Qubad İbadoglu yazır.
Azərbaycan neftinin qiyməti daha 23 faizdən də çox ucuzlaşaraq 35 dollar oldu.Bilmirsən ki, baş verənlərə sevinəsən, yoxsa kədərlənəsən.
OPEC+ dağılması ilə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında siyasi və iqtisadi nəticələrə səbəb ola bilən hasilat müharibəsi başladıqdan sonra neft bazarlarında qiymətlər 30 faizdən çox aşağı düşüb. Brent neftinin qiyməti Asiya birjalarının başlanğıc saniyələrində 1991-ci ildə Körfəz müharibəsi dövründə baş verən enmədən sonra 31,02 dollar olmaqla ikinci böyük ucuzlaşmasını yaşayıb. Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyi proqnoz edir.
Sonradan nisbi sabitləşən neft qiymətləri WTI Crude Oil (Nymex)
USD/bbl. 32.51, Brent Crude (ICE) USD/bbl. 35.60 səviyyəsində qərarlaşıb. Bu son hədd deyil.
Heç şübhəsiz ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq. Əldə edilən gəlirlər 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablandırığından Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa hökümət hər iki büdcəyə yenidən baxmalı olacaq. Əks təqdirdə DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və büdcə sferasından maliyyəşən təşkilatlar qarşısında öhdəliklərinin icrasında problem yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək.
Anti-demokratik ölkələrin, o sıradan Azərbaycanın 2015-16- cı illər təcrübəsi göstərir ki, belə situasiyada avtoritar ölkələr xərclərinin əhalini yükləməklə çıxardırlar. Görsənən odur ki, bu vəziyyətdən çıxış yolu axtaran hakimiyyət neft-qaz gəlirlərinin azalmasından olan itkiləri əhalinin büdcə və SOCAR qarşısında öhdəliklərini artırmaqla, eləcə də manatın ucuzlaşmasına rəvac verməklə vəziyyəti tarazlaşdırmağa çalışsın. Başqa variant benzinin qiymətlərinin, su, elektrik və qaz tariflərinin bahalaşması ola bilər. Odur ki, bilmirsən ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına sevinəsən, yoxsa kədərlənəsən.