Senatorlar Hakimiyyət mətbuat azadlığına hörmətlə yanaşmağa çağırıblar

5-03-2020, 09:32   



Tanınmış amerikalı senatorlar Marko Rubio və Ben Cardin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə jurnalistlərə qarşı siyasi təqiblərə son qoyulmasına çağırıblar.

“Biz Azərbaycanda mətbuat və azadlıqların ciddi şəkildə və davamlı olaraq pozulmasından çox narahatıq”, – 3 mart tarixli məktubda deyilir.

Əsasən senatorlar 2014-cü ildə saxta ittihamla məhkum edilmiş və 2016-cı ildə şərti olaraq azadlığa buraxılmış jurnalist Xədicə İsmayılovanın işinə toxunurlar.

Rubio və Cardin Senatın insan hüquqlarına nəzarət edən beynəlxalq münasibətlər üzrə alt komitəsinin sədrləri və üzvləri, Helsinki Komissiyası olaraq da bilinən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvləridir. Hər iki senator 2015-ci ildən X.İsmayılovanın işi ilə məşğul olurlar.

“Ümid edirik ki, hökumətiniz Avropa Şurası və ATƏT üzvü kimi beynəlxalq öhdəliklərə uyğun olaraq KİV üçün azad zonanın yaradılması üzərində işləyəcək”, – senatorlar yazırlar. “Biz həm də xanım İsmayılovanın üzərindən bütün məhdudiyyətlərin dərhal aradan qaldırılmasına çağırırıq”.

“Təəssüf ki, Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi və əsas azadlıqlara hörmətlə bağlı narahatlıqlar ölkəyə olan beynəlxalq etimada və Azərbaycanda investisiyaların təhlükəsizliyinə xələl gətirir”, – məktubda deyilir.

Senatorlar xatırladırlar ki, Xədicə İsmayılovanın həbsindən və “Azadlıq” radiosunun Bakı bürosunun bağlanmasından beş ildən çox vaxt keçib. O zaman bir çox jurnalist susduruldu və demək olar ki, bütün müstəqil KİV bloklandı. Ölkədə müstəqil televiziya yoxdur.

“Hətta ölkə xaricində çalışan azərbaycanlı jurnalistlər təqiblərə məruz qalırlar. Biz sizi bu cür siyasətə son qoymağa, müstəqil KİV-in yenidən Azərbaycanda işləməsinə imkan verməyə çağırırıq”, – məktubda bildirilir. 

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.