NEFT NƏHƏNGLƏRİNİN DÖYÜŞÜ - Koronavirus bəhanəyə, “neft müharibəsi” isə reallığa çevrilir

22-03-2020, 10:12   


Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrin dünya bazarında “qara qızıl”ın kəskin ucuzlaşmasından hansı zərbələr aldığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Ucuzlaşmanın səbəbi müxtəlif ola bilər, nəticəsi isə iqtisadiyyatı neftə bağlı ölkələr üçün eynidir – iqtisadi böhran, milli valyutaların dəyərsizləşməsi və sair.

Lakin Azərbaycan da daxil olmaqla, hər bir neft ölkəsinin “qara gün” üçün ehtiyatları mövcuddur. Və bu ehtiyatlar sadəcə, ölkənin valyuta rezervlərindən yox, həm də daxili imkanlarından, maliyyə-bank sisteminin dayanıqlığından, iqtisadiyyatının şaxələnmə səviyyəsindən, qeyri-neft sektorunun payından və s. ibarətdir.

İndi demək olar ki, hamının qorxduğu “qara günlər” yaşanmaqdadır və belədə həmin ehtiyatlar, yəni neft ölkələrinin neftdən kənar imkanları da daxil olmaqla, bütün iqtisadiyyatı ciddi sınaqla qarşı-qarşıya durur...

Dünya bazarında neft qiymətlərinin hazırkı səviyyəsi nə qədər koronavirus epidemiyası və onun dünya iqtisadiyyatına təsirlərilə bağlıdırsa, bir o qədər də Rusiya ilə Səudiyyə Ərəbistanı arasında martın əvvəlində başlayan “neft müharibəsi”nə “borcludur”. Hətta demək olar ki, neftin ucuzlaşmasında bu iki nəhəng neft ölkəsi arasındakı qarşıdurmanın payı koronavirusun iqtisadiyyata təsirlərindən daha çoxdur. 

Artıq ABŞ-da Rusiya ilə Səudiyyə Ərəbistanının başlatdıqları savaş səbəbilə cəzalandırılması tələblərinin artması təsadüfi deyil. Buna səbəb iki ölkə arasında neft hasilatının azaldılması məsələsində ortaq nöqtəyə gəlinmədiyinə görə neftin kəskin ucuzlaşması, nəticədə isə ABŞ-ın şist neft istehsalçısı şirkətlərinin böyük zərər görməsidir.

Xatırladaq ki, 2020-ci ilin əvvəlindən neft 60 faiz ucuzlaşaraq, 2003-cı ildən bəri ən aşağı həddə düşüb. Amma bu da son hədd deyil. Artıq bəzi analitiklər neftin bir barrelinin 3-5 dollara düşəcəyini proqnoz edirlər. Bu barədə «Bloomberg»də yazı dərc edilib. Agentliyin məlumatına görə, martın 18-də “Brent” neftinin qiyməti 13 faiz azalaraq 24,9 dollara enib, amma analitiklərin proqnozlarından məlum olur ki, ola bilsin, ən ağır dövr hələ qabaqdadır.

«Goldman Sachs Group Inc.» və «Citigroup Inc.» banklarının analitikləri isə ehtimal edirlər ki, neftin qiyməti qarşıdakı aylarda enməkdə davam edəcək. Bəzi analitiklər isə hətta hesab edir ki, bir sıra regionlarda qiymətlər mənfiyə düşə bilər, yəni bazarlar bu qiyməti təklif etməklə neft idxalının dayanmasını istəyəcəklər.

«Bloomberg»in rəyini öyrəndiyi 20 neft treyderindən 18-i qiymətlərin 20 dollar və daha aşağı həddə düşəcəyini gözləyirlər. WTI neftinin qiyməti isə 3-5 dollara düşə bilər. Aşağı qiymətlərin nə qədər davam edəcəyi məlum deyil və proses ilin sonunadək davam edə bilər. 

Treyderlər bildirir ki, WTI nefti o qədər ucuzlaşıb ki, artıq alıcılar nefti indi istifadə etmək üçün deyil, gələcək üçün alırlar. Neft anbarları dolanadək bu proses davam edəcək. Bir çox ekspertlər iddia edirlər ki, neft ABŞ-dakı şist neftinin maya dəyərinədək, yəni 20 dollaradək ucuzlaşacaq.

Bu arada «Goldman Sachs» ekspertləri ikinci rüb üçün neftin orta qiyməti ilə bağlı proqnozu 30 dollardan 20 dollara endiriblər. «Citigroup» isə daha pessimistdir. Bank hesab edir ki, ikinci rübdə «Brent» nefti orta hesabla 17 dollar olacaq. Ən pis ssenaridə qiymətlərin 5 dollar və daha aşağı düşəcəyi, hətta mənfiyə enəcəyi gözlənilir. 

Belə ki, hazırda dünyada neftə gündəlik tələbat 100 milyon barreldir, amma koronavirusa görə tələbat 20 faiz azala bilər. Bu da öz növbəsində neft bazarında gündə 20 milyon barrel artıqlığa səbəb ola bilər. Analitiklər hesab edirlər ki, bu gedişlə tezliklə bütün neft anbarları dolacaq. 

Reallıq odur ki, neft yerdən çıxarılırsa, deməli ya istifadə olunmalı, ya da haradasa saxlanmalıdır. Pessimist proqnoz verən ekspertlərin fikrincə, neftin saxlanması xərci artdıqda və ya anbarlardakı boş yerlər dolduqdan sonra neft şirkətləri özləri alıcılara ödəniş edəcəklər ki, nefti götürsünlər.

Hazırda Tramp administrasiyası neft bazarındakı ucuz qiymətlərdən istifadə edərək, strateji ehtiyatlarını artırır. Amma bu daimi davam edə bilməz. Ekspertlər bildirir ki, ABŞ-ın strateji ehtiyatlarını doldurmaq üçün 4 ay kifayətdir. Və bu anbarlar dolduqdan sonra qiymətlər mənfiyə düşəcək.

Bunlar hamısı ən pessimist və bədbin proqnozlardır. Lakin bu proqnozlarla razılaşmayanlar da az deyil. Xüsusilə Rusiyanın hasilatı azaltmasının əleyhinə olan neft idarəçiləri və ayrı-ayrı neft-qaz şirkətləri rəhbərləri başqa cür düşünürlər. 

Birincisi, onlar “OPEK+”-la razılaşmaya getməmələrinin əsas məqsədinin ABŞ-dakı şist neft istehsalçılarının bazardan çıxarılması olduğunu gizlətmirlər. Çünki hazırkı qiymətlər ABŞ-da sözügedən neft istehsalçılarının fəaliyyətini mənasız edir. Bu da onların bazardan çıxmasına şərait yaradır. Baxmayaraq ki, ABŞ hökuməti həmin istehsalçıları hər cür dəstəkləməkdə davam edəcəyini bəyan edir, rusiyalı “neft bosslarının” fikrincə, şist neft istehsalçıları tab gətirə bilməyəcək və mövqelərini itirəcəklər.

Hətta neft hasilatının azaldılmasına dair “OPEK+”-la razılaşmanın əsas əleyhdarı və bu təşkilatı “əhəmiyyətsiz” adlandıran “Rosneft”-in rəhbəri İqor Seçin iddia edir ki, yaxın müddətdə ABŞ-ın neft istehsalçıları bazardan çıxacaq və ilin sonuna yaxın neftin bir barrelinin qiyməti 60 dollar səviyyələrində sabitləşəcək. 

Rusiyanın «Lukoyl» şirkətinin vitse-prezidenti Leonid Fedun da həddindən artıq pessimist proqnozlarla razılaşmır. O, vəziyyətin gərgin olmasına baxmayaraq, neftin qiymətinin ən ağır günlərdə belə 15-20 dollardan aşağı enməyəcəyini deyib.

Belə görünür ki, Rusiya doğrudan da neftin müəyyən müddətə ucuzlaşdırılmasında və bazarda yeni mövqelər əldə etməkdə maraqlıdır.

«Bloomberg» agentliyinə Rusiya hökumətinə yaxın mənbələrdən bildiriblər ki, Rusiya rəhbərliyi neftin bir barreli üçün 20 dollar qiymətinə çoxdan hazırlaşıb: «Moskva hesab edir ki, neftin aşağı qiymətinə Ər-Riyaddan çox davam gətirə biləcək». 

Bu arada İqor Seçin iddia edib ki, Rusiyada yeni geoloji kəşfiyyat üçün məsrəflər etmədən belə hasilatı daha da artırmaq olar. Onun dediyinə görə, Rusiyada əsas etibarilə bir barrel neftin hasilatı cəmi 3.1 dollara başa gəldiyindən, “neft müharibəsi”ndə hələ xeyli müddət iştirak edə bilərlər.

Lakin əksər müstəqil analitiklər Seçinin fikirlərilə, gətirdiyi arqument və rəqəmlərlə razılaşmırlar və Rusiyanın imkanlarının kifayət qədər məhdud olduğunu, neftin söyləniləndən xeyli baha başa gəldiyini bildirirlər. Həmçinin, dünya bazarında neftin mövcud qiymətinin Rusiya iqtisadiyyatına mənfi təsirləri də göz qabağındadır. 

Təkcə Rusiya rublunun kəskin dəyər itirməsini və 1 ABŞ dollarının 80-85 rubla ticarət edildiyini qeyd etmək kifayətdir. Bir sözlə, Rusiyanın bu savaşa uzun müddət tab gətirəcəyini iddia etmək kifayət qədər çətindir.

Bəs iki neft nəhənginin apardığı bu savaş nə zaman və necə bitəcək?

Bu suala birmənalı cavab vermək çətindir. Ona görə də, hazırda heç cür öz iqtisadiyyatının neftdən asılılığına son qoya bilməyən kiçik neft ölkələrinin gözü nəhənglərin “neft müharibəsinə” dikilib.

Hamı bu savaşın bitməsini və ABŞ-ın, nəhayət, bu gedişatı durdurmasını gözləyir. Ancaq hamı onu da yaxşı başa düşür ki, indiki vəziyyət əsas etibarilə ABŞ-ı da qane edir. Çünki bu savaş hər nə qədər ABŞ-ın yerli neft şirkətlərini vursa da, dünyanın ən iri neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və ən əsası da Rusiyanı zəiflədir

Odur ki, xırda neft ölkələrinin yenə də öz talelərilə barışmaqdan və zamanında iqtisadiyyatlarının neftdən asılılığını minimuma endirməməyin acısını çəkməkdən başqa çarələri yoxdur…

Cəlal Məmmədov 

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.