Dünyada hər kəs koronavirusla uğraşırdı. Dövlətlər öz vətəndaşlarının, vətəndaşlar isə həm özlərinin, həm də ailələrinin bu virusun qurbanına çevrilməməsinin yollarını axtarmaqdaydılar.
Belə bir vaxtda dünyada yeni bir təhlükənin önəmli əlaməti sayıla biləcək hadisə baş verdi. Və dərhal beynəlxalq səviyyəli qalmaqala çevrildi.
Hazırda ABŞ və Kanada, eləcə də bəzi Avropa ölkələri bu hadisənin təsiri altındadır. ABŞ-da və Kanadada hər gün əhalinin bəzi təbəqələri kütləvi aksiyalar keçirirlər, etiraz edirlər. Avropanın bəzi ölkələrinin eyni təbəqəyə aid edilə biləcək vətəndaşları da həmin aksiyalara dəstək verirlər, həmrəylik nümayiş etdirirlər.
Baş verən hadisənin məzmunu isə olduqca qorxunc xarakter daşıyır. Belə ki, ABŞ-da bir polis, bir qaradərili vətəndaşı qətlə yetirib. İndi onu – irqçı polisin qurbanı olan Corc Floydu bütün dünya tanıyır.
Qaradərili vətəndaş saxta dollar cinayətinə bulaşmaqda suçlanırmış. Polis onu – qaradərili vətəndaşı cinayət başında yaxalayıb.
Bura qədər bir problem yoxdur. Çünki əgər, kimsə cinayət törədibsə, onun milliyyəti, cinsiyyəti, eləcə də dərisinin hansı rəngdə olması qətiyyən əhəmiyyət daşımır. Yəni qaradərili vətəndaş saxta dollar cinayətinə bulaşıbsa, deməli, onu cinayət başında yaxalayan polis qanunun tələbləri qarşısında tamamilə haqlıdır.
Ancaq problem məhz bundan başlayır. Və olayın davamında cinayət törətmiş şəxsi həbs edən polisin özü cinayətkara çevrilir. Həm də həbs etdiyi şəxsdən daha ağır cinayət törədir, amansız bir qatil obrazına bürünür...
Bəs, bu, təsadüfənmi baş verir? Təəsüüf ki, hadisənin videogörüntüləri bu suala müsbət cavab vermək imkanı tanımır.
Çünki qatil polis qaradərili şəxsi yerə yıxıb, öz bədəninin bütün ağırlığı ilə dizini onun boynuna dayayır və var gücüylə sıxır. Qaradərili şəxs imdad diləyərək, çabalayır, əl-qol hərəkətləri ilə qəddar polisə boğulduğunu anlatmağa çalışır. Ancaq onun bu yalvarışları sanki polisi daha da ehtirasa gətir və o, qaradərili şəxsin nəfəsinin kəsildiyinə əmin olmadan qurbanını buraxmır.
Bəli, bu olayın birinci hissəsində haqlı olan polis bir anda qanunları pozan qatilə çevrilir. Çünki heç kimin, o cümlədən, polisin də cinayət törədən hər hansı şəxsi cəzalandırmaq hüququ yoxdur. Dünyanın bütün ölkələrində, o cümlədən, ABŞ-da polis həbs edə bilər, ancaq cinayət törətmiş şəxslə bağlı hökm çıxara bilməz.
Hökmün çıxarılması, hər bir cinayətə görə cəzanın müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir. Əks halda, hər kəs, o cümlədən, polislər həbs etdiklərinə cəza verməyə qalxışsalar, küçələrdə “qan gövdəni götürər”. Bu olaydasa, polis həm də məhkəmənin səlahiyyətlərini mənimsəmiş olur, öz ölkəsinin qanunlarını tapdalayır.
Ancaq olayı dünya gündəminə daşıyan səbəblər yalnız bunlarla məhdud deyil. Olayın içində bir də etnik və irqi çalarlar mövcuddur. Bu isə hadisənin artıq daha önəmli və üçüncü pərdəsidir.
Bütün davranışlarından hiss olunur ki, polis həbs etdiyi şəxsə nifrət bəsləyir. Böyük ehtimalla qurbanının qaradərili olması asayiş keşikçisinin düşmənçilik ovqatında köklənməsi üçün tamamilə yetərli olub.
İndi də bu hadisəyə bir qədər fərqli istiqamətdən baxmağa çalışaq. Bir anlıq hesab edək ki, polisin həbs etdiyi şəxsin dərisinin rəngi qara deyil, ağ olmuş olaydı. Polis yenə də eyni davranışları törədəcəkdimi?
Fikrimcə, o, buna nəinki cəsarət etməzdi, əksinə, hətta heç özü də buna cəhd belə, göstərməzdi, mümkün olduğunca kübar davaranmağa çalışardı. Və ehtiyatsızlıqdan ağdərili birisini öldürmüş olsaydı , dərhal həbs edilərdi. Bu olaydasa, polisin həbsi hadisədən bir neçə gün sonra, həm də qaradərili ABŞ vətəndaşlarının kütləvi etiraz aksiyaları nəticəsində mümkün olub.
Bütün əlamətlər onu göstərir ki, polisin törətdiyi cinayətin məzmununda irqçilik faktoru ön planda yer alır. Və məhz bu faktor bütün dünyada rezonans doğurub.
Əlbəttə, ABŞ-a xüsusi rəğbəti olan bəzi şəxslər bununla razılaşmaya və bir hadisəyə görə ABŞ-da irqçiliyin olduğunu iddia etməyi yersiz hesab edə bilərlər. Və onların ABŞ-ı “demokratiyanın beşiyi” olduğunu iddia edərək, bu superdövləti dünyanın ən azad ölkəsi kimi xarakterizə etmələri də mümkündür.
Təbii ki, hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Ancaq verilən məlumatlar göstərir ki, bu məsələdə mövcud reallıq bir qədər fərqlidir. Son bir ilin statistikası da olduqca qorxunc məqamlardan xəbər verir.
Belə ki, ABŞ-da son bir il ərzində nə az, nə çox, düz 1024 vətəndaş polislər tərəfindən öldürülüb. Onların mütləq əksəriyyəti isə məhz qaradərili vətəndaşlardır. Üstəlik, öldürülənlər əsasən, silahsiz və polisə müqavimət göstərməyən, ancaq müxtəlif etiraz aksiyalarında şüarlar səsləndirən şəxslərdir.
Bu da “demokratiyanın beşiyi” və azad ölkə... Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki əvvəlki illərdə də qaradərili vətəndaşların adi mübahisələr ucbatından belə, polisin qurbanına çevrilmə halları olub.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-da irqçilik həmişə olub. Hakimiyyətdə olduğu dönəmdə qətlə yetirilən prezident Con Kennedi bu durumu nisbətən dəyişməyə nail olmuşdu. Belə ki, onun hakimiyyətinə qədər ABŞ-da qaradərili vətəndaşların “ağlar”la eyni nəqliyyat vasitələrindən istifadə etmək, eyni məhəllədə yaşamaq hüquqları belə, yox idi. Gerisini artıq özünüz düşünün...
Amma irqçiliyin yalnız ABŞ-da mövcud olduğunu iddia etmək də haqsızlıq olardı. Çünki bu bəşəri rəzillik dünyanın əksər aparıcı dövlətlərində, o cümlədən, Almaniya, Fransa, Belçika, Hollandiya və s. kimi ölkələrdə də mövcuddur.
Fransada qaraçılar insan yerinə qoyulmur, ölkədən qovulur. Ərəbmənşəli insanlar ikinci növ vətəndaş münasibəti ilə üzləşirlər.
Almaniyada ultramillətçi qruplar tərəfindən vaxtaşırı türklərin evləri yandırılır. Səbəb isə sadəcə, onların türk olmalarıdır.
Bu ölkədə yəhudilərə qarşı tarixən mövcud olan dözümsüzlük hələ də qalmaqdadır. Nasional sosialistlərin təbliğ və tətbiq etdikləri amansız irqçilik almanların müəyyən qisminin qan yaddaşında öz aktuallığını hələ də qoruyub, saxlamaqdadır.
Çünki nasional sosialistlər yəhudilərə qarşı dünya tarixinin ən rəzil soyqırım faciəsini törətmişdilər. Və insanları yəhudi olduğuna görə kütləvi şəkildə qətlə yetirərkən heç kimin yaşına, cinsinə, sosial durumuna əhəmiyyət verməmişdilər. Hətta qundaqdakı körpələrə belə, rəhm etmədən güllələmişdilər, xəncərləmişdilər. Dəhşətli yəhudi soyqırımının necə törədildiyini təxmini də olsa, təsəvvür etmək istəyənlər 2018-ci ildə ekranlara çıxmış “Sobibor” filminə baxa bilərlər.
Həmin film də bir daha təsdiqləyir ki, irqçilik dünyanın ən dəhşətli reallığıdır. Əgər, tanıdığınız birisi irqçidirsə, əmin olun ki, İblis onun qəlbunə ayaqyalın girərək, beynində lüt-üryan rəqs edir, hətta mayallaq aşır.
İrqçılık heç bir halda haqq qazandırılması mümkün olmayan ideoloji düşüncə cinayətidir. İnsanları milli mənsubiyyətinə və ya irqinə görə ayırmaq cəhdi - İrqçilik mənəvi-psixoloji xəstəlikdən başqa bir şey deyildir.
İnsanlar milli mənsubiyyətinə, irqinə, dininə, yaşına və cinsinə görə deyil, məhz savadına, intellektinə, istedadına və nəhayət, bəşəriyyət üçün gördüyü və ya görməyə çalışdıqları faydalı işlərinə, xeyirxah əməllərinə görə ayrıla bilərlər. Bu kriteriyalardan kənar hər hansı ayrımçılıq qeyri-insanidir və şərə xidmət edir.
Çünki hər hansı bir insanın hansısa millətə mənsubluğu, dərisinin rəngi ona başqa birisi qarşısında üstünlük qazandırmaz. Ən azından ona görə ki, hər hansı şəxsin milli mənsubiyyəti və dərisinin rəngi onun öz qabiliyyəti və ya bacarığı sayəsində əldə olunun nəticə deyil, sadəcə, Tanrının hökmüdür.
Və nəhayət, bəşəriyyətin tanıdığı ən doğru, faydalı, həm də xeyirxah ideologiya yalnız İNSANÇILIQdır. Gerisi boş və mənasız lovğalıqla yüklənmiş cəfəngiyyatdır.
Elçin XALİDBƏYLİ,
Siyasi analitik