“Azərbaycanda Ukraynada olanları təkrarlamaq istəyirlər. Ukrayna bu məsələdən xeyli ziyan çəkdi, ərazisinin bir hissəsini itirdi, hələ müharibə səngiməyib. Bunu təkamül yolu ilə də etmək olardı. Qərb dövlətləri özlərinə lazım olan ölkələri sınaq meydanına çevirirlər”.
Bu sözləri YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov aznews.az saytına müsahibəsində deyib. YAP-çı deputat daha sonra bildirib ki, ölkəni məcburi şəkildə A
vropaya tərəf yönləndirirlər: “Bu, düzgün deyil. Burada seçim xalqındır. Xalq hansı yolu istəyəcəksə, o yolu da gedəcək. Amerikanın bu addımları düzgün deyil, bu səlahiyyətləri necə əldə ediblər? ATƏT-in, AŞ PA-nın, BMT-nin tənqidləri başadüşüləndir, çünki həmin qurumlar qarşısında öhdəlik götürmüşük, amma Amerikanın hansı səlahiyyətləri var ki, dinləmələr keçirir? Dövlətlərin daxili işlərinə qarışmaq olmaz...
...Harada insan hüquqları pozulursa, BMT bununla məşğul olmalıdır...
...Bir ölkənin başqa bir ölkənin daxili işlərinə qarışmasına haqqı çatmır. Öz gözlərində tiri görmürlər, başqalarında tük axtarırlar".
Siyavuş Novruzovun Qərbi hədəfə alması təsadüfi deyil. Son günlər Azərbaycan hakimiyyəti yenidən Qərbə qarşı total hücuma keçib. Hakimiyyətin nəzarətində olan qəzetlərdə, xüsusilə YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzetində və dövlət qəzeti olan “Azərbaycan”da Qərbin əleyhinə geniş materiallar dərc olunur. Hakimiyyət ənənəyə sadiq qalaraq yenə də Qərbi Azərbaycanın daxili işlərinə qarışmaqda, ölkədə iğtişaşlar törətməyə cəhddə, Azərbaycanı Ukraynaya çevirmək istəyində olmaqda ittiham edir.