Ukraynada döyüşən ermənistanlı separatçı yaraqlıların bir-birini qırmasından danışır
Donbassda, Rusiyameylli yaraqlıların sırasında döyüşən ermənistanlı Artur Gasparyan may-iyun aylarında Donetsk ətrafında gedən əsas ağır döyüşlərin iştirakçısı olduğunu deyir. Lakin tezliklə separatçılardan qaçaraq Rusiyaya qayıdır. O, “Azadlıq” radiosunun müxbiri Mumin Şakirovla söhbətində yaraqlıların necə hərbi hazırlıq keçməsi, döyüşlərin necə təşkil olunması və başqa maraqlı məqamlar haqda danışır.
- Bəs ilk döyüşünüz nə vaxt oldu?
- Mayın 26-a keçən gecə bizi həyəcan siqnalı ilə qaldırdılar. Mənim qrupumda 3 nəfər var idi, biri Moskvadan, o biri Lipetskdən, 3-cüsü də Çukotkadan. Üçü də həlak oldu. Sərnişin avtobuslarına minib aeroporta getdik. 100 nəfərlik qrupla aeroport binasına daxil olduq, bizə osetinlər də qoşuldu. Binadakı sərnişinləri tez ərazidən uzaqlaşdırdıq, amma terminalın əməkdaşları iş yerlərində qaldılar. Səhər saatlarında 2 təyyarə qrafiklə uçdu, biz aviaxidmətin işinə mane olmurduq. Tez bir zamanda binanı nəzarətə alıb bütün mərtəbələrdə adamlar yerləşdirdik. Mın öz köməkçimlə 7-ci mrətəbəyə, binanın damına qalxdıq. Qarşımızda vəzifə qoyulmuşdu ki, təqribən 500 metr aralıdakı dispetçer qülləsini nəzarətdə saxlayaq və ora heç kimin yaxınlaşmasına imkan verməyək. Biz də pulemyotu quraşdırdıq.
- Donetskdə mülki aeroportu ələ keçirməyin nə mənası vardı? Axı cəbhə xətti tamam başqa yerdə idi, məsələn Slavyanskda...
- Kiyevdən gələn hərbi təyyarələrin qarşısını almaq üçün. Dedilər ki, bizə heç kim atəş açmayacaq. Sadəcə kameralar qarşısında görünsək, bizdən qorxacaq və dərhal da təslim olacaqlar. Biz də onları tərksilah edib evlərinə buraxacağıq. Vəssalam! Aeroport bizimdir.
- Kim təslim olacaq?
- Aeroport ətrafındakı Ukrayna hərbçiləri. Yalandan qoltuğumuza qarpız verirdilər ki, guya biz o qədər cəsuruq ki, hamı bizdən qorxur. Hər şey isə bunun tamamilə əksinə oldu. Saat 2-də əvvəl vertolyotlar gəldi, sonra da qırıcılar və başladılar hava limanını bimbalamağa. Mən binanın damında idim, köməkçimlə birlikdə 6-cı mərtəbəyə qaçmağa macal tapdıq. Çox güclü hücum idi, 4 vertolyot və 2 təyyarə görməyə macal tapdım.
- Sizdə PZRK (Hava hücumlarına qarşı zenit silahlarıi) var idi?
- Bizim “Vostok” batalyonunun komandiri Aleksander Kodokovski dedi ki, aeroportu bombalamayacaqlar, PZRK lazım deyil, ona görə də bu silahları özümüzlə götürmədik. Kodokovskinin snayperləri var idi, DNR tərəfinə keçən Ukrayna təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları idi, özlərinin də xüsusi silahları var idi, mən əvvələr belələrini görməmişdim, SVD (Draqunov snayper tüfəngləri) deyildilər. Bax həmin snayperlər saat 1 radələrində harasa getdilər, saat 2-də isə hava hücumları başladı.
- Sizin mərtəbədə nə baş verirdi?
- Damda mövqe tutan çeçen dərhal həlak oldu, daha 2 nəfər isə yaralandı. Onlar əllərində olan bütün silahlardan vertolyotlara atəş açırdılar. Mən 2-3 saniyəlik dama sıçrayıb qülləyə tərəf atəş açırdım, orada oturan snayperlər də bizə atırdılar. Bizi sadəcə olaraq binanın içinə məcbur edib bütün tərəflərdən bombalayardılar. Onların aeroportun perimetri boyunca yerləşdirilmiş zenit qurğuları terminalı vurudu. Sadəlöhv Kodokovski də hesab edirmiş ki, aeroport təzədir, Avropa çempionatının açılışı üçün tikilib və buna görə də ağır silahlardan bura heç kim atəş açmayacaq. Bizdə PZRK-lar olsaydı, bütün bunlar baş verməzdi.
- Sizcə bu nə idi, xəyanət, yoxsa qeyri-peşəkarlıq?
- Bilmirəm, çox adam itirdik. Çeçenlərdən biri - çox cəsur oğlan idi, aeroportun damına tüstü qumbaraları atıb yaralı çeçeni oradan çıxardı, sonra da o biri həmyerlisini xilas etdi. Biz birinci mərtəbəyə düşüb sadəcə olaraq ölümümüzü gözləyirdik. Kimsə bizim komandirə zəng etdi, onun şərti adı “Iskra” idi, 100 nəfərə rəhbərlik edirdi. “KamAZ” maşınlarına minmək əmri səsləndi. Artıq axşam idi, maşınlar terminalın içində dayanmışdılar. Mən “KamAZ”a minmək istəmirdim, bilirdim ki, təhlükəlidir. “Iskra” mənə dedi: “Əmri müzakirə etsən, səni yerindəcə güllələyəcəyəm!”. Pulemyotu götürüb maşının yedəyinə mindim.
- “KamAZ”da neçə adam var idi?
- 2 “KamAZ” idi, hərəsində də 30-35 nəfər. Aeroportda bizim geri çəkilməyimizi təmin edən xüsusi qrup qaldı. Gecə düşəndə onlar aeroportu piyada sağ-salamat tərk edə bildilər. “Iskra” komanda verdi: “Aeroport terminalından çıxırıq, ətrafda tərpənən nə varsa, hər şeyə aramsız atəş açırıq”. Biz maşınların yedəyindəki çadır örtüklərini çıxartdıq, könüllülər ağzınacan ora doldu. Bizim “KamAZ” yüksək sürətlə terminalı tərk edən kimi başladıq ətrafa, havaya atəş səpələməyə. Ora açıq ərazi idi, şosse ilə 4-5 kilometr Donetskə tərəf hərəkət etdik, maşınlar arasındakı məsafə 500-600 metr olardı. Təsəvvür edin, şosse ilə gedən 2 “KamAZ”dan fasiləsiz olaraq ətrafa arəş açırlar. Dəhşətli səhnə idi. Doğrudur, mən ətrafda bir hədəf görməyəndən sonra atəşi dayandırdırm. Şəhərə girəndə gördük ki, bizim birinci “KamAZ” yolda durub. Başa düşmədim, niyə dayanıb, ora artıq Donetskin kənarı idi, ətrafda adamlar gəzir, yanından maşınlar keçirdi.
- Həmin maşında ölən və yaralananlar var idi?
- Biz dəhşətli sürətlə gedirdik, kimsə hələ də ətrafa güllə atırdı, ayırd etməyə macal tapmadım. 500 metr də gedəndən sonra bizim maşını qumbaratanla vurdular, mərmi kabinanın sürücü olan hissəsinin altına dəydi, maşın çevrildi. Bizim bəxtimiz gətirdi, bizi maşının yedəyindən kənara atmışdı, əzilmişdik, amma qol-qabırğamız salamat idi. Birinci maşını vurandan sonra isə üstəlik pulemyotlardan carpaz atəşə tutmuşdular, oradakı uşaqları snayperlərdən də vururdular. Həmin maşındakılardan ən azı 30 nəfər ölmüşdü. Bizə də haradansa atəş açırdılar. Mən pulemyotu atıb yaralılardan birini çiynimə götürdüm - o, Krımdan gəlmiş könüllü idi və həyətlərə girib hara gəldi qaçırdım. Bizim feldşer də bizə qoşuldu, onun avtomatı var idi. Feldşerin silahını götürüb bir az da ətrafa, evlərin damlarına atəş açdım və yenidən həmin yaralı ilə qaçmağa davam etdim.
- Şəhərin kimin əlində olduğunu bilirdiniz?
- Əmin idim ki, Milli qvardiya Donetski ələ keçirib və bizi axtarırlar. Təcili yardım maşınlarının növbə çəkdiyi yerə gəldik, mən adamların diqqətini cəlb etmək üçün evlərin damına güllə atdım. Ayağından və qolundan yaralanan yoldaşımı qan aparırdı. Həkimlərə qışqırırdim ki, onu xilas etsinlər. Qız var idi, mənə deyir: “Sakit ol, biz özümüzünkülərdənik!”. Deyirəm: “Ola bilməz, siz satqın və əclafsınız!”. Krımdan olan yoldaşımı maşına qoyub xəstəxanaya apardılar. Mən tibb heyətinə “KamAZ”ların harada vurulduğunu izah etdim. Ora dərhal 6 təcili yardım maşını getdi. Tezliklə xəstəxanalara vurulan “KamAZ”lardan yaralılar daxil olmağa başladı. Bizimkilərdən biri ilə rastlaşanda mənə dedi ki, birinci “KamAZ”dan cəmi 3 nəfər sağ çıxıb. Panika və dəhşət idi! Sonradan mənə danışdılar ki, ölənlərdən biri elə bilib ki, Ukraynalıların əlinə düşür, qumbara ilə özünü partladıb. Əslində isə, onları elə özümüzkülər gülləbaran edirdi. Görünür, yerli könüllülərə kimsə deyib ki, şosse ilə 2 “KamAZ” “sağ sektorçu” (Ukrayna radikalları) gəlir. “KamAZ”dan onlara qışqırırdılar: “Biz sizdənik! Hara atırsız?”, cavab verirdilər ki: “Siz bizdən deyilsiz. Millətçisiniz, faşistsiniz və sair”. Demək olar ki, maşındakıların hamısını qırmışdılar, cəmi 3-4 nəfər sağ qalmışdı. Sonra da yaxınlaşıb baxırlar ki, həqiqətən də üstlərində Georgi lentləri (separatçıların simvolu) var, başlarına döyürdülər: “Öz qardaşlarımızı biçmişik!”.
- Ikinci “KamAZ”da olan yoldaşlarınızın aqibəti necə oldu?
- Orada çeçenlər idi, onlardan 1-i öldürüllmüş, 2-si yaralanmışdı. 1 həkim və 1 kazak da daxil omaqla, maksimum 6 nəfər ölmüşdü. Xəstəxanda özümə gələndən sonra avtomatımı təhvil verdim. Gecəyarısından xeyli keçəndən sonra “Vostok” batalyonunun nümayəndələri gəlib bizi geri, kazarlmalara apardılar.
- Bu hadisə haqda rəsmi TV kanallarda yayılan xəbərlərdə nə deyilirdi?
- Televizorda dedilər ki, üsyançılar “Qırmızı Xaç” bayrağı altında silahsız və yaralı əsgərləri çıxarırdılar, Ukrayna ordusu da onları güllələyib. Həmin vaxt hələ bilmirdim ki, bizi özümüzünkülər vurub. Əminim idim ki, bunu Ukrayna milli qvardiyası edib. Mən yuxuya getmişdim, səhərə yaxın aeroportda qalıb bizim geri çəkilməyimizi təmin edən qrupdan 2 nəfər məni oyatdı. Onlar danışdılar ki, bir-birimizi qırmışıq. Onda da bizdə sual yarandı ki, bundan sonra nə etməli? Biz qərara gəlidk ki, gecə düşən kimi geriyə Rusiyaya qaçaq, piyada gedərək gizlicə sərhəddə çıxaq. Mülki geyim tapıb əynimizi dəyişdik, bel çantalarımızı da götürüb hərbi hissəni tərk etdik. Bizimlə “Şumaxer” ləqəbli bir sürücü var idi, dedi ki, onun haradasa Donetsk yaxınlığında əmisi yaşayır. 6 nəfər idik, qərara gəldi ki, bu evdə gecələyib aranın sakitləşməsini gözləyək. Mayın 28-də səhər ertən qonşu həyətdən səslər eşitdik: “Atmayın! Öldürməyin!”. Məlum oldu ki, bizim ardımızca xüsusi dəstə göndərmişdilər.
- Bəs sizin yerinizi necə tapmışdılar?
- Bilmirəm, güman ki, aramızda satqın var idi. Biz əşyalarmızı və bel çantalarımızı atıb yenidən qaçdıq. Sənədimiz yox, pulumuz yox - küçələri dolaşandan sonra şəhərin həndəvərindəki blok-posta gəldik və kim olduğumuzu onlara danışdıq. Oradan bizi Qorlovka şəhərinə, “Bes” (Cin) ləqəbli komandirin yanına apardılar. Amma bu artlq tamam başqa mövzudur.
- Bəs niyə dərhal çıxıb-getmədiniz, “Bes”in yanında daha 2 həftə qalmağınızın səbəbi nə idi?
- Başqa yolumuz yox idi. Mənim mühasirədən necə çıxmaq haqda təsəvvürüm belə yox idi. Məlum oldu ki, “Bes” normal adamdır, Qorlovkadan olan peşəkar hərbçi idi. Vəd etdi ki, imkan düşən kimi bizi Rusiyaya göndərəcək. Bizim başımıza gələnləri eşidəndə dedi ki, bizi yenidən “vostok”çuların yanına buraxan deyil. Özümüzə gələnə qədər yanında saxladı, sonra da kim istədi - qaldı, qalmaq istəməyənlər də mənim kimi çıxıb getdi.
- Bəs mayın 28-dən iyunun 15-dək “Bes”in yanında nə ilə məşğul idiniz?
- “Bes”in yanında mən yenidən hərbi paltar geyib silah aldım, bir neçə əməliyyatda iştirak etdim. Orada nizam-intizam daha güclü idi, daha yaxşı təşkilatlanmışdılar. Biz diversiyalarla məşğul idik: sakitcə yaxınlaşırsan, döyüşçüləri mövqelərə düzürsən, partlatdın və ya bombaladın, dərhal da aradan çıxırsan. Biz Dokuçayevsk şəhərində Ukraynanın neft bazasını partlatdıq. Gecə sakitcə çülki maşınlarda yaxınlaşdıq, mən pulmeyot atəşi ilə qmbaratanların işini təmin edirdim, onlar da neft çənlərini raketlərdən vururdular.
- Dokuçayevskə Milli qvardiya nəzarət edirdi?
- Bilmək olmurdu, kimdir ora nəzarət edən, yəqin ki, hər iki tərəfin öz nəzarəti var idi. Ancaq onu deyə bilərəm ki, neft bazası mühafizə olunurdu. Çünki bizim hücuma oradan atəşlə cavab verdilər. Amma onlar bilmirdilər ki, hücum hansı tərəfdəndir, hara gəldi atırdılar.
- Neft bazasının partladılmasının nə mənası?
ardı var