Hakim partiyanın rəsmi qəzeti Assosiasiya Sazişi imzalayan ölkələri qınayır
Bütün dünyanın demokratiya seçimi etdiyi bir dövrdə Azərbaycan hakimiyyəti diktaturaya rəğbətini gizlədə bilmir. Hakimiyyət beynəlxlaq hesabatlarda mənfi qiymətləndirilməsinə, beynəlxalq tribunalarda pərt vəziyyəti düşməsinə baxmayaraq, yenə də ənənəvi yalanlarla ictimaiyyəti çaşdırmağa davam edir. Artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan hakimiyyəti Avropanı lənətləyir və Qərbə qarşı müxalifət mövqeyindən çıxış edir. Son günlər isə hökumət qəzetləri antiQərb kampaniyasına yenidən start verib və “analiz”lərlə sübut etməyə çalışırlar ki, Avropa mənasız bir qitədir.
“Yeni Azərbaycan” qəzeti isə daha da uzağa gedərək Avropa Birliyini “səhv” çıxarıb. Belə ki, həmin qəzetdə “Assosiativ üzvlük: Ukrayna, Moldova və Gürcüstana nə verəcək?” başlıqlı geniş məqalə dərc olunub.
Məqalə müəllifi sübut etməyə çalışır ki, Avropa Birliyi ilə Assosiasiya Sazişi ölkələrin müstəqilliyini şübhə altına alır və Ukrayna, Moldova, Gürcüstan da səhvə yol verib: “Assosiativ üzvlüyün siyasi aspekti qəbul edilən ölkədən ciddi siyasi islahatların aparılmasını tələb edir. Burada insan hüquqları, təhlükəsizlik, regional münaqişələrin tənzimlənməsi, terrorla mübarizə daha çox qabardılır. Lakin bu amillərin hər biri üçün konkret mexanizmlər olmalıdır. Sazişdə bu məsələ öz əksini tapmayıb. Həmin səbəbdən assosiativ üzvlüyün siyasi aspekti qəbul edilən dövləti AB-yə uyğunlaşdırmaq xarakteri daşıyır. Məsələnin bu cür qoyuluşu isə suverenlik, münaqişələrin həlli, terrorla mübarizə, insan hüquqları kimi məsələlərdə yayğınlığa yol açır. Assosiativ üzv bəri başdan müəyyən çərçivəyə salınır”- deyə məqalədə yazılır.
Məqalə müəllifi bir məsələdə haqlıdır. Həqiqətən də avtoritar rejimlər üçün Avropa Birliyinə üzvlük çərçivə deməkdir. Azərbaycan hakimiyyəti isə demokratiyanın düşməni olduğuna görə, bu çərçivəyə salınıb əhliləşmək istəmir.
Daha sonra isə vurğulanır ki, Assosiativ üzvlük Gürcüstan, Ukrayna və Moldovanı çətin vəziyyətə salacaq: “AB-yə assosiativ üzvlük mahiyyətcə ziddiyyətli prosesdir. Siyasi və iqtisadi aspektlərdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı çoxlu sayda şərtlərə əməl olunmasını nəzərdə tutur. Assosiativ üzvlük siyasi və iqtisadi aspektdə bir qədər qeyri-müəyyəndir. Bu səbəbdən Ukrayna, Moldova və Gürcüstanın ”bir yerdə xoşbəxt" olduqlarından danışmaq tələskənlik olardı. Ukrayna, Moldova və Gürcüstan üçün assosiativ üzvlüyün hansı anlama gəldiyi tam aydın deyil".
Sonda isə məqalə müəllifi “dərin analiz”lərlə sübut etmək istəyir ki, Assosiasiya Sazişini imzalayan ölkələr dərin bataqlığa düşüb və Azərbaycan bu dəfə də ağıllı siyasət yürüdür: “Assosiativ üzvlük məsələsində tələsməmək daha səmərəli strategiyadır. Azərbaycanın seçimi bu baxımdan ən optimal variant sayılmalıdır. Rəsmi Bakı heç bir ittifaqa qoşulmur, ancaq ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı ilə fəal aktyorların hər biri ilə əlaqələri inkişaf etdirir. Hesab edirik ki, ən səmərəli ”üzvlük" formatı elə budur".
Göründüyü kimi, hakimiyyət bütün vasitələrlə demokratik keçiddən qaçmağa çalışır və bunu arqumentləşdirmək istəyir. Ancaq hakimiyyətin bütün təbliğatı həmişə özünü ifşa ilə nəticələnir. Belə ki, bir müddət öncə Səməd Seyidov fəxrlə deyirdi ki, Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamsının əsas səbəbkarı Azərbaycandır. Seyidov əminliklə iddia edirdi ki, Azərbaycanın düzgün xarici siyasəti olmasaydı, Azərbaycan bu ölkələrə dəstək verməsəydi, indi bu ölkələr Avropaya doğru istiqamət ala bilməzdilər. Indi isə sübut etməyə çalışırlar ki, bu 3 ölkə dərin bataqlığa girib və Avropa Birliyi ilə sıx əməkdaşlıq fəlakət deməkdir.
Bəs, Azərbaycan hakimiyyəti Assosiasiya Sazişinə niyə bu qədər nifrət edir?
Assosiasiya Sazişində məqsəd ölkələri Avropa standarltlarına yaxınlaşdırmaqdır. Bugün Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalayan Ukrayna 350 qanun qəbul etməlidir, 3700-dən artıq avrostandart tətbiq olunmalıdır. Yəni təhsildən tutmuş, ekologiyaya qədər bütün sahələrdə avrostandartlar olmalıdır.
Bu sazişin imzalanması həmin ölkələrdən qanunun aliliyi, azad seçkilər, ifadə azadlıqlarının təmin olunması, müstəqil məhkəmə sisteminin yaradılıması, azad bazar iqtisadiyyatının qurulmasını tələb edir. Bu standartların tətbiqi isə korrupsiya və monopoliyanı aradan qaldırır.
Bir sözlə, Assosiasiya Sazişi iqtisadi və siyasi sahədə şəffaflığı tələb edir.
Azərbaycanda isə iqtisadiyyatın bütün sahələri hakimiyyətin nəzarətindədir, siyasi azadlıqlar yoxdur və ölkənin sərvətlərini bir qrup şəxs talan edir.
Ona görə də Qərblə siyasi assosiasiyada hakimiyyət maraqlı deyil və bunu öz kürsüsü üçün təhlükə sayır.
Indiki vəziyyətdə isə hakimiyyətə ciddi təzyiqlər var və təzyiqlərdən yayınmaq üçün suverenliklə manipulyasiya edirlər.
Rusiya qoşunlarının Azərbaycana gətirilməsinin təbliğatını aparanlar, keçmiş SSRI-nin bərpasından danışanlar, dövlət maraqlarını hakimiyyət maraqlarına qurban verənlər, Avropa Birliyi ilə sıx əməkdaşlığı suverenliyə təhlükə hesab edirlər.
Ancaq bu tipli məsələlər çoxdan həllini tapıb və normal düşüncə qabiliyyəti olan hər kəs başa düşür ki, ölkənin müstəqilliyinə ən böyük təhlükə mövcud siyasi kursun davam etdirilməsidir.
Həm də şərlə saziş bağlayanların, Assosasiya Sazişinə nifrəti başadüşüləndir.(Azadlıq.info)