“Elman Rüstəmov kimi aldadırdı, prezidenti, yoxsa xalqı?” – QUBAD İBADOĞLU
28-04-2020, 12:58
“Təəssüf ki, 28 ildə Azərbaycanda sağlam və rəqabətli bank bazarı formalaşmadı, müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yaranmadı”
“Azərbaycan banklarına etibar yoxdur. Bilirsiniz nəyə görə? Çünki onlar azad deyillər, siyasi hakimiyyətə bağlıdırlar və zaman-zaman siyasi mübarizələrin qurbanı olurlar. Baxın, bir vaxtlar Heydər Babayevin bankı kimi tanınan “Standart Bank”ın, Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azərbaycan”ın, dünən isə Fazil Məmmədovun bankı kimi tanınan “AtaBank” və Eldar Mahmudovun bankı kimi tanınan “AGBank”ın fəaliyyəti dayandırıldı”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Qubad İbadoğlunun sözlərinə görə, hazırda siyasi hakimiyyətdə yüksək vəzifə tutanların bankları da eyni aqibəti yaşayacaq: “Çox təəssüf ki, 28 ildə Azərbaycanda sağlam və rəqabətli bank bazarı formalaşmadı, müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yaranmadı. Bütün bunların “xərclərini” daha çox bankların müştəriləri çəkib, yenə də ən çox təsirlənən əhali olacaq. Hazırda fəaliyyəti dayandırılan 4 bankda yerləşdirilmiş depozitlərin geri alınması asan olmayacaq. Sığortası olmayan əmanətlər, cari və xüsusi hesablardakı pul vəsaitlərinin tam məbləğdə sahibinə qaytarılması mümkün olmayacaq”.
İqtisadçı alimin fikrincə, hətta qaytarılan vəsaitlərin də ödənilməsi prosesi aylar çəkəcək: “Nələr baş verəcək bu aylarda? İndiki qeyri-müəyyənlik şəraitində proqnoz vermək də asan deyil. Yaxud bir neçə ay ərzində manatın devalvasiyası baş verərsə onda dünən bağlanan banklarda manatla yerləşdilmiş əmanətlərin dəyərsizləşmə xərcini kim ödəyəcək? Bu tip risklər necə idarə olunacaq? Mərkəzi Bank bu suallara da cavab verməlidir. Amma Mərkəzi Banka da etimad qalmayıb. İki həftə əvvəl keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Mərkəzi Bankın sədri deyirdi “bank sektorunun likvidlik səviyyəsi (aktivlərin pula çevrilmə qabiliyyəti) bu gün qənaətbəxş səviyyədədir”. Amma 2 həftə sonra 4 bankın fəaliyyəti ödəmə qabliyyəti olmadığına görə dayandırıldı. Görəsən, Elman Rüstəmov kimi aldadırdı, prezidenti, yoxsa xalqı? Onsuz da xalq ona inamını çoxdan itirib, amma prezident onu bu günlərdə yenidən 6-cı dönəmə Mərkəzi Banka sədr təyin etdi. Deməli, xalqın etimadını itirənlərə prezidentin etibarı da yüksək olur. Yoxsa, eyni şəxs 25 ildən sonra yenidən ölkənin baş bankiri təyin edilməzdi”.