Ramiz Mehdiyev karantini Göyçayda keçirir - Ziya Məmmədovla birgə...

17-04-2020, 10:35   

 


Koronavirus pandemiyası yaşından, cəmiyyətdəki mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəsi karantin tədbirlərinə riayət etməyə, özünütəcridlə bağlı addımlar atmağa vadar edir. Lakin paytaxt Bakıda bu tədbirlərə lazımınca riayət edərək, izolyasiyanı maksimum darəcədə təmin etmək kifayət qədər çətindir. Bu səbəbdən bir çox nisbətən imkanlı paytaxt sakinləri karantin dövrünü respublikanın ayrı-ayrı rayon və kəndlərindəki evlərində keçirirlər. Ancaq təbii ki, bu imkan və şərait kifayət qədər məhdud sayda vətəndaşımıza aiddir...

“AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyev də karantin dövrünü paytaxtdan kənarda, təbiətlə təmasda keçirməyə üstünlük verən vətəndaşlarımızdandır.



Belə ki, 82 yaşlı AMEA prezidentinin karantin günlərini Göyçayın Hüngütlü kəndində keçirdiyi bildirilir. Məlumata görə, həmin kənddə Ramiz Mehdiyevin villası var və bu məkan ətrafdan təcrid olunmaq üçün kifayət qədər uyğundur...

Yeri gəlmişkən qeyd edək ki, aprelin 17-də Ramiz Mehdiyevin 82 yaşı tamam olur. Və belə görünür ki, AMEA prezidenti ad gününü də bu kənddə qeyd edəcək.

Hüngütlüdə sabiq PA rəhbərilə bərabər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun və Göyçayın sabiq icra başçısı Mübariz Ağayevin də villasının olduğu məlumdur. O da məlum olub ki, onlar da karantini həmin kənddəki villalarında keçirirlər.



Çünki adlarını çəkdiyimiz hər iki sabiq məmurun Hüngütlüdə Ramiz Mehdiyevlə birgə vaxt keçirdikləri qeyd olunur. Hətta bildirilir ki, onlar dünən kəndin yaxınlığındakı gölün ətrafında eyni kampaniyada görünüblər. “Sabiqlər”in göldə balıq tutan kənd sakinlərilə görüşdüyü, hal-əhval etdiyi, söhbətləşdiyi də bildirilir.

Əhalinin kasıb təbəqəsinin çətin duruma düşdüyü və problemin həlli üçün dövlətin bütün imkanlarının səfərbər edildiyi indiki dönəmdə istər akademik Ramiz Mehdiyevin, istərsə də adları çəkilən digər sabiq iri ranqlı məmurların koronavirus pandemiyasından bu şəkildə qorunması və karantini kənddə, məlum şərtlər daxilində keçirməsi yəqin ki, təbii haldır...

Ancaq hər halda, AMEA prezidentini ad günü münasibətilə təbrik etməklə yanaşı, ümid edək ki, bu pandemiya tezliklə bitəcək və qeyd edilən “sabiqlər” karyeralarındakı bir çox keşməkeşli dönəmlər kimi, bu çətinlikdən də sağ-salamat qurtulacaqlar...

Tahir

AzPolitika.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.