Bu panika deyil, hakimiyyətə inamsızlıqdır

13-03-2020, 09:15   


ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu

Bu panika deyil, rasional gözləmədir, hakimiyyətə olan inamsızlığın göstəricidir.

Dollara olan tələbatın artımını əhalinin panikaya düşməsi ilə əlaqələndirən baş nazir və baş bankirin açıqlamaları iqtisadçı peşəsinə hörmətsizlik, iqtisadi qanunların isə inkarıdır. İnanmıram ki, onlar istehlakçıların və biznesin rasional gözləmələrinə və semiçlərinə dair nəzəriyyədən xəbərsizdir.
Bu nəzəriyyə istehlakçıların rasional baxışlarına, mövcud məlumatlara və proqnozlara və keçmiş təcrübələrinə əsaslanaraq qərarı hökümətdən əvvəl qəbul etdiklərin özündə ehtiva edir. Əsas ideya bundan ibarətdir ki, iqtisadi agentlərin rasional gözləmələri iqtisadiyyatın gələcək vəziyyətinə qismən də olsa təsir edir, onların davranışları qiymətlərin bahalaşmasına, valyuta məzənnələrində dəyişikliklərə gətirib çıxarıb. Bu hər yerdə baş verir. Hazırda ABŞ-da, Avropda koronavirusa görə mağazalar boşaldılıb. Bu qanunauyğunluqdur, panika deyil.
Bəzi “ekspertlər” də əhalini iqtisadi savadsızlıqda qınayırlar. Əksinə bu gün banklarda əlində olan manatını dollar dəyişmək istəyənlərin iqtisadi savadları həmin “ekpertlər”dən və bu barədə məsuliyyətsiz açıqlama verən dövlət rəsmilərindən də çoxdur.
2015-ci ildə devalvasiyadan 1 gün öncə manatın məzənnəsində dəyişiklik olmayacaq deyərək müəyyən yığımları olan əhalini pis vəziyyətdə qoyub, bəzi bankları isə əvvəlcədən məlumatlandıranlara indi kim inanar ki?.
Heç kimə sirr deyil ki, 2015-ci ildəki ikqat devalvasiyadan yüz milyonlar qazanan banklar oldu. Yenə də həmin şeyləri təkrarlamaq istəyirlər? Bu dəfə xalqı aldata bilməyəcəksiniz. Çünki, xalq bilir ki, sizin bir xislətiniz var, milyardlarla kapital yığıb xaricə daşımaq. İmkan verin ki, əhali əlinə olan pulları inandığı valyutada saxlasın. Onsuz da onlar bunu qazanmaq üçün deyil, yığımlarını qorumaq üçün edirlər.
Bunları bildiyimə görə sizərə müraciət edib açıqlama verməyə məcbur etdim. Sizlər də B planı, müxtəlif ssenarilər kodu altında olan açıqlamalarınızla özünüzü də, təmsil etdiyiniz hamiyyəti də bir daha rüsvay etdilər.
Buyurun, planlarınızı, ssenarilərinizi ortalığa qoyun, xalqdan gizlətməyin. Artıq bir çox ölkələr anti-böhran tədbirlərini dərc ediblər, siz nədən gizlədirsiniz? Əgər varınızdırsa, siz də təqdim edin ki, xalq da bilsin.
İqtisadiyyatı elə duruma salmısınız ki, hazırda devalvasiya olsa da pisdir, olmasa da. İki pisin arasından seçim etməyə məcbursunuz. Manatı 4 ildir ki, ölü vəziyyətdə saxlayırsınız, heç bir valyuta tənzimlənməsi aparmırsınız. İndiyə qədər üzən məzənnə rejiminin tətbiqinə dair dəfələrlə danışsanız da, heç nə etmədiniz, daha doğrusu edə bilmədiniz. Çünki, Azərbaycanda neftdən kənar iqtisadiyyat yoxdur. Qeyri-neft ixracatını inkişaf etdirsəydiniz, bu böhrana manatı az da olsa hazırlayardınız. Qarşıya adambaşına 450 dollarlıq qeyri-neft ixraçatı hədəfi qoysanız da hələ onu 150 dollara çatdırmısınız. Ölkəni də, iqtisadiyyatı da yenidən 2015-ci il səviyyəsinə qaytardınız.
Guya öz aləminizdə düz edirsiniz və bəyanatlar verirsiniz ki, Azərbaycanda milli valyuta sabitdir. Bu o deməkdir ki, bu ölkədə yalnız manat deyil, iqtisadiyyat da ölüb, heç nəyə reaksiya vermir.
Halınızı bir aydan sonra xəbər alacam, cənablar! Bilin ki, bu dəfə mart çıxsa da dərd çıxmayacaq. Odur ki, hərəkətə gəlin, təklifləri eşidin, vaxtında dəyərəndirin, sonra gec olacaq. Onu da bilin ki, vaxtında qəbul edilməyən qərarların xərcləri sonrada daha da çoxalacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.