“Get evini sat, özünə dərman al”

17-07-2014, 10:25   
“Get evini sat, özünə dərman al”Imişlidə məmur işçinin yardım müraciətinə belə cavab verib

«Vağzalı» həsrətilə yaşayan yazıçı-jurnalist ağır xəstəliklə baş-başa qalıb

...Işığı sönüb, suyu kəsilib, saatı dayanıb. Nə qapısını döyən var, nə telefonuna zəng edən. Yazı masasının üstündə laborator analizlərinin nəticələri, epikrizlər, reseptlər, yataq otağında torba-torba dərmanlar. Bir də divarlardan boylanan qara gözlü, alma yanaqlı bir qızın məsum baxışları...

Imişlidə yaşayan mədəniyyət işçisi, yazıçı-jurnalist Məryəm Şahverdiyevaya baş çəkərkən, ilk yadda qalanları artıq siz də bildiniz. Pəncərədən süzülən gün işığında başlanan söhbət çırağın öləzi işığında başa çatdı...

Kitablı, işıqlı ev

“Evimiz rayonun ən işıqlı, kitablı evlərindən biri olub. Atam Qaryagində (indiki Füzuli rayonu nəzərdə tutulur - A.Ə.) pedaqoji təhsil alıb, Ikinci Dünya Müharibəsi təzəcə qurtaran vaxtlardan Imişlinin Mürsəlli kəndində müəllimlik edib. Natamam orta təhsil alsa və kolxozda işləsə də, anamın əlində daim kitab olub, onu rayon sovetinə deputat da seçiblər. Yaxşı təhsil almağımız, ictimaiyyətçi olmağımız, belə mühitdə böyüməyimizdən irəli gəlib”.

“Tədbirlərin aparıcılığı həmişə mənə həvalə edilirdi”

Müsahibimin dolu ürəyi, zəngin ömür yolu var. Şirinli-acılı, bütün xatirələri də kitab və işıqdan keçir: “Orta məktəbi bitirəndən sonra Imişli şəhərindəki uşaq kitabxanasında işə düzəldim. Işləyə-işləyə həm də qiyabi təhsil aldım. Bir müddətdən sonra həmin kitabxanaya müdir təyin olundum. Bədii yaradıcılığa da elə o vaxtdan başlamışam. Ədəbiyyata olan böyük həvəsim, diksiyam nəzərə alınaraq, rayonda keçirilən ”Məhsul bayramı", “Sağıcı günü”, “Qızlar baharı” və başqa tədbirlərin aparıcılığı mənə həvalə edilirdi..."

“Söhbətə ara verir və öncədən seçdiyi şəkillərdən birini göstərir: ”Diqqətlə baxın. Şəkildə gördüyünüz bu balaca qız mərhum müğənni Xeyransa Məmmədovadır. Onun vaxtsız ölümü mənə çox təsir etmişdi. Rayonumuza gələn sənət adamlarının, demək olar, hamısı ilə görüşmüşəm".

“Dizimin üstündə yazıram”

Məryəm Şahverdiyevanı daha çox “əmək veteranı” kimi tanıtmaq olar - azı 40 ildir ki, mədəniyyət sahəsində çalışır. Amma sıradan kitabxanaçı deyil, 32 kitabın müəllifidir. Evinin bir küncündə əsər və təltifləri sərgilənib. Yazıçı, jurnalist və qadın birliklərinin üzvüdür. 2003-cü ildə “Sabaha inam” adlı qəzet təsis edib. O vaxtdan bəri həmin qəzeti təkbaşına çıxarır: “Mən heç də çoxları kimi masa arxasında oturub yazmıram. Kitab və məqalələrin əlyazmaları dizimin üstündə araya-ərsəyə gəlib. Ana öz övladına dizinin üstə layla çalan kimi, qəhrəmanlarım da beləcə yetişib. Yazılarımın qaralama variantı olmayıb, elə birbaşa yazmışam. Bəzən əlimdə kağız-qələm, divara söykənmiş vəziyyətdə yuxu aparıb məni...”

Tənhalıq

Bütün bu qaynar həyatla yanaşı, tənhalığın gətirdiyi sıxıntılar da az olmayıb. Məryəm xanım şəxsi həyatını qura bilmədiyinə çox heyfsilənir: “Hər bir qadın istəyər ki, isti ocağı olsun. Adi quş civiltisi, qapı taqqıltısı da məni qorxudur. ”Vağzalı həsrəti" adlı romanım da elə bu tənhalığımdan yaranıb. Bu əsərə mərhum yazıçı Əlibala Hacızadə böyük dəyər vermişdi. Mən hələ də bu həsrətlə yaşayıram. Gəlinlik paltarını əynimə 50 yaşım tamam olanda geyindim, - sadəcə, şəkil çəkdirmək üçün..."

“Görüş ağacımı əvvəlcə kəsdilər, sonra kökündən çıxardılar”

“Məryəm xanımın şirin xatirələrinin bir hissəsi həyətlərindəki indi olmayan çoxillik ağacla bağlıdır. Deyir, bu ağacın altı gündüzlər uşaqların oyun, yaşlıların kölgənən, gecələr də gənclərin görüş yeri olub. Buna görə həmin ağaca ”Görüş" adı veribmiş. Bir neçə il əvvəl evə yaxınlaşanda o ağacı kəsilmiş görür: “Mənə çox pis təsir etdi. Kəsib yerə uzadılmış ağaca baxıb ağladım. O gecə səhərədək yata bilmədim. Yaz gələndə ağacın kökündən bir pöhrə boy verdi. Tez-tez dibinə su tökürdüm ki, böyüsün. Bir şeir də yazmışdım. Qəzetdə çap etdirəndən sonra məmurlar gəlib bu dəfə ağacın kökünü də torpaqdan çıxardılar”.

“Yaşamaq istəyirəm!”

At ili, dolça bürcündən olduğunu deyən Məryəm xanım, bu ilin ona düşərli olacağını düşünüb. Yubileyini qeyd etməyə hazırlaşırmış. Amma eldə deyim var: “Sən saydığını say, gör fələk nə sayır”: “Yanvar ayından özümü pis hiss etdim. Həkimə gedəndə məlum oldu ki, ”Hepatit C"-yə yoluxmuşam. Analizlərin nəticələri və diaqnoz Iranda, Türkiyədə də təsdiqlənib. Indi dərdimə xaricdə əlac edə bilərlər. Buna isə böyük məbləğdə pul lazımdır. Xəstəlik də, ölüm də çağrılmayan qonaq kimidir, istəməsək də qəbul etməliyik. Amma hələ yaradıcılıq həvəsim sönməyib, həyat eşqim tükənməyib, yarımçıq işlərim çoxdur. Ona görə bir az da yaşamaq istəyirəm".

Belə çətin günlərdə Məryəm xanım əvvəlcə öz iş yerindən kömək umub: “Rayon mədəniyyət və turizm şöbəsi müdirinə üz tutdum. Dedim, 43 ildir fasiləsiz bu sahədə işləyirəm, hər ay həmkarlar təşkilatına üzvlük haqqı ödəyirəm. Mənim dava-dərmanıma bir az kömək edin. Şöbə müdirinin cavabı belə oldu: get evini sat, özünə dərman al. Bu da əməyimə verilən qiymət...”
“Azadlıq” radiosu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.