Şirkətin baş direktorunun işdən çıxarılmasının arxasında hansı səbəblər dayanır?
“Akkord” şirkətində ötən ilin oktyabrından işlər qismən dayanıb. “Yeni Müsavat”ın yazdığına görə, bunun da nəticəsində maaşların verilməsində fasilələr yaranıb. Qəzetin yazdığına görə, şirkətin baş direktoru Xəqani Quluzadənin işdən çıxarılmasını onun xaricə təhsil almağa getməsi kimi izah ediblər: “Xəqani Quluzadənin işdən çıxarılması adi məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı. Belə ki, onun adı ”Akkord"da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqur olaraq çəkilirdi. Onun işdən kənarlaşdırılması haqda göstərişin “Akkord”un əsas səhmdarı sayılan Ilqar Hacıyev tərəfindən verildiyi bildirilir".
Məqalədə həmçinin qeyd olunur ki, Ilqar Hacıyev 2010-cu ildən “Akkord”dan ayrılsa da, əsas səhmdar kimi qalırdı və Almaniyada “Akkord”un nümayəndəliyində otururdu: “Onun qayıtması və şirkətdə təmizləmə aparması səbəbsiz deyildi. Xəqani Quluzadənin ”Akkord"a rəhbərlik etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb. Kreditlər Xəqani Quluzadə, onun tikinti üzrə müavini Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilib.
Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət çətin vəziyyətə düşüb. Krediti qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə “Akkord”un əsas səhmdarı Ilqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu günə salmış adamları təmizləmək tapşırığı verilib".
15 gün öncə “Yeni Müsavat”da bu mövzuda dərc edilmiş başqa bir məqalədə isə bildirilirdi ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanıb: “Təsəvvür edin ki, su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar təkcə ”Akkord"un Audit Departamenti tərəfindən deyil, həm də kənardan dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı".
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi “Akkord”dakı yeyintilərlə bağlı ictimaiyyəti bilgiləndirməkdən yayınır. Baş prokuror ölkədə korrupsiyaya qarşı mübarizə aparan idarənin başında dayanır, bu qurumun işinə birbaşa rəhbərlik edir, amma ona məxsus olduğu deyilən şirkətdə 20 milyonluq yeyinti faktına görə bir nəfər olsun belə həbs edilməyib.
Dünən rəsmi iş günü olmadığından nə Baş Prokurorluq, nə də “Akkord”un mövzu ilə bağlı mövqeyini öyrənmək mümkün olmadı.