Ali məktəblərə builki qəbulda ən yüksək nəticə göstərənlərin əksəriyyəti bağlanan məktəblərin yetirmələridir
Azərbaycanın təhsil sektorunun bitib-tükənməyən problemləri, çatışmayan cəhətləri daim müzakirə mövzusudur. Illərdir bu barədə yazılmasına, araşdırmalar aparılmasına baxmayaraq, problemlər aradan qaldırılmaq əvəzinə, daha da dərinləşir.
Son dövrlərdə Azərbaycan təhsilində, konkret olaraq, ali məktəblərə qəbulda yüksək nəticələr adətən, ölkədə fəaliyyət göstərən nüfuzlu liseylərin, hazırlıq kurslarının hesabına olub. Elə builki qəbul imtihanlarının nəticələri də göstərib ki, ən yüksək - 700 bal toplayan abituriyenlərin böyük əksəriyyəti türk liseyləri və “Araz” hazırlıq kurslarının yetirmələridir.
Lakin təxminən bir ay əvvəl Azərbaycan hökuməti həmin lisey və hazırlıq kurslarının fəaliyyətinin dayandırılması barədə qərar verdi. Bu da ölkədəki onsuz da özülü laxlayan təhsil sisteminə sarsıdıcı zərbə vurdu.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, böyük bir təhsil şəbəkəsi bağlanıb və təhsil bazarında onun yerini tuta biləcək müəssisələr də yoxdur. Onun fikrincə, “Çağ” Öyrətim məktəbləri tamamilə yeni qayda və məzmunda olmaqla, bütün təhsil müəssisələrilə ciddi rəqabətdə olub.
Ekspertin sözlərinə görə, həmin məktəblərin bağlanması yaxın bir-iki ildə öz mənfi təsirini göstərəcək: “Bu təsir yalnız o vaxt özünü göstərə bilər ki, qəbul imtahanlarının şərtləri eyni qaydada olsun. Yəni, gələn il götürüləcək imtahan da builki kimi olsun. Suallarda, qəbul qaydalarında fərqlilik olsa, ”Çağ" Öyrətim məktəblərinin verdiyi təhsilin olmaması hiss olunmayacaq".
N.Qulamoğlu əlavə edir ki, həmin məktəblərin bağlanmasının Azərbaycanın təhsil sektoruna mənfi təsiri zamanla özünü daha çox biruzə verəcək.