Qocaman YAP-çı partiyanın icra katibinin ünvanına sərt ittihamlar səsləndirdi
«Əli Əhmədov çabalaya-çabalaya qalıb. Çünki mən onu yenicə ifşa etməyə başlamışam»
Qocaman YAP-çı Maksim Musayevlə partiyadaşları arasında qalmaqal davam edir. Qalmaqal Maksim Musayevin mətbuatda YAP-ın icra katibi Əli Əhmədovu, icra katibinin müavini, deputat Siyavuş Novruzovu və “91"lərin üzvü, deputat Eldar Ibrahimovu tənqid atəşinə tutması ilə başlanıb.
”Ölkənin ən böyük siyasi təşkilatı olan YAP-ı məhz bu adamlar - Əli Əhmədov, Eldar Ibrahimov və Siyavuş Novruzov indiki tənəzzül vəziyyətinə gətirib çıxarıb? deyən qocaman YAP-çı bildirib ki, o, bu gün özünü bəzən hətta heç YAP üzvü də adlandırmaq istəmir: “Mən Heydər Əliyev Partiyasının üzvüyəm və ömrümün sonuna qədər də belə qalacağam”, - deyə Maksim Musayev bildirib.
Qocaman YAP-çı partiyadaşlarının ünvanına ağır ittihamlar da səsləndirib: “Biz bu partiyanı yaradanda Əli Əhmədovla Siyavuş Novruzov harada idilər? O zaman müxalifət düşərgəsinə sığınan Əli Əhmədov bizi, ilk YAP-çıları yeri gəldi-gəlmədi söyür, hər şeyə görə günahlandırırdı. Illər sonra mən Etibar Məmmədovdan soruşdum ki, AMIP Əli Əhmədovu öz sıralarından niyə xaric etdi? Etibar Məmmədov da dedi ki, Əli Əhmədov öz vəzifəsinin öhdəsindən, sadəcə olaraq, gələ bilmirdi, ona görə çıxardıq. YAP Əli Əhmədovun üzv olduğu artıq üçüncü partiyadır. O, AMIP üzvü olana qədər də kommunist idi. Mən bunu qətiyyən istisna etmirəm ki, əgər nəsə bir hadisə baş versə, Əhmədov o dəqiqə YAP-ı da tərk edib başqa bir partiyaya keçəcək”.
Eldar Ibrahimovun da Maksim Musayevə cavabı sərt olub. “O şəxsi münasibətlər əsasında belə danışır. Özü də boş-boş danışır. Yəqin ki, yaşı ilə əlaqədardır. Ola bilər ki, hansısa problemləri-zadı var. Ola bilər, insandır. Nə mən, nə adını çəkdiyiniz adamlar ona məhəl qoymuruq. Nə danışır-danışsın. Hamı hamını yaxşı tanıyır...ÿ
...Əli Əhmədov Xalq Cəbhəsinin ən güclü vaxtında universitetdə müəllim işləyirdi. O, “91-lər”in üzvü kimi iştirak etdi, amma Maksim Musayev qaçıb Xızıda gizlənmişdi. Düzdür, Maksim Musayev Naxçıvana gəlib, partiyanın qurultayında iştirak edib. Mən Naxçıvandaydım, gəlib-gedən adamları görürdüm. Ancaq ondan sonra Maksim Musayev yox olub. Biz hakimiyyətə gələndən sonra isə o, Xızıda başçı işləyirdi. Xızıdan işdən çıxarılandan sonra təzədən gəldi ki, partiyanı yaradanlardan biri mənəm. O, partiya yaratmayıb. Heç kəs partiya yaratmayıb. YAP-ı yaradan Heydər Əliyev, Heydər Əliyevin ətrafındakı insanlar olub. O insanlardan, minlərlə adamlardan biri də Maksim Musayev olub. Burda nə var ki?".
Maksim Musayev isə bildirib ki, o, Əli Əhmədovdan cavab gözləyir. Lakin Əli Əhmədov Eldar Ibrahimovla Siyavuş Novruzovu qabağa verib.
Bu arada Şamil Əliyev adlı Qarabağ əlili Əli Əhmədovun müdafiəsinə qalxıb. O, “Yeni Müsavat”a göndərdiyi məktubda Maksim Musayevi tənqid edərək YAP-ın icra katibini tərifləyib.
Bu da qalmaqalı daha da dərinləşdirib. Belə ki, məsələ ilə bağlı “Azadlıq”a açıqlama verən Maksim Musayev Əli Əhmədovun ünvanına daha sərt ittihamlam səsləndirib. “Əli Əhmədov çabalaya-çabalaya qalıb. Çünki mən onu yenicə ifşa etməyə başlamışam. Görür ki, faktları açıqlayıram. Özü qabağa çıxmır, gizlənir. Hər dəfə bir nəfəri üstümə göndərir.
Mən onu dəfələrlə debata çağırmışam. Niyə gəlmir? Çünki qorxur, bilir ki, mən həqiqəti söyləyirəm. Əli Əhmədovun YAP-ı pis günə qoymasının sübutu üçün bircə fakt kifayətdir. O, fakt bundan ibarətdir ki, bu gün biz ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərində debat aparırıq. Yəni, müxalifət qəzetlərində fikirlərimizi deyirik. Görün, bunlar YAP-ı, onun nəzarətində olan qəzetləri nə günə qoyub? Hanı YAP-ın mətbuat xidməti, hansı bu partiyanın qəzeti? Əli Əhmədov bunların hamısını pis günə qoyub. Mən bu faktları açıqlayıram, Əli Əhmədovu ifşa edirəm və bundan sonra da edəcəm. Sözü var özü çıxsın, mənimlə debata gəlsin".