Vidadi İsayevi şəhidin dəfnində bitirən çıxış - Şok video/Təfsilat

11-03-2020, 09:00   
 


Bərdə rayonunda bir bu olmamışdı, o da oldu: tarixdə misli görünməmiş odioz “padşah” Vidadi İsayevi şəhidin dəfnində qovmaqdan betər elədilər.
Anaxeber.info-nun təqdim edəcəyi video kadrdan görünür ki, şəhid olmuş sərhədçi əsgər Qarayev Eltunun Bərdədə dəfn mərasimində icra başçısının üzünə və bütövlükdə məmurlara nifrət yağdırılıb.  
Videoda məlum olur ki, dəfn mərasimində sərhədçi əsgərlər, komandirlər, Bərdə camaatı və icra başçısı Vidadi İsayev iştirak edir.
Həmin an Bərdədən olan başqa bir şəhid övladı icra başçısına üz tutaraq, bəyan edir ki, vətən üçün candan keçməyə həmişə hazırdırlar:
“Mənim atam da şəhid olub. Allah bizə də bu şəhid qardaşımızın ucaldığı zirvəyə qalxmağı qismət eləsin. Ancaq təkcə kasıbın, yetimin balalarına yox, varlıların uşaqlarına da şəhidlik nəsib olsun”.
Bu söz sanki Bərdənin icra başçısı Vidadi İsayevin ürəyinə ox kimi dəyir və dərhal onun çıxışını kəsərək etirazını bildirir. Əlbəttə, xoşuna gəlməz də!
Çünki Vidadi İsayev də həmin varlılardan biridir, övladları dövlətdən oğurlanmış pullar hesabına obyekt, biznes sahibi olublar. Amma məsələyə fərqli prizmadan baxmaq lazımdır.
Əslində, dəfn mərasimində şəhid oğlunun bu çıxışı ümumilikdə Vidadi İsayevin timsalında rüşvətxor, qanunsuzluq edən, vətəndaşları saymayan, şəhid ailələrini qapıdan qovan, onlara hörmət qoymayan məmurlara bir üsyan, nifrət, qəzəb idi.
Təsadüfi deyil ki, V.İsayev dəfələrlə məcburi köçkün, şəhid ailələrinə etdiyi qabalıq, kobud münasibət, onları qovması, təhqir etməsi ilə gündəmə gəlib.
Odur ki, şəhid Eltunun dəfnində iştirak insanlarda ikrah hissi oyadır. Sən vəzifəli şəxs kimi rayondakı şəhid ailələrinin bircə dəfə qapısını döymə, dərdini dinləmə, problemini həll etmə, sonra gəl dəfndə iştirak et, yeməzlər!
O baxımdan video kadrda çıxış edən şəhid balası eyhamla işarə verir ki, qoy, kasıb uşaqları yox, həm də V.İsayev kimi Bərdəni talamış məmurların övladları da əsgərliyə getsinlər, candan keçsinlər.
Xalq yaxşı bilir ki, bu günə qədər nümunə üçün bir şəhid məmur balası yoxdur. Ona görə bu qəzəb, üsyan V.İsayevə yerindəydi. Ümumiyyətlə, Bərdədə qulaqlar Vidadi İsayev adı eşidəndə az qalır ki, “cin atına” minsin.
Amma əhalinin bu nifrətindən nəticə çıxarmayan Bərdənin icra başçısı Vidadi İsayev sanki and içib ki, yolundan dönməyəcək. Hətta Ağstafa, Yevlax, Neftçaladakı həmkarlarının aqibəti də onu qorxutmur.
Anaxeber.info xatırladır ki, Vidadi İsayevin Bərdədə şəhid ailələrinin başına açdığı bütün internet resurslarında yer alıb.
O nələr eləmədi - şəhid Dilqəmin qardaşının evini başına uçurdu, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istədi, şəhid anası Soltan xanım dəfələrlə qəbuluna gəldi, qovdu.
Bu haqsızlığa dözməyən Soltan ana dünyasını dəyişdi. Şəhid xanımı Yasəmən İsmayılovanı nəinki qəbul eləmədi, həbslə təhdid etdi.
Bu da yetmədi, Vidadi İsayev Şəhidlər Xiyabanını satışa çıxardı, 20 Yanvar günü isə parka gedərək əlində iki qərənfillə guya bu tarixi yad etdi.
Prezident şəhid analarının əlindən öpür, müavinət problemini həll edir, V.İsayev isə rayondakı şəhid ailələrini saymır, təhqir edir, qapıdan qovur.
Məhz bu səbəbdən şəhidin dəfnində ona olan qəzəb ifadə edildi. Açıq şəkildə narazılıq olundu ki, qoy bir dəfə vəzifəlinin övladı şəhid olsun.
V.İsayev isə onun sözünü kəsdi, guya bu sözü deməyin yeri olmadığını bildirdi. Halbuki, tam yerində söylənilmiş bəyanat idi.
Vidadi İsayevin fəaliyyətini bu cür davam etdirməsi hakimiyyətin maraqları ilə qətiyyən üst-üstə düşmür.
Hökumət ən müxtəlif layihələrlə sosial narazılığın qarşısını almağa çalışır. Belə şəraitdə Bərdənin “fironu” sosial partlayışı şərtləndirən münbit zəmin yaradır.
Şəhidin dəfnində deyilən söz də göstərdi ki, insanlar onu sevmirlər, tezliklə qara maskalı, ağ otlanın gəlməsini, tarixi Bərdə şəhərinin ağ günə çıxmasını istəyirlər. Bizsə sizə şəhidin dəfnində yaşanan anları təqdim edirik:
[media=//www.youtube.com/watch?v=jKEKscIhH9I]
Anaxeber.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.