Şirvanda yenə jurnalist həbs edildi, “Çarx” TV kollektivi nazirə yazdı

31-05-2020, 09:05   
 

 Mayın 30-da tanınmış jurnalist, “Çarx” TV-nin əməkdaşı İsmayıl İslamoğlu Şirvan şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanıb. Şirvan Şəhər Polis İdarəsinə (ŞPİ) aparılan İ.İslamoğlu bir neçə saat orada saxlanılaraq dindirilib. Bu müddətdə ailəsi ondan xəbər tuta bilməyib. Günün ikinci yarısında jurnalist özü həmkarı ilə əlaqə saxlaya bilib. O, həmkarına məlumat verib ki, barəsində xuliqanlıq ittihamı ilə cinayət işi açılıb və məhkəməyə göndərilib. Mayın 31-də onun məhkəməsi keçiriləcək.İ.İslamoğlunun həbsi ilə bağlı “Çarx” TV kollektivi Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.  Müraciətdə məlumat verilir ki, İ.İslamoğlu Şirvan ŞPİ rəisinin qəzəbinə tuş gəlib: “Cənab nazir, Şirvan polis idarəsi rəhbərliyi Azərbaycan və nazirlik adına başucalığı gətirməyən addımlar atmaqdadır. Artıq pandemiya dövründə Şirvanda üç jurnalist həbs edilib. Bu da təəssüf ki, Azərbaycanın adının beynəlxalq təşkilatların siyahısında qeyri-azad mətbuat olan ölkələr siyahısına düşməsinə səbəb olub. Təəssüflə demək lazımdır ki, hər üç jurnalist həbsi məhz Şirvanda gerçəkləşib. Bununla Şirvan polis rəisi nail olmaq istədiyin aydın olmasa da, Azərbaycanın imicinə ciddi zərər vurmaqda, nazirliyin fəaliyyətinə kölgə salmaqdadır. Biz aldığımız xəbərlərə görə, Şirvan polis rəisi tezliklə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə gedəcək.Bütün bu həbslərlə gözə girmək niyyətində olduğunu yaxın çevrəsində açıqlayıbmış”. Müraciətdə deyilir ki, İ.İslamoğlu guya kimisə təhqir etməkdə, xuliqanlıqda ittiham edilir: “İsmayıl mərifətli, dövlətini sevən bir vətənpərvər jurnalistdir. Son dövrlərdə daha çox texniki işlərlə, montajla məşğul olmaqla ailəsini dolandırırdı. Onun himayəsində azyaşlı bir övladı var və ailəsi bu həbsdən sonra həyəcan içərisindədir. Çünki bundan az əvvəl İsmayıl guya yol nəqliyyat hadisəsi törətdiyinə görə Sirvan Şəhər Məhkəməsinin qərarı 30 gün inzibati həbs cəzası almışdı. Şirvanın polis rəisinin onu yenidən həbsə yollamaq istəməsi qərəzdən irəli gəlir. O, İsmayıla bildirib ki, guya sosial şəbəkədə “Bizim Şirvan” səhifəsini idarə edir və orada Şirvan polisi əleyhinə məlumatlar yerləşdirilir. Halbuki, İsmayıl bundan əvvəl də həbsdə olduğu dövrdə həmin səhifə fəaliyyətini davam etdirib və yazılar paylaşılıb. Digər tərəfdən yazı və tənqidə görə jurnalisti cəzalandırmaq istəyi prezidentin, dövlətin siyasətinə ziddir, Azərbaycanın adının “Human rights watch”, “Amnesty İnternational” kimi təşkilatlarının siyahısına düşməsinə əsas yaratmaqdır”.“Çarx” TV kollektivinin nazir V.Eyvazova müraciətində xahiş edilir ki, İ.İslamoğlunun ailəli olması, azyaşlı bir övladının yolunu gözləməsi nəzərə alınaraq yenidən həbsə göndərilməsinin qarşısı alınsın: “Cənab nazir, biz jurnalistlər adından sizə üz tutub xahiş edirik ki, İsmayılın barəsində yngül cəza kəsilməklə, cərimə olunmaqla iş bağlansılsın. Onun təzədən həbs etməklə həm ailəsindən, balasından ayırırlar, həm də ölkədə tənqidçi jurnalistlərə qarşı bir basqı, təzyiq olduğu təsəvvürü yaranır. Cənab Vilayət Eyvazov, biz əminik ki, bu məsələlərdən sizin xəbəriniz olmayıb, Şirvan polisinin özfəaliyyətidir və rəis heç bir siyasi-ictimai faktoru nəzərə almadan, baş verənlərin Azərbaycan adına xələl gətirdiyini hesablamadan üç jurnalisti həbsə göndərib. Sizdən ricamız budur ki, İsmayıl İslamoğlunun azad olunması, əgər doğurdan da günahı varsa yüngül cəza kəsilməsi haqda göstəriş verəsiniz, eyni zamanda, Şirvan polis rəisinin fəaliyyətini araşdırasınız”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.