ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Hökümət neftin yaratdığı böhranı neftdən yığılan pulları xərcləməklə aradan qaldırmaq istəyir.
Maliyyə sabitliyi şurasının anti-böhran konsepsiyasının əsasını bu yanaşma təşkil edir.
Nəhayət ki, baş nazririn sədrliyi ilə Maliyyə Sabitliyi Şurası (MSŞ) Nazirlər Kabinetində yığışdı. Aparılan müzakirələrdən gəldiyim qənaət ondan ibarətdir ki, seyid cəddinə arxayın olan kimi hökümət də həmişə gələcək nəsillərin payı kimi təqdim etdiyi Dövlət Neft Fondundakı aktivlərinə göz dikib. Buyurun açıqlamaya diqqət edin: “Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir”. Halbuki, Mərkəzi Bankın valyuta ehtiyatları 6,4 milyard dollardır. Hazırda yalnız bu vəsaitlər təhlükəsizlik “yastığı” rolunda çıxış edə bilərlər. Neft Fondun hazırda sürətlə dəyərsizləşən aktivlərinə əl uzatmaq isə gələcək nəsillərin payını da indidən bohrana yedirtmək deməkdir. Bu yolverilməzdir! Çünki, hökümət neftin qiymətinin ucuzlaşmasının yaratdığı böhranı neftdən yığılan pulları xərcləməklə aradan qaldırmaq istəyir. Əgər neftdən yığdımız pulları böhran yeyəcəksə, onda neft gəlirlərinin bizə nə faydası oldu?
MSŞ-nin digər açıqlamasında bildirilir ki, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək. Əslində bütün bunlar çoxdan edilməli idi, ən geci bu il yanvarın 1-dən büdcədə qənaət rejimə start verilməli idi. Mən bu barədə təkliflərimi illərdir ki, təqdim edirəm. Amma uzun illərdir ki, büdcə vəsaitləri davamlı olaraq korrupsiya vasitəsilə talan edilir.
Görüşdə vurğulanmışdır ki, hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq. Çox maraqlıdır ki, hökümətdə belə alətlər varsa nədən onu açıqlamır. Hazırda koronovirusun təsirlərindən xidmət, hotelçilik, turizm sektoru da yeni işsizlər ordusu yaratmaqdadır. Bununla bağlı hansı preventiv tədbirlər vardır? Nədən işsizlərin hamısına müavinət verilmir? Suallar çoxdur.
Bununla yanaşı, MST bəyan edib ki, “istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək”. Amma istehlakçılar bunu görmür. Son zamanlar tibbi maska və spirt, dezinfeksiya, yuyucu və təmizləyici vasitələrin qiyməti bahalaşıb. Ərzaq məhsullarında da qiymətlərin bahalaşmasının yeni dalğası başlayıb.
Çox təəssüf ki, MSŞ banklar və valyuta tənzimlənməsi barədə açıqlama vermədi, manatın devalvasiyasına dair şübhələrə son qoymadı. Yenə də yığışdılar və qərara gəldilər ki, Allaha dua etsinlər dünya bazarında neftin qiyməti bahalaşsın. Başqa çarə görmürlər. Çünki, Beynəlxalq Valyuta Fondunun hesablamaların görə, Azərbaycan büdcəsində tarazlığı 1 barrel neftin 53 dollar səviyyəsində mümkündür. Neftin hazırkı qiyməti isə o nötədən 17 dollar uzaqdadır. Bu hələ son hədd deyil.