Yaxud vəzifədə olanların kimliyi
YAP icra katibinin müavini Siyavuş Novruzovun “mediaforum”a müsahibəsində xeyli məqamlar var ki, münasibət bildirməmək düzgün olmazdı. Siyavuş Novruzov müsahibə zamanı sübut etməyə çalışıb ki, heç kim zorla YAP-a üzv edilmir və vəzifəlilər arasında da YAP üzvü olmayanlar var:
“Bu gün insanlar kifayət qədər təcrübə toplayır, karyera yollarını keçir, sonra vəzifəyə götürülürlər. Azərbaycanda başqa partiya nümayəndələri, bitərəf olan vəzifəlilər də var. Baş nazir Artur Rasizadə, onun müavinləri Elçin Əfəndiyev, Abid Şərifov YAP üzvü deyillər. Azərbaycanda təkpartiyalı sistem deyil ki, hamı bir partiyanın üzvü olsun. Ölkənin idarə edilməsində bütün insanlar iştirak edir. Hazırda altı-yeddi nazir, bəzi komitələrin sədrləri YAP üzvü deyillər. Eyni zamanda bəzi rayon və şəhər icra hakimiyyətlərinin başçıları, müxtəlif dövlət vəzifəsi tutan şəxslər arasında YAP üzvü olmayanlar var”- deyə Siyavuş Novruzov bildirib.
Hakimiyyət təmsilçilərinin “repertuar”ına nəzər salanda, bir daha təsdiq olunur ki, yalan danışmaq üçün də bacarıq lazımdır. Ancaq Siyavuş Novruzov elə yalan danışır ki, nəinki 40 gün, heç 40 dəqiqə də ömrü olmur. Əvvəla, YAP-a məcburi üzvlük həyata keçirilməsəydi, bu gün kağız üzərində 620 min YAP-çı olmazdı. Ikincisi, YAP üzvü olan şəxslərin əksəriyyəti bir qayda olaraq bu partiyanı seçmələrini belə izah edirlər. “Vallah işimin xatirinə üzv olmuşam, heç qərargahlarının yerini də bilmirəm”, “Müdiriyyət məcbur etdi ki, hamınız YAP-a üzv olmalısınız”, “Üzvlükdən imtina etsəm, bir bəhanə ilə ixtisara salacaqlar”. Bu tipli əsaslandırmalar yüzlərlədir və YAP-ın hansı meyarlar üzrə böyüdüyünü sübut edir.
Yuxarıdakı sitatdan da görünür ki, Siyavuş Novruzov YAP üzvü olmayan vəzifəlilərdən danışır və Abid Şərifovun, Artur Rasizadənin, Elçin Əfəndiyevin adını çəkir. Görəsən canab Novruzov nə vaxt sağlam arqumentlərlə bizi təəccübləndirəcək?
Artur Rasizadənin, Abid Şərifovun, Elçin Əfəndiyevin YAP üzvü olub-olmamasının nə fərqi var? Bu adamlar YAP-çılardan artıq YAP-çı deyillərmi? Artur Rasizadənin bugünə qədər, hətta 40-cı dərəcəli məsələyə tənqidi münasibət bildirdiyini görən olubmu? Bu adamların cibində müxalifət partiyasının vəsiqəsi olsa, nəsə dəyişəcəkmi?
Digər nazirlərə gəlincə, qanuna görə hüquq mühafizə orqanları bitərəf olmalıdır. Azərbaycanda bitərəfliyini qoruya bilən nazir varmı? DIN, MTN və digər qurumlar YAP hakimiyyətinin sifarişi ilə fəalları həbs etmirmi, hakimlər PA-dan gələn göstərişlə hökm oxumurmu?
O hansı icra başçısıdır ki, başının üstündə Heydər Əliyevin, Ilham Əliyevin şəkilləri qoyulmayıb? O hansı icra başçısıdır ki, rəhbərlik etdiyi rayonda Ilham Əliyevin, Heydər Əliyevin aforizmlərini plakata çevirməyib?
Siyavuş müəllim, özünüzü yormayın. Hamı gözəl bilir ki, YAP hakimiyyəti həqiqi bitərəfliliyi inkar edir və cibində olmasa belə, ürəyində YAP-ın vəsiqəsini daşımalısan. Əks halda, vəzifəni yalnız xəyal etmək mümkündür.
Siyavuş Novruzov onu da əlavə edib ki, bu gün insanlar kifayət qədər karyera yollarını keçəndən sonra vəzifəyə götürülür. Bəli, bu ölkədə YAP-a sədaqət ən uğurlu karyera yoludur.