Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi — Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

3-06-2020, 13:41   


Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da çox önəmli rolu varmış.


Ovqat.com-un Mədəniyyət Nazirliyindəki mənbələrdən aldığı məlumata görə, 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.

 


Maraqlıdır ki, Xanım xanım orjinal xalçanı heç Bakıdan çıxarmaq zəhmətinə də qatlanmaq istəməyib. Elə Bakıdaca xırd etdiyi xalçanın qiymətinə çox bahalı bir villa alıb. Törətdiyi həngaməni gizlətmək üçün villanı belə, özünün yox, yaxın qohumunun adına keçirib.


Bəli səhv oxumadınız; bir xalçanın puluna çox bahalı bir villa. Məsələ burasındadır ki, həmin xalçanın qiyməti 500 min avrodan yuxarı imiş. Sırf əl işi olan ipək xalçanın elə Bakıdaca başına gətirilən oyun Azərbaycan rəhbərliyinin İsveçrədən gözlədiyi təşəkkürün gəlməməsi səbəbindən aşkarlanıb. İsveçrənin diqqətsizliyindən duyuq düşən rəhbərlik həmkarlarıyla söhbətində xalçanı bəyənib-bəyənmədiyini xəbər alıb. Alınan cavabdan isə şoka düşüblər: “Adi bir xalça idi”.

 


Araşdırmalar zamanı məlum olub ki, İsveçrə rəhbərliyinə ipək yox, sintetik xalça hədiyyə edilib. İpək xalçanının Bakıdan Bernə uçarkən birdən-birə necə “sintetikləşdiyini” araşdıran müvafiq qurumlar əsl həqiqəti öyrənə biliblər. Məlum olub ki, xalça Mədəniyyət nazirinin antikvar satışıyla məşğul olan dostları vasitəsilə “sintetikləşdirilib”. 


Daha aydın ifadə ilə desək, orijinal xalçanı satıb əvəzinə sintetik bənzərini tapıblar. Səfir Xanım İbrahimova da əsl xalçanın puluna villa alıb, saxta xalçanı isə qoltuğuna vurub Bernə aparıb.

 


Araşdırma zamanı o da aydınlaşdırılıb ki, Xanım İbrahimova Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsidir. Əbülfəs Qarayevin bu işə bulaşmasında xanım həmrəyliyi öz sözünü deyib.


Qeyd edək ki, cəmi 41 yaşı olan Xanım İbrahimovanın diplomatik korpusda yüksəlişi xeyli sürətli olub. O, 19 yaşından diplomat kimi fəaliyyət göstərir. İsveçrəyə səfir təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Uğurlu diplomatik fəaliyyəti sayəsində Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

 


2006-cı ildə xarici işlər nazirinin dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Həmin agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.


Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi də Xanım İbrahimovanın beyninin məhsuludur. Məlumata görə, X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Həmin layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.

 


Bir sözlə, yaşının az olmasına baxmayaraq, həmişə Xarici İşlər Nazirliyinin ən pullu missiyasında yer alıb. Odur ki, onun İsveçrə rəhbərliyinə göndərilən xalçaya tamah salması xeyli təəccüblü görünür və keçmiş fəaliyyəti barədə də əsaslı şühbələr yaradır. Bildirilir ki, hazırda müvafiq qurumlar da səfirin keçmiş fəaliyyətini və onun ölkə rəhbərliyindəki bəzi şəxslərlə əlaqələrini araşdırırlar.

 


"Şərikli çörək" filmindən fraqment: “Hamını aldadıb, ha. Uşaqda fərasətə bax. Molodes sənə!”.

 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.