İsrailin Türkiyə çağırışı: nələr dəyişə bilər? – Şərh

23-05-2020, 16:11   

 


   
İsrailin Türkiyədəki səfiri Roey Giladın bəyanatı gerçəkləşməsi çətin olan məsələdir. Türkiyə Fələstin mövzusunda İsrailə güzəştə gedə bilməz. Suriya məsələsinin isə Türkiyə nəinki İsrail, başqa bir dövlətin köməyi olmadan da öhdəsindən gələ bilər.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu İsrailin Türkiyədəki səfiri Roey Gilad "Türkiyə və İsrail arasında münasibətlər yumşalarsa, bu, Suriyada əks-səda yarada bilər" sözlərini şərh edərkən deyib. O bildirib ki, Türkiyə Yaxın Şərqdə ciddi təsiri olan güclü bir ölkədir:
“Türkiyə və İsrail münasibətləri zaman-zaman gərginləşsə də, heç vaxt tam mənasında qopa bilməz. Çünki iki ölkə arasında tarixi və çox ciddi mənada iqtisadi münasibətlər var. Digər tərəfdən hər iki ölkə Yaxın Şərqin güclü və söz sahibi olan ölkələridir”.
Ekspert bildirib ki, bu gün Türkiyə istər Qərbin, istərsə də İsrailin gözündə çox ciddi bir partnyor ölkədir:
“Çünki bu ölkənin region üçün başlıca xüsusiyyəti böyük idarəetmə təcrübəsi və ənənəsinə sahib olmasıdır. Ümumi mənada desək, hazırda regionda marağı olan heç bir ölkə Türkiyə kimi Yaxın Şərqi yaxşı tanımır. Buna görə də başda ABŞ olmaqla, bir çox siyasi güc regionda Türkiyə ilə hesablaşmalı olur. Xüsusilə də mən burada İsraili qeyd edərdim. Düzdür, biz bu iki ölkənin zaman-zaman bir-birinin ünvanına sərt ittihamlar irəli sürdüyünü, zaman-zaman münasibətlərinin gəginləşdiyini görsək də, tam şəkildə qopmasının da şahidi olmadıq. Bu amil özü belə kifayətdir ki, İsrail üçün Türkiyənin nə dərəcədə vacib bir partnyor ölkə olduğunu görək”.
Ekspert bildirib ki, Türkiyə üçün Fələstin qırmızı xətdir:
“Bu gün İsrailin Türkiyə ilə münasibətləri yumşaltmaq istəməsi təbiidir. Çünki Türkiyə günü-gündən regionda öz təsirini artırmaqdadır. Bu mənada İsrail Türkiyə ilə üz-üzə gəlmək istəmir. Lakin İsrail ilə Türkiyənin yenidən isti münasibətlər qurması siyasi cəhətdən olduqca çətindir. Çünki İsrailin Fələstin mövzusunda sərgilədiyi ekspansionist mövqeyi iki ölkə arasındakı ən əsas problemdir. Son olaraq İsrailin Fələstin torpaqlarını ilhaq edəcəyinə dair verdiyi bəyanat yenidən gərginliyə səbəb oldu. İsrail tərəfi Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəyə qayıtmasını istəyirsə, ilk növbədə Fələstin məsələsində güzəştə getməlidir. Əks təqdirdə bu iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəyə qayıtması heç də real səslənmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.