Ali Murat Kırık
“Türkiye” qəzeti, 19 aprel 2020-ci il
Koronavirus pandemiyası ilə birlikdə dünyaya aid bir çox fərqli fikirlər, müxtəlif şişirdilmiş nəzəriyyələr ortaya atılır. Bu mövzuda həm də “Microsoft”un qurucusu Bill Qeytsin rəhbərlik etdiyi “ID2020” layihəsi də müzakirə mövzusuna çevrilib. Layihənin yaradılmasında məqsədin yer üzündə mövcud olan hər bir insana rəqəmsal kimlik vermək olduğu təxmin edilir.
Yeni koronavirus kimi tanınan COVİD-19 dünyada yüzminlərlə insanın yoluxmasına və minlərlə ölüm hadisəsinə səbəb olub, yeni qlobal problemə çevrilib. Bu yoluxucu xəstəlik xüsusilə yaşayışın sıx olduğu yerlərdə bir çox dəyişikliyə səbəb olub. Dünya tamamilə rəqəmsal düzənə keçid ərəfəsindədir. Əlbəttə ki, bu keçid mərhələsinin müsbət və mənfi tərəflərindən söhbət aça bilmək mümkündür.
Koronavirusla birlikdə rəqəmsal dünyaya aid bir çox fikirlər, fərqli təxminlər və şişirdilmiş yalan nəzəriyyələr də səslənməyə davam edir. Bu mərhələdə isə dünyanın ən zəngin insanlarından biri olaraq tanınan, “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin adı daha çox hallanır.
Söylədiyi bir çox proqnozların özünü doğrultması ilə, təxminən, 5 il öncə TED konfransındakı bir açıqlamasında dünyada mövcud ola biləcək yoluxucu xəstəliklər barədə fikirlərini bölüşmüş, peyvənd istehsalı barədə işlərin daha da sürətləndirilməsini bir neçə dəfə bəyan etmişdi. Hətta illər öncə səsləndirdiyi fikirlərdən biri də belə olmuşdu: “Dünya müharibə üçün hazırlaşdığı ciddiyyətlə həm də pandemiyaya qarşı özünü hazırlamalıdır”.
Bu ifadəsi ilə dünyanın diqqətini özünə cəlb edən 67 yaşlı şirkət rəhbəri müsahibə verdiyi son günlərdə bu növ xəstəliklərə yer üzündə 20 ildən bir təsadüf edildiyinə diqqət çəkib. Bill Qeyts və həyat yoldaşı bu virusa qarşı mübarizə üçün yaradılmış yardım fonduna yüz milyon dollar dəyərində vəsait də ayırıblar.
“ID2020” layihəsinin hazırlanmasında əsas məqsəd nədir?
Pandemiyanın vüsət aldığı son günlərdə Bill Qeytsin rəhbərlik etdiyi “ID2020” layihəsi dünya gündəminə gəlib. “Microsoft” rəhbərliyinin hazırladığı bu layihə yer üzündə yaşayan hər bir insana rəqəmsal kimlik vermək, fərdlərin “rəqəmsal kimlik” haqlarını alması kimi qiymətləndirilir.
Rəqəmsal kimliyin insanın haqqı və həyatlarındakı ən önəmli vasitələrdən biri olduğu qeyd edilən bu layihədə həmin kimliyin “blockhain” (“blokçeyn” – blok zənciri – tərc.) təməlli ilk vəsiqə olacağı iddia edilir.
“Blockhain” sadəcə hər hansısa varlığa aid olmayan kompüterlərin bir qrupu tərəfindən idarə olunan “zaman” damğalı məlumat qeydləridir. Bu məlumat bloklarının hər biri şifrələmə qaydalarından istifadə edilərək, stabilləşdirilir və zəncirvari olaraq bir-birinə bağlanır. Bu gün dünyada böyük bir qeyri-müəyyənliyə səbəb olan koronavirus pandemiyasının bu layihəni dolayı yollarla dəstəkləməsi ağıllarda sual yaradır.
Qurucu tərəfdaşları sırasına “Accenture”, “Gavi” Peyvənd İttifaqı, “Rokfeller Vəqfi”, “Microsoft” və “IDEO”-nun yer tutduğu “ID2020” layihəsində heç bir hökumət, şirkət və ya qurumun bu problemi özbaşına həll edə bilmədiyi vurğulanır. Rəqəmsal şəxsiyyətin gələcəkdəki kursunu müəyyən etmək və pandemiya ilə əlaqəli müəyyən riskləri idarə edə bilmək üçün əməkdaşlıq və qlobal tərəfdaşlıq tələb edən bir problem olduğu ifadə edilir.
“ID2020” layihəsinə görə, birdəfəlik iş layihələrinə müvəqqəti investisiyalar transformasiya effekti yaratmaq üçün kifayət etməyəcək. Təşəbbüsləri yenidən təşkil etmək üçün işin arxa planı dəyişdirilməlidir. Bu səbəblə, ittifaq tərəfdaşları, rəqəmsal şəxsiyyət xidmətinin müxtəlif formalarını, o cümlədən bir insanın həyatı boyunca istifadə edə bilməsi üçün ona lazım olan bütün xidmətləri lazımınca qiymətləndirmək və tətbiq etmək üçün yaradılacaq proqramlara investisiya vəsaiti toplayır.
Bununla yanaşı, “blockhain” texnologiyası ilə yaradılan rəqəmsal proqramın şəxsin təhlükəsizliyini və məxfiliyini qorumaqla birlikdə, insanların hər nöqtədən təqib edilməsinə səbəb olacağı bildirilir.
İddialara görə, “ID2020” layihəsi rəqəmsal şəxsiyyət fişləri olan istifadəçilərə veriləcək, identifikasiya (istifadəçiyə və ya istifadəçinin adından fəaliyyət göstərən prosesə öz adını bildirmə imkanı vermək) edilmiş şəxsiyyətlər əvvəlcə çiplərə yerləşdiriləcək və mütəmadi olaraq peyvənd alanlar hər cür xidmət və tətbiqlərdən faydalana biləcəklər. Olmayanlar isə bir çox xidmətdən yararlana bilməyəcəklər.
Məhz “ID2020” layihəsinin danışıldığı bir zamanda koronavirus pandemiyasının ortaya çıxması sual işarələri və dərin narahatlıq yaradıb. İnsanların özlərində çip olması fikri əvvəlcə mənfi görsənsə də, fərdlərin həyatlarını davam etdirə və xəstəliklərə qarşı mübarizə apara biləcəkləri fikirləri bu texnologiyanı cəlbedici edə bilər. Beyin çipinin məqsədi elektrik siqnallarının ötürülməsində hüceyrələrə kömək etmək və beynin müvafiq sahələrində hərəkətliliyi aşkar etmək, düzgün siqnal kodunun necə olacağını dərhal öncədən təxmin edə bilməkdir.
Son iki onillikdə neyroşünaslar səssizcə insan zehnini kompüterlərə bağlayan və yalnız dünya səhnəsinə çıxan “BrainGate” adlı bir inqilabi texnologiya qurur. Çiplərlə, indi şəxsi müstəqilliyimizlə bağlı daha dərin suallar verməyə başlamalıyıq. Beyin kompüter interfeyslərinin imkanları həm həyəcanverici, həm də qorxuncdur. Məsələn, düşüncə ilə başqa şəxslərlə əlaqə qura bilmək həyəcanlıdır, amma başqalarına ağlınızı oxumaq imkanını vermək qorxuncdur. Bir insan beynindəki elektrik impulslarını idarə etmək və ya bir avtomobil idarə etmək həyəcanlıdır, başqalarının sizin fikirlərinizi idarə edə bilməsi isə qorxuncdur.
Bizi daha ağıllı edə bilmək üçün süni intellektdən istifadə edilməsi yaxşı olardı. Bizdən daha ağıllı və süni intellekt yaratmaq isə kabusdur. Bir sözlə, beynin “hack”lənməsi də (kodun və yaxud hər hansısa bir şifrənin sındırılması, aradan qaldırılması. Burada insan beyninin tətbiq edilən proqrama qarşı müqavimətini qırmaqdan bəhs olunur) bu imkanlar arasındadır.
Yeni Dünya Düzəni
Bu çərçivədə İsrail tarixçisi və yazıçısı Yuval Noah Hararinin koronavirusdan sonra mövcud olacaq yeni dünya düzəni ilə bağlı fikirlərini xatırlamaq faydalıdır. Bəşəriyyətin böyük bir böhran içində olduğunu irəli sürən Harari, bütün populyasiyaların yayılmanı dayandırmaq üçün müəyyən qaydalara riayət etmələrini tələb edir. Bu gün bəşər tarixində ilk dəfə olaraq Harari texnologiyanın hər kəsi izləməsinə imkan yaratdığını söyləyərək, dövlətlərin vətəndaşlarını təqib etmələrini və epidemiyanı dayandırmaq üçün qaydalara əməl etməyənləri cəzalandırmasının lazım olduğunu vurğulayır.
Əslində, bu gün nəzarət, nəzarət kameraları və tətbiqlərlə aparılır. Rəqəmsal çağına qədəm qoyduğumuz bu günlərdə həyatımızın təsirini intensiv hiss etməyimizi təmin edən “böyük məlumatlar” olsa da, xüsusilə səhiyyə sahəsində aysberqin görünməyən bir üzü də var. Bu vəziyyəti qısaca “rəqəmsal köləlik” adlandırmaq da mümkündür. Nəzarət və nəzarətin rəqəmsal köləliyi təşviq etməsi və insanların öz milli dəyərlərini itirməsi, bir dünya vətəndaşlığına çevrilməsi mümkündür.
Şəxsiyyət gizliliyinin yox olması və hər hansı bir mühitdə baş verə biləcək təqiblə hara doğru gedəcəklər, görəsən? Bunu zaman göstərəcək…
Tərcümə Strateq.az-ındır