyfiyyətinin aşağı olması və ya qatqı maddələri əlavə olunması birbaşa istehlakçının hüquqlarının pozulmasıdır:
“Qidaların istifadə müddəti olmalı və ərzaq təhlükəsizliyi qorunmalıdır. Ərzaq təhlükəsizliyi ilə Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və ictimai birliklər məşğul olur. Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Burada söhbət insanın həyatına təhlükə yaradacaq qidalardan gedir. Müddəti keçən məhsulların istifadəsi inzibati məsuliyyətə səbəb olur, ancaq insan həyatı üçün təhlükə yaranarsa, cinayət məsuliyyətinə cəlb olunur. Bu halda məhsulun dövriyyədən çıxarılıb-çıxarılmaması maraqlıdır. Pəhrizi təklif edən şirkətin ərzaqları haradan götürdüyü və digər fəaliyyətləri yoxlanılmalıdır. Ərzaqları qanuni şəkildə müqavilə ilə alırsa, vaxtı keçmiş ərzaqları ala bilməz. Əgər dövriyyədə varsa, bu artıq istehsalçının və satışı həyata keçirən ticarət müəssisəsinin günahıdır ki, istifadə müddəti başa çatmış ərzaqları satışda saxlayıb. Odur ki, bunu araşdırmaq lazımdır. Dövriyyədə olmayan ərzaqları şirkət pəhriz adıyla vətəndaşlara satırsa, o halda təbii ki, məsuliyyət daşıyır”.

Vəkilin sözlərinə görə, pəhriz məhsullarına zərərli maddələrin əlavə edilməsi və bu faktın alıcılardan gizlədilməsi cinayətdir:
“Təklif edirəm ki, xidməti həyata keçirən şirkətlərin fəaliyyəti ilə bağlı monitorinq aparılsın. Zərərçəkənlər varsa, təbii ki, məhkəməyə müraciət edə bilərlər. Lakin şikayət olmadan sahibkar fəaliyyətinin yoxlanılmasına hüquq-mühafizə orqanları tərəfindən icazə verilmir. Yalnız müraciət olduqda baxıla bilər. Hesab edirəm ki, zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, bu şəbəkə ətraflı öyrənilsin. Həm xidməti həyata keçirən şirkətin qanuni fəaliyyəti, həm də ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər aydınlaşdırılsın. Kompleks araşdırma apardıqdan sonra daha yaxşı qiymət vermək olar. Əgər onlar arasında səhhət üçün zərərli məhsullar varsa, təbii ki, cinayət işi açıla bilər”.
Aytən Məftun
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.