“The Guardian” Bakıdakı ac təqaüdçülərdən yazır

15-07-2014, 11:02   
“The Guardian” Bakıdakı ac təqaüdçülərdən yazır

«Hökumət tikinti layihələrinə milyonlar xərcləyir, amma...»

«Hökumətin Bakı üçün şəhər planlamasına dair dəqiq siyasəti yoxdur, burada işlər plansız görülür»

Böyük Britaniya mediası yenə Azərbaycandan yazıb. Bu dəfə Bakıda insanların zorakılıqla evlərindən çıxarılması və bunun hesabına ucaldılan binalardan bəhs edən məqalə dünyaca nüfuzlu “The Guardian”da dərc olunub. “Azərbaycanda memarlığın insanlara vurduğu ziyan nə qədərdir?” başlıqlı yazının tərcüməsini təqdim edirik:

***

Bakı Londonda fəaliyyət göstərən memar Zaha Hədidə Heydər Əliyev Mərkəzinin dizaynına görə verilmiş mükafat sayəsində dünyada qabaqcıl memarlıq-dizayn mərkəzi kimi tanınmaq imkanı qazanıb. Azərbaycan paytaxtının yeni simasının xeyli yerli azarkeşi var, eyni zamanda, bəyənməyənlər də kifayət qədərdir.
Əlbəttə, Heydər Əliyev Mərkəzi öz görkəminə görə cəlbedicidir, amma bu bina Bakıdakı yeganə memarlıq nümunəsi deyil. Son on ildə şəhərin mərkəzi yeni dənizkənarı bulvar, müasir “Crystal Hall”, “Alov qüllələri” ilə xeyli dəyişib. Bundan başqa, “Ağ şəhər” layihəsi var ki, bu da şəhərin bir hissəsini tamam ayrı görkəmə salmaq məqsədilə həyata keçirilir.

Yayılan məlumatlara görə, Bakının memarlıq baxımından yenidən qurulmasında Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva katalizator rolunu oynayır. Deyilənə görə, o, şəhərin mərkəzindəki bütün yeni tikintilərə əhəmiyyətli məbləğdə sərmayə yatırır.

Əliyevanın Parisə güclü rəğbəti var. Bu mənada, Bakıda üç metro stansiyasının “Luvr” muzeyinin piramidasına uyğun tikilməsi, Parisdəki qəzet köşklərinə bənzər köşklərin burada da qoyulması təəccüblü deyil. Həmçinin “Ağ şəhər”də də “Paris kvartalı” tikilir. “Ağ şəhər” layihəsində iştirak edən firmalardan biri də britaniyalı memar Normal Fosterin rəhbərlik etdiyi “Foster + dostları” şirkətidir.

Şəhər yenidənqurması bir sıra hallarda insan itkilərilə nəticələnir, bu mənada, Bakı da istisna deyil. Beynəlxalq hüquq-müdafiə təşkilatları, o cümlədən “Freedom House”, “Human Rights Watch” son illər Bakıda yeni layihələrin həyata keçirilməsi üçün ərazini boşaltmaq məqsədilə yerli sakinlərin zorakılıqla öz mülklərindən çıxarılması hallarını sənəd-sübutlarla yayıblar. Bir sıra hallarda məcburi köçürülməyə görə etirazlar olub; polislər bunun qarşısını almaq üçün aqressiv metodlara əl atıblar.

Son etiraz dalğası bu ilin fevral-mart aylarında, hökumətin şəhərin mərkəzindən 40 min sakinin köçürüləcəyi haqda bəyanatından sonra başladı. Məlumata görə, Sovetski adlanan ərazidə təxminən 50 hektar ərazi boşaldılaraq, yerində yaşıllıq yaradılacaq. Layihə gələn il Bakıda keçiriləcək ilk Avropa Yay Oyunları ilə eyni vaxta təsadüf edir. Etirazçıların tələbi o idi ki, məmurlar köçürülmə və kompensasiya məsələsinə yenidən baxsınlar. Bu istiqamətdə danışıqlar hələ də davam edir.

Evlərindən məcburi çıxarılanların şikayətlərinə baxmayaraq, Bakının bir çox sakinləri şəhərin görünüşünün dəyişməsinin tərəfdarıdır. 31 yaşlı Sona Qasımlı hesab edir ki, şəhər indi daha təmiz və daha parlaqdır: “Mən həmişə öz şəhərimi sevmişəm. Amma indi hər keçən gün Bakı daha da gözəlləşir”.
Lakin Bakıda bir çoxları hesab edir ki, hökumət ərazilərə yox, adamlara diqqət yetirməlidir. 68 yaşlı təqaüdçü Ağakərim Məmmədli özünü dövlət tərəfindən baxımsız hiss edənlərdən biridir.

“Hökumət bu layihələrə milyonlar xərcləyir. Amma ölkədə pensiyaların məbləği təqaüdçünün normal insan kimi yaşayışına çatmır”, - deyə Ağakərim Məmmədli bildirib.

Bakılı memar Novruz Eldarlı kimi yerli ekspertlər Bakıdakı yeni memarlıq tikililərini alqışlayır, bununla belə, məmurların məsələyə daha sistemli yanaşmasını istəyirlər.

“Bakıda şəhər planlaşdırması ilə bağlı ciddi problemlər var. Sovet Ittifaqı dağılandan sonra şəhər idarəetmə sistemi dəyişdi və bugünədək hökumətin Bakı üçün şəhər planlamasına dair dəqiq siyasəti yoxdur. Işlər plansız görülür”, - deyə ENEL memarlıq şirkətinin direktoru Novruz Eldarlı bildirib.
Son illər Bakıdakı nəhəng layihələr xarici memarlıq şirkətlərinə həvalə olunsa da, yerli arxitektorlar da işsiz deyil. Məsələn, memar Elçin Əliyev Bakıda populyar turist attraksionuna çevrilən Roma-katolik kilsəsini işləyib hazırlayıb.

Novruz Eldarlı deyir ki, yerli memarlar nəhəng layihələri öz üzərlərinə götürmək üçün əvvəlcə vərdişlərini inkişaf etdirməlidir: “Təkcə Azərbaycanda deyil, bütövlükdə post-sovet məkanındakı arxitektor və texnoloqlar Qərb mütəxəssislərindən geri qalır. Düşünürəm ki, yaxşı, müasir layihələr işləyib hazırlamağa qadir memarlar o qədər də çox deyil”.

Azərbaycanda Memarlar Ittifaqının vitse-prezidenti olan Elçin Əliyev deyir ki, yeni tikililərə hədsiz maraq bir xeyli köhnə memarlıq incilərinin itirilməsinə gətirib çıxarıb.

Azərbaycanda XX əsrin ilk onilliyindəki neft bumu Bakıda müasir arxitektura nümunələrinin yaranmasıyla nəticələnmişdi.
“Son dövrlərdə dəyişiklik dalğası başlayandan sonra həmin binaların bir hissəsi ya qismən dəyişilib, ya da ümumiyyətlə, buldozerin ağzına verilib”, - deyə Elçin Əliyev bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.