Suriyada İŞİD silahlıları və Kürd Demokratik İttifaq Partiyasının (PYD) döyüşçüləri arasındakı toqquşmalar münaqişəni Türkiyə ilə həmsərhəd bölgələrə gətirib.
Son həftə ərzində İŞİD silahlıları İraqda ələ keçirdikləri ağır silahlardan Suriyadakı işğallarını genişləndirmək üçün istifadə ediblər.
Suriyadakı PYD və onun peşmərgə kimi tanınan Kürd Xalq Müdafiəsi Birliklərinin döyüşçüləri Türkiyədə üsyançı hərəkatda olan PKK ilə sıx əlaqələrə malikdirlər.
PKK-nın hazırda həbsdə olan olan lideri Abdullah Ocalan həbsxanada ona baş çəkmiş kürd parlament üzvləri vasitəsilə ötürdüyü mesajda bütün kürdləri “İŞİD-ə qarşı səfərbər olmağa və millətin namusunu qorumağa” çağırıb.
Yerli mənbələrdən gələn məlumatlarda deyilir ki, artıq indinin özündə Türkiyə, İran və İraqdan olan bəzi kürdlər torpaqlarını cihadçı qüvvələrin zəbtindən qorumaq üçün Suriya kürdləri ilə çiyin-çiyinə döyüşürlər. Rojava regionu Suriyada kürd müstəqillik hərəkatının doğulduğu məkandır.
Bu əraziyə tez-tez baş çəkən Türkiyə jurnalisti Fehim Taştekinin məlumatına görə, Türkiyə hakimiyyəti Kobanedəki kürdlərin taleyindən çox da narahat görünmür, çünki orada kürd müstəqilliyinin daha da yüksələcəyindən ehtiyat edir.
Bununla belə, Tastekinin fikrincə, İŞİD silahlılarının birbaşa Türkiyə sərhədlərinə gəlişini əngəlləyən elə kürd müqavimətidir.
Türkiyə Suriya ilə sərhədini dəlmə-deşik vəziyyətdə saxlamaqla islamçı silahlıların və cihadçıların qonşu ölkəyə gəlişinə imkan yaratmaqda günahlandırılır. Türkiyə hökuməti bu ittihamları rədd edir.
Son həftələrdə Qərb ölkələri ilə əməkdaşlıq artırılıb və cihadçıların Türkiyə ərazisi ilə hərəkətinin qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
140709144807_iraq_syria_isis_caliphate_azeri_624
Avropa ölkələri və ABŞ öz vətəndaşları olan və İraq və Suriyadan qayıdan döyüşçülərdən, onların öz ölkələrində yarada biləcəkləri təhlükədən narahatdırlar. Onlar Türkiyəni sərhədlərini möhkəmləndirməyə çağırırlar.
Təxminlərə görə, Avropadan və ya Şimali Afrikadan olan 3 minədək insan Suriya və İraqdakı döyüşlərdə iştirak edir. Türkiyənin kəşfiyyat orqanlarından gələn məlumata görə, cihadçılarla birlikdə döyüşən ölkə vətəndaşlarının sayı təxminən 700-dür.
Bu da bildirilir ki, kürd və ya ələvi əsilli Türkiyə vətəndaşları da Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak edirlər. Digər tərəfdən münaqişəyə cihadçıların tərəfində qoşulan bəzi kürd islamçılar da var.
Qərbi Avropa, Rusiya və Qafqazdan olan döyüşçüləri səfərbər edib təlimləndirən İŞİD Yaxın Şərqdəki münaqişəni qlobal münaqişəyə çevirməyə qabil olan beynəlxalq cihadçıların yeni növünü yetişdirir.
Azərbaycan da daxil bir çox ölkələr öz vətəndaşlarının müxtəlif yerlərdə baş verən radikal hərəkatlarda iştiraklarından və onların öz ölkələri üçün bunun yaratdığı təhlükələrdən narahatdırlar.
Türkiyə üçünsə bu, artıq təhlükədən qorxulu reallığa çevrilib. Türkiyənin Mosul konsulluğundakı 48 vətəndaşı ötən ay İraqdakı İŞİD tərəfindən girov götürülüb.
Türkiyənin Xarici İşlər Nazirliyi və təhlükəsizlik orqanları lazımi ehtiyat tədbirləri görmədiklərinə, zəif kəşfiyyat fəaliyyətlərinə və girovları vətənə sağ-salamat qaytara bilmək iqtidarında olmadıqlarına görə tənqid edilirlər.
Yaxın Şərqdə yağış heç vaxt sakit yağmır, leysan tökür. İraq və Suriyada baş verənlərlə yanaşı İsrail Qəzzada fələstinlilərə qarşı nəticələri ölümcül ola biləcək əməliyyatlarını gücləndirib.
Türkiyədə isə prezident seçkiləri kampaniyası davam edir və ölkə iqtisadiyyatı artmaqda olan regional qeyri-sabitlikdən təsirlənməyə başlayıb. /BBC Azərbaycanca