Gürcüstanın keçirdiyi əməliyyat Azərbaycan hakimiyyətinin zirvəsində müzakirələrə səbəb olub
Azərbaycan hakimiyyəti Gürcüstan Daxili Işlər Nazirliyinin (DIN) “heroin əməliyyatı” ilə bağlı hələki susur. Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyə istiqamətində hərəkət edən yük maşınından 2 ton 790 kiloqram maye heroin aşkar edib. “Mal” 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Olayla bağlı iki nəfər Gürcüstan vətəndaşı həbs edilib.
“Bu həcmdə narkotik vasitənin götürülməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80 faiz təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - deyə Gürcüstan DIN-i bəyan edib.
Bu hadisə beynəlxalq mediada da geniş işıqlandırılıb və hələ də 3 tona yaxın heroinin Azərbaycandan necə keçirildiyi gündəmin mövzusudur.
Lakin Azərbaycanın müvafiq qurumları bu barədə danışmaq istəmir. Dövlət Sərhəd Xidməti mətbuat xidmətinin rəhbəri Elxan Nağıyev Turan-a bildirib ki, onlarda bu barədə məlumat yoxdur. “Eyni zamanda Gürcüstan hüquq- mühafizə orqanları bizə müraciət etməyiblər”, - deyə o, əlavə edib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ictimaiyyətlə Əlaqələr Mərkəzindən məsələ ilə bağlı Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.
DIN, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bir- birinə “ötür-ötür əməliyyatı” edərək bütün dünyanın hadisəyə şərh verməkdən yayınıblar.
Gürcüstanın baş naziri Irakli Qaribaşvili isə dünən hökumətin iclasında bu əməliyyata görə bu ölkənin DIN-ini təbrik edib. “Çikaidzenin (daxili işlər naziri nəzərdə tutulur) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib.
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, bu əməliyyat Azərbaycan hakimiyyətində şok effekti yaradıb. Iqtidar 2 tondan artıq heroinin Azərbaycan sərhəddindən necə keçirilməsi barədə suallarla üz-üzədir. Göründüyü kimi hələ müvafiq qurumlar məsuliyyəti bir-birlərinin üzərinə atmaqla məşğuldurlar. Lakin nəzərə alsaq ki, bu olay beynəlxalq aləmin də gündəmindədir və dünən də xarici mətbuat mövzuya qayıdıb, o zaman hakimiyyətin sükut etməklə məsələni ört-basdır edə biləcəyi inandırıcı görünmür.
Məlumatlara görə, hakimiyyətin zirvəsində bu məsələ ciddi müzakirə mövzusudur. Lakin hələ hansı addımlar atılacağı barədə qəti qərar yoxdur. Iddialara görə, hakimiyyət vəziyyətdən çıxmaq üçün bu işdə məsuliyyət daşıyan qurumların rəhbərlərini qurban verə bilər. Əslində iqtidarın başqa çıxış yolu da yoxdur. Hakimiyyət bu yöndə addımlar atmasa, narkomafiyanı dəstəkləyən, yaxud narkobiznesə şərait yaradan iqtidar kimi beynəlxalq hesabatlara düşə bilər.
Bəs kimlər qurban verilə bilər? Azərbaycanda narkotiklərə qarşı həm DIN-də, həm də MTN-də idarələr fəaliyyət göstərir. Bundan başqa bu işdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də belə ehtimal etmək olar ki, qurbanlıqlar bu adıçəkilən qurumlardan seçilə bilər.