Hakimiyyət məmur vitrinini YAP rəhbərliyi ilə təzələyir; Uzun müddətdir boş qalan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Mübariz Qurbanlıya tapşırıldı; iqtidar partiyasının funksionerləri dövlət işlərinə aparılır; bir sıra məmurlarla bağlı yaşanan problemlər iqtidarı bu sahədə yeni addımlar atmağa vadar edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. İyulun 21-də prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Qurbanlı təyin olunub. Sabiq sədr Elşad İskəndərovun bu postdan uzaqlaşdırılmasından sonra onu əvəzləyəcək şəxslər arasında bir neçə nəfərin adı hallandırılsa da, M.Qurbanlının təyinatı gözlənilməz oldu.
Dini ekspertlər Kənan Rövşənoğlu və Ceyhun Məmmədov M.Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasını “Media forum” saytına şərh ediblər. K.Rövşənoğlu bildirib ki, M.Qurbanlı indiyədək daha çox siyasi fəaliyyətdə və partiya işində olub: “Onun dinlə və ümumiyyətlə, ölkədəki dini situasiya ilə hər hansı bağlılığı olduğu haqda şəxsən məndə məlumat yoxdur. Bu mənada təyinat mənim üçün çox gözlənilməz oldu. Ancaq bu təyinat bir sıra məqamına görə maraq doğurur.
Dini sahədə ciddi problemlərin olduğu, ölkədə radikal İslam fəaliyyətlərinin, çağırışlarının gücləndiyi bir zamanda, belə demək mümkünsə, ”kənar" adamın dini komitəyə sədr təyin edilməsi onu göstərir ki, hökumət daha çox basqı xəttini götürəcək. Yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrlərindən Elşad İskəndərovun dövründə olduğu kimi deyil, Hidayət Orucovun vaxtında olduğu kimi sərt xətt olacaq. Yeni təyinatın “kənardan” olması bunu deməyə əsas verir".
Ceyhun Məmmədov da qeyd edib ki, bu təyinat ölkədə, eləcə də Şərqdə kifayət qədər ciddi proseslərin getdiyi bir dövrə təsadüf edir: “Hazırda bir sıra müsəlman ölkəsində dini müstəvidə baş verən hadisələr Azərbaycan hökumətindən olduqca ciddi düşünülmüş siyasətin həyata keçirilməsini tələb edir. İraqda və Suriyada baş verənlərin fonunda Azərbaycanda da radikallığa meylli qüvvələrin aktivləşəcəyi ehtimalı güclüdür. Bu baxımdan hazırkı dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə kimin rəhbərlik edəcəyi xüsusi əhəmiyyət daşıyır. Mübariz Qurbanlı dövlətçilik təcrübəsinə malik, ictimaiyyət tərəfindən kifayət qədər tanınmış, dini durumdan məlumatlı şəxslərdən biridir. Onun bu vəzifənin öhdəsindən necə gələcəyini zaman göstərəcək. Kimliyindən asılı olmayaraq bu vəzifədə çalışacaq insanın üzərinə çox böyük məsuliyyət düşür. Uzun müddət bu vəzifənin boş qalması dini durumda gərginliyi daha da artıra bilər. Dini durumda mövcud xoşagəlməz halların qarşısı indidən alınmasa, gələcəkdə Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə qala bilər”.
M.Qurbanlının komitə sədri təyin olunması ilə əlaqədar Milli Məclisdə boş deputat yerlərinin sayı dördə çatır. “Media forum” bildirir ki, iyulun 21-dək parlamentdə üç deputat yeri boş olub. Prezident İlham Əliyevin deputat Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin etməsi parlament üzvlərinin sayını bir nəfər də azaldır, Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verməlidir. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Beləliklə, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi deputatsız qalacaq. Hazırda 19 saylı Nərimanov, 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev 2013-cü ilin martında avtomobil qəzasında həlak olub. 19 saylı dairədən deputat Əli Əhmədov isə ötən il oktyabrın 22-də baş nazirin müavini təyin edilib və mandatını təhvil verib.
Yeri gəlmişkən, M.Qurbanlı bu ilin ilk ayında 60 yaşının tamamı münasibətilə qəzetimizə müsahibəsində “YAP sədrinin birinci müavini Əli Əhmədov kimi hökumətdə təmsilçiliklə bağlı irəli çəkiləcəyinizi gözləyirsinizmi? Hesab edirsinizmi ki, artıq parlament mərhələsi sizin üçün bitib və komandada yer almağınızın vaxtıdır” sualına maraqlı cavab vermişdi. O, “Şəxsən mən indiki fəaliyyətimdən, işimdən çox razıyam. 60 yaşın özü də ambisiyaların bitdiyi yaş olduğuna görə heç bir ambisiyam yoxdur” demişdi. Ancaq üstündən 6 ay keçəndən sonra M.Qurbanlının vəzifəyə təyin olunması maraqlı haldır. Görəsən, YAP funksioneri özü bu təyinatı gözləyib, yoxsa onunçün də gözlənilməz olub. M.Qurbanlı publika.az-a açıqlamasında bildirib ki, prezidentin etimadını doğruldacaq.
“Cənab Prezident mənə etimad göstərdi, biz də bu etimadı doğrultmağa çalışacağıq. Amma indi ətraflı danışa bilmirəm, məşğulam. Bu barədə ətraflı sonra danışacam”,- deyə yeni komitə sədri bildirib.
Bir məqamı da qeyd edək ki, bu posta ən şanslı namizəd kimi YAP üzvü, sabiq deputat Səyyad Aranın adı çəkilirdi. Ən azı ona görə ki, E.İskəndərov bu il mayın 2-də komitə sədrliyindən azad ediləndən sonra komitə sədrinin səlahiyyətlərini sədrin birinci müavini S.Aran həyata keçirib və o, hakim partiyanın sadiq üzvlərindən idi. “Media forum” saytına açıqlamasında S.Aran M.Qurbanlını komitənin sədri vəzifəsinə ən layiqli namizəd kimi dəyərləndirib: “Bu, çox gözəl təyinatdır. Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə ən layiqli namizəddir. Mübariz Qurbanlının dövlətçilikdə böyük xidməti var, Azərbaycan parlamentarizminin tanınmış nümayəndələrindən biridir. Eyni zamanda keçdiyi həyat təcrübəsi, elmi səviyyəsi və digər xüsusiyyətləri onu bu vəzifəyə yüzdə-yüz layiq edir”.
Qeyd edək ki, bu, son prezident seçkilərindən sonra YAP rəhbərliyindən ikinci şəxsin yüksək vəzifəyə aparılmasıdır. Bundan əvvəl isə YAP icra katibi Əli Əhmədov baş nazirin müavini təyin olunmuşdu. Uzun illər YAP rəhbərliyində təmsil olunan bir sıra şəxslərin yüksək vəzifələrə aparılmamaları hakim partiyanın idarəolunmasında iştirak edən bir sıra şəxslər arasında narazılığa səbəb olmuşdu. İndi isə onlara vəzifə qapısı açılır, dövlət idarəçiliyində irəli çəkilirlər. Bu, həm də son vaxtlarda baş verən bir sıra hadisələrin nəticəsidir. Hakimiyyətin bəzi kadrları ilə bağlı müəyyən şübhələrin olması yüksək vəzifələrin daha inanılmış şəxslərə tapşırılmasını zəruri edir. Hakimiyyət daxilindən gələn məlumatlara görə, bu proses davam edə bilər. Buna görə də qarşıdakı aylarda bir sıra vəzifəli şəxsləri postlarında YAP rəhbərliyində təmsil olunan digər şəxslər əvəzləyə bilər.
M.Qurbanlının Dini Komitəyə sədr təyin edilməsi isə cəmiyyətdə şok effekti doğurub. Azərbaycanda dini sahədə vəziyyətin o qədər də yaxşı olmadığı indiki vaxtda bu sahəyə yad bir şəxsin təyin edilməsi birmənalı qarşılanmır.