"Akkord”da aşkarlanan 20 milyon yeyinti faktına görə heç kim həbs edilməyib; korrupsiyaya qarşı mübarizə aparan quruma rəhbərlik edən baş prokuror dövlətin pulunu mənimsəyən cinayətkar şəbəkəni himayə edir
"Akkord” şirkətində şok korrupsiya faktları barədə 15 gün öncə yazmışdıq. Redaksiyamıza daxil olan məlumat əsasında hazırlanan yazıda bildirilirdi ki, 2013-cü ilin oktyabrından şirkətdə işlər qismən dayanıb. Bunun da nəticəsində maaşların verilməsində fasilələr yarandığı deyilirdi.
Məqalədə bildirilirdi ki, şirkətin baş direktoru Xəqani Quluzadənin işdən çıxarılmasını onun xaricə təhsil almağa getməsi kimi izah ediblər. Yazıda bildirildiyinə görə, X.Quluzadənin işdən çıxarılması adi məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı. Belə ki, onun adı "Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq çəkilirdi.
Onun işdən kənarlaşdırılması haqda göstərişin "Akkord”un əsas səhmdarı sayılan İlqar Hacıyev tərəfindən verildiyinə dair yazıda iddia yer alırdı. Məqalədə daha sonra qeyd olunurdu ki, İlqar Hacıyev 2010-cu ildən "Akkord”dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və Almaniyada "Akkord”un nümayəndəliyində otururdu. Onun qayıtması və şirkətdə təmizləmə aparması səbəbsiz deyildi.
"Xəqani Quluzadənin ”Akkord"a rəhbərlik etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb" - deyə yazıda bəhs olunurdu. O da bildirilirdi ki, kreditlər Xəqani Quluzadə, onun tikinti üzrə müavini Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin vəziyyətə düşüb.
Daha sonra yazıda bildirilirdi: "Krediti qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə ”Akkord"un əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu günə salmış adamları təmizləmək tapşırığı verilib".
15 gün öncə "Yeni Müsavat”da dərc edilmiş məqalədə bildirilirdi ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanıb. Məqalədən sitat: "Təsəvvür edin ki, su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar təkcə ”Akkord"un Audit Departamenti tərəfindən deyil, həm də kənardan dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı".
Yazıda daha sonra Fariz Cəmillinin fəaliyyətindən bəhs edilirdi: "Onun ”Akkord"un bu günə düşməsində "xidmətləri” çoxdur. Belə ki, onun özünün AGE adlı ayrıca şirkəti var və tunel tikintisi ilə məşğuldur. O, şirkətin sifarişlərini ayrı-ayrı subpodrat şirkətlərə satıb".
Yazıda yeyintilərə görə cinayət işi açıldığı və cinayət işinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduğu vurğulanırdı.
Audit yoxlamalarından sonra tikinti üzrə baş direktorun müavin Elçin Bədəlovun, təhqiqat departamentinin direktoru Şahin Məmmədovun, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmillinin, infrastruktur departamentinin direktoru İlqar Budaqovun, kadrlar departamentinin direktoru Səbinə Feyzovanın işdən çıxarıldıqları haqda da yazıda bəhs edilirdi. Məqalədə Xəqani Quluzadədən sonra "Akkord”a rəhbər təyin olunmuş Göksəl Aybək haqda ittihamlar yer alırdı. Bildirilirdi ki, Göksəl Aybək ancaq öz həmvətənlərini müxtəlif vəzifələrə irəli çəkməklə məşğuldur.
"Akkord” şirkətinin baş prokuror Zakir Qaralova məxsus olduğu haqda xəbərlər yeni deyil. Düzdür, mediada gedən xəbərlərə görə, bu şirkət bir neçə il öncə əl dəyişdirdi. Amma "Akkord”dun nəzarət paketinin əhəmiyyətli hissəsinin hələ də Z.Qaralovda qaldığı haqda təkzib edilməyən məlumatlar var.
Görünür, buna görədir ki, üstündən 15 gün keçməsinə baxmayaraq, hələ də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi "Akkord”dakı yeyintilərlə bağlı ictimaiyyəti bilgiləndirməkdən yayınır. Baş prokuror ölkədə korrupsiyaya qarşı mübarizə aparan idarənin başında dayanır, bu qurumun işinə birbaşa rəhbərlik edir, amma ona məxsus olduğu deyilən şirkətdə 20 milyonluq yeyinti faktına görə bir nəfər olsun belə həbs edilməyib. Vaxtaşırı Baş Prokurorluğun mətbuat xidməti rayonlarda, kənd və qəsəbələrdə antikorrupsiya tədbirləri haqda press-relizlər yayır. Həmin press-relizlərdə kiçik məmurların rüşvət aldıqlarına görə həbsindən bəhs edilir. Fəqət ölkənin ən iri şirkətində 20 milyon manat oğurlanır, dövlət əmlakı talan edilir, buna görə bir nəfər də olsun həbs edilmir.
Bu anlaşılmaz vəziyyətlə bağlı hörmətli Zakir Qaralovun izahatını dinləməyə və çap etməyə hazırıq.