SURİYADA TÜRKİYƏ VƏ RUSİYANI ÜZ-ÜZƏ GƏTİRMƏK PLANI – Türk əsgərlərinin şəhid edilməsi rusiyalı snayperlərin qətlilə bağlanır

6-02-2020, 10:21   


İki gün əvvəl Türkiyə ordusunun Suriyanın İdlib bölgəsində hücuma məruz qalması və nəticədə 8 şəhid verməsi regionda gərginliyi daha da artırıb. Xatırladaq ki, fevralın 3-də Bəşər Əsədə məxsus ordu qüvvələri Türkiyə hərbçilərinə hücum edib. İdlibdə baş vermiş hadisə zamanı Türkiyənin 5 əsgəri və 3 mülki heyət üzvü şəhid olub.

Rusiya və İranın dəstəklədiyi Əsəd qüvvələrinin xain hücumuna cavab olaraq, Türkiyə ordusu tərəfindən Suriya rejiminin 54 hədəfi atəşə tutulub. Nəticədə Bəşər Əsədin tabeliyində olan ordunun 76 əsgəri məhv edilib. Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.

Artıq xeyli müddətdir Əsəd rejimi İdlibi hədəf alsa da, onun hərbi qüvvələrinin Türkiyə ordusu hissələrinə birbaşa hücumu faktına rast gəlinməmişdi. Bəs bu bölgədə nə baş verib və rejim ordusunu Türkiyə qüvvələrinə zərbə endirməyə cəsarətləndirən səbəb nədir və bunun arxasında əslində kimlər durur?

“AzPolitika.info” xəbər verir ki, İdlib ətrafında son günlərdə baş verənlər və yaranan hərbi gərginliyin gerçək səbəblərilə bağlı Rusiyanın məşhur nəşrlərindən olan “Novay Gazeta” dərgisində maraqlı yazı dərc edilib. Yazıda iddia olunur ki, İdlibdə türk hərbçilərinə edilən hücum bundan az öncə Rusiyanın Suriyada gizli görəv yerinə yetirən 4 yüksək səviyyəli peşəkar zabitinin – snayperinin qətlilə bağlı olub.



Belə ki, Federal Təhlükəsizlik Xidmətinin(FTX) Xüsusi Təyinatlı Mərkəzinin Suriyada məxfi əməliyyat həyata keçirmək üçün ezam olunan 4 ən peşəkar zabiti kimlikləri müəyyən olunmayan terrorçu qruplaşma tərəfindən qətlə yetirilib.

Bunlar 33 yaşlı mayor Bulat Axmatyanov, 42 yaşlı mayor Ruslan Qimadiyev, 35 yaşlı kapitan Dmitri Minov və 36 yaşlı leytenant Vsevolod Trafimovdur. Qəzet iddia edir ki, bu şəxslər FTX-nin ən yüksək səviyyəli, ən peşəkar snayperləri olmaqla iki cütlük təşkil ediblər. Hətta Vladimir Putinin Suriyaya yanvarda baş tutan son səfərinin təhlükəsizliyinin təmin olunmasında da məhz bu snayperlər iştirak ediblər.



Rusiya tərəfinin və Suriya hakimiyyətinə yaxın mətbu orqanların məlumatında göstərilir ki, guya zabitlər Hələb yaxınlığında gedən döyüşlərdə terrorçuların hücumu nəticəsində həlak olublar.

Lakin “Novaya Gazeta” öz mənbələrinə istinadla xəbər verir ki, rusiyalı zabitlər Hələb ətrafında deyil, Suriyanın ən təhlükəsiz bölgələrindən biri olan Latakiyada qətlə yetiriliblər. Əvvəlcə onların olduqları zirehli avtomobilin keçdiyi yolda quraşdırılan “fuqas” uzaqdan idarəetmə cihazı ilə partladılıb. Sonra isə avtomobilə hücum edən qrup kantuziya almış zabitləri sinəsindən və başından güllələyib. Buna görə də onların cənazələri bağlı tabutlarda gətirilib ki, bütün bunlar üzə çıxmasın.

Hadisənin əsas qırılma nöqtəsi isə bu aktı Suriya rejimi ilə mübarizə aparan və Türkiyənin dəstəklədiyi güman olunan silahlı qruplaşmalarından biri tərəfindən həyata keçirilməsi iddiasıdır.



Qəzet iddia edir ki, Rusiya özünün ən peşəkar snayperlərinin qətlində Türkiyə tərəfinin əli olduğu qənaətindədir. Türkiyə hərbçilərinə İdlibdə edilən hücum da məhz bu akta cavab xarakteri daşıyır. Sadəcə, Rusiya bu cavabı Əsəd rejiminin əli ilə verib.

Lakin məsələ ondadır ki, İdlib və onun ətrafında Suriya ordusuna qarşı savaşan qrupların heç də hamısı Türkiyənin nəzarətində deyil və ona tabe olmurlar. Bunu Türkiyədə də bir çox politoloqlar etiraf edirlər.

Məsələnin daha da maraqlı tərəfi həmin 4 zabitin Suriyada həyata keçirdikləri missiyadır. “Novaya Gazeta” öz mənbələrinə əsaslanaraq iddia edir ki, yaxın günlərdə Suriya və Türkiyə rəhbərliklərini təmsil edən şəxslərin(onların adları açıqlanmır-red.) iki ölkə sərhəddində görüşü nəzərdə tutulurmuş.



Suriya tərəfi bu görüşün təşkilinin və təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasını xahiş edib. Rusiya da bunun üçün özünün ən peşəkar mütəxəssislərini həmin görüş yerinin ilkin olaraq öyrənilməsi və təhlükəsizlik tədbirlərinin təşkili üçün oraya göndərib. Görüş yerində belə demək mümkünsə, inspeksiya apararaq təhlükəsiz Latakiyaya geri qayıdan FTX zabitləri gözlənilmədən pusquya salınaraq, qətlə yetiriliblər.

Məsələ ondadır ki, bu zabitlərin hərəkət marşrutunu öz rəhbərliklərindən başqa Suriya rejiminin üst səviyyəsində olan cəmi bir neçə nəfər bilib. Deməli, zabitləri də elə onlardan biri satıb.

Rusiya nəşri iddia edir ki, zabitlərin terrorçu qrupa satılmasında məqsəd Türkiyə-Suriya gizli danışıqlarının baş tutmamasıdır. Bunda isə Bəşər Əsədin ətrafında olan kimlərə xidmət etdikləri tam bilinməyən, müharibənin davam etməsində maraqlı olan qüvvələr maraqlıdırlar. Qəzet bildirir ki, həmin qüvvələr istəklərinə nail olublar və İdlib ətrafında Türkiyə və Rusiya hərbi gücləri açıq savaş vəziyyətinə gəlməkdədirlər. Suriya ilə Türkiyənin apardıqları iddia olunan gizli danışıqlar isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, uzun müddətdən sonra ABŞ administrasiyası və Donald Tramp ilk dəfə məhz bu hadisədən sonra Türkiyəni dəstəkləyən bəyanatla çıxış edərək,



NATO-nun Türkiyənin yanında olduğunu bildirib. Təbii ki, bu da Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmanın təhlükə altında olmasının fonunda baş verir və bu durum həmin yaxınlaşmadan narahatçılıq keçirən ABŞ-ın maraqlarına uyğundur. Lakin Türkiyənin rəsmi mövqeyi ölkənin yalnız özünə, öz gücünə güvənməsindən, Suriyadakı mövqelərindən bir addım da geri çəkilməməkdən ibarətdir.

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.